Müləvvəh bölgüdə qəbilənin ən qoluqüvvətlilərini Fəttahın dəstəsinə yerləşdirmişdi, öz dəstəsində isə iki nəfərdən başqa qalanı uşaqlar idi. Odur ki, öz iki döyüşçüsünə uşaqları qorumaq üçün kənara çəkilmək əmri verib, meydanda tək qaldı.

Nofəlin yanında olmasından Fəttahın qollarına əlavə güc-qüvvə gəlmişdi. Belə bir ağır döyüşdə imkan tapıb böyüklərdən geri qalmayan Nofələ təriflər yağdırırdı:

– Əla vuruşursan, Nofəl!… Səni Allah qorusun, Nofəl!… Sən hamıdan güclüsən, Nofəl!…

Fəttah on nəfərə qarşı vuruşmağın Müləvvəh üçün çox çətin olduğunun fərqinə varsa da, özünü görməzliyə vurub beyninin bir küncündə onun öləcəyinə, yolundakı səddin aradan qalxacağına ümid edirdi. Özünə rəqib gördüyü biri əbədi olaraq yolundan çəkilsə, bəlkə də, onu qəbilə başçısı seçəcəkdilər. Hər halda, ümidini üzmürdü. Üzünü çevirəndə Nofəli yanında görmədi, sağa-sola boylandı. Birdən qarşı tərəfdə – karvanın o biri üzündə kürəyini Müləvvəhin kürəyinə söykəyib vuruşan Nofəli görəndə qəzəbindən zəncir çeynədi.

Döyüşü udub dörd qulduru əsir götürdülər. Müləvvəh əlini Nofəlin çiyninə qoyub:

– Artıq əsl karvanbasansan. Əhsən sənə! – deyə onu öydü.

Nofəlin igidliyi haqqında söz-söhbətlər sürətlə bütün qəbiləyə yayıldı. Zarafat deyil, o, qəbilənin günəşi Müləvvəhi qorumuş, bəlkə də, ölümdən xilas etmişdi. Bundan sonra qəbilədə Müləvvəh deyəndə Nofəl əl-Amiri, Nofəl deyəndə Müləvvəh yada düşürdü. Müləvvəh Nofələ ən qiymətli parçalardan əlbisələr almışdı, Rüqəyya onun sevdiyi yeməkləri bişirirdi. Şahinlərini qollarına qondurub, kəklik ovlayıb həyatdan ləzzət alırdılar. Müləvvəh övladsızlığı unutmuşdu, Nofəl isə arxasında ata-ana əvəzi onları görürdü. Bu üçlük nə qədər xoşbəxtiydisə, Fəttah və Sayda bir o qədər kin-küdurətliydi.

Ramazan ayının son həftəsi qazanlar asılmış, dəvə əti yağda qıpqırmızı qovrulmuş, sini-sini plovlar ortalığa düzülmüşdü. Bir azdan bütün qəbilə başçı əl-Müləvvəhin qurduğu böyük süfrədə iftarını açacaqdı. Uca Allaha şükranlıq duaları oxunduqdan sonra qəbilənin böyükləri dünyanın gərdişindən, on bir ayın sultanının fəzilətindən söhbətlər edir, gənclər qulaq asırdılar. Əslində, Ramazan ayının ən böyük qazancı da səmaya bülənd olan duaların çoxalması ilə yanaşı, ağsaqqallar və elm adamlarının onlara ünvanlanan sorğulara sual verənlərlə birlikdə cavab arayışına çıxmalarında idi. İl ərzində hansısa səbəbdən övladlarının üzünü görməyən atalar onların çəkinmədən hamının yanında verdiyi sualı dinləyir, həm qürur duyur, həm də mənən ondan uzaq düşmüş övladının nə düşündüyünü bilirdi. Bu minvalla keçən Ramazan təkcə nəfsinə hakim olmağın sınaq ayı deyil, həm də dünyanı, kainatı, doğuluşu, ölümü, həyatın mənasını dərk ayı, elm ayı idi.

Əl-Amiri tayfasının əldə etdiyi qənimətlərin satışı ilə məşğul olan, hər il ən böyük bazarlarda alış-veriş edib dünyanın hər yerindən məlumatlı olan əl-Qasımi adlı qoca vardı. O həm də Fəttahın əmisi, böyüdüb yetişdirən ata əvəzi idi. Tanıyanlar bilirdilər ki, ondakı təkəbbür, dikbaşlılıq əmisindən keçib. Əl-Qasımi özünü ən təcrübəli, ağıllı insan, ən maraqlı həmsöhbət kimi təqdim etməyi, beyinlərə yanlışı da doğru kimi yeritməyi, qarşısındakının gözünü boyayıb özünə sayğı duydurmağı əla bacarırdı.


***

Uzun yay gecələrində hündürdən süzülən bədəvi qəhvələrindən kimsə doymur, söhbət uzandıqca uzanırdı. Bu dəfə Nofəl Fəttahın əmisinə elə bir sual verdi ki, hər kəs susub qəbilənin qəhrəmanının hansı cavabı alacağını maraqla izləməyə başladı:

–Pislikləri kainatda kim yaradıb?

Günahlara yaranışdan Yer kürəsi nədən batıb?

Yaxşılığa yamanlığı, xeyrə şəri, insanlığa iblisləri kim cırnadıb?