İbadətmi yer üzünün çıxış yolu? Yoxsa ölüm?…

Təkəbbüründən yeri-göyü titrədən, özünü hamıdan ağıllı sayan Əl-Qasımi hiss etdirməsə də, ürəyinin dərinliyində “bu yetimçəni belə elmli kim böyüdüb?” deyə narahat halda dərin fikrə getdi. Hər kəs Əl-Qasımidən cavab gözləyirdi. O, Nofəlin şeir kimi səsləndirdiyi sualına dolğun bir cavab verməyə çalışdı:

– Bax, cavan oğlan, dünyanın gərdişinə nüfuz etdikcə cavabsız suallar da artır. Bəşər övladı dünyaya gələndən bu yana bəzi suallara cavab tapmayıb. Çıxış yolu üçün isə Allah insanlara bütün suallara cavab verən bir kitabı – Quranı göndərib. O, dünyanı dərk eləməyin mənasız və həddən artıq sualların cavabsız olduğunu bildiyindən Quranda təkcə suallara cavab vermir, həm də əmr edir. Allahın əmrindən çıxmaq, yeni suallar verərək şəkk gətirmək isə şirkdir…

Müləvvəh iftarın başa çatdığını bildirib, ayağa qalxdı. Səid ona yaxınlaşıb, tərəddüdlə dilləndi:

– Heç bilmirəm, sənə necə deyim, amma deməliyəm. Yenə də şükür məsləhətinə.

– Buyur, səni dinləyirəm, – deyə Müləvvəh onu ürəkləndirdi.

– Ey Müləvvəh, sən bilirsən ki, bizim Şeybani nəslində qürur duyduğumuz bir adam var.

– Bilirəm, Yəzid ibn Məzyəd Şeybanini deyirsən.

– Hə, başımızın tacı ibn Məzyəd, çox şükürlər olsun ki, xəlifəmiz Harun ər-Rəşidin yanında sevimli əshabələrdən biridir. Bizim Nofəlin də dayısıdır. Sağ olsun, həmişə zavallı bacısının tifili ilə maraqlanıb. Sənə hörməti çox böyükdür deyə bu günə kimi uşağı qəbilədən ayırmaq istəməyib. Amma deyir, artıq zamanı gəlib, Nofəli igid bir sərkərdə kimi yetişdirməliyəm. Nofəlin getməyə razı olub-olmayacağını bilmirəm. İndi hər şeyə sən qərar ver. İbn Məzyədə nə cavab verək?

Əl-Müləvvəh fikrə getdi. Oğlu qədər sevdiyi Nofəlin gedəcəyi fikri ürəyini sıxdı. Arvadı Rüqəyyanı düşündü. O bu ayrılığa necə dözəcəkdi?! İçindəki təlatümləri boğub, toxtaq cavab verdi:

– Mən Rüqəyyanı birtəhər yola gətirərəm. Deyərik ki, dayısı ibn Məzyəd Nofəli görmək istəyir. Getsin, görüşsün, tez bir zamanda qayıdacaq. Sonrası Allah kərimdir. Allahın əmrindən kimsə çıxa bilməz. Hansı xeyirlidirsə, onu yalnız uca Yaradan bilir…


III fəsil


Bu dünyada heç kim ömrü boyu olduğu kimi görünmür. “Elin gözü tərəzidir” desələr də, çəki daşları insanların əyarlarına görə şəxsiyyətlərə qiymət verir. Çəki daşları dəyişməyincə əyarlar da dəyişmir. Dünən qorxaq kimi tanınanlar bu gün nadir hallarda qəhrəman kimi görünür. Bəzən çox kasıb biri ağıllarda varlı, ağıllı isə dəli kimi, xəstə və zəif olan güclü və sağlam kimi görünüb elə də qəbul olunur. Buna alın yazısı da, xüsusi bir bacarıq da demək əsassız olmaz.

Tarixin yetirdiyi belə şəxsiyyətlərdən biri də Abbasilər sülaləsinin xəlifəsi Harun ər-Rəşiddir. Lap gəncliyindən haqqında dolaşan əfsanə və rəvayətlərə əsasən, Harun nə qədər yağ-bal içində böyümüş, dünyanın bütün naz nemətlərini dadmış, səxavətli, həm də ən güclü və amansız kimi görünür, amma nədənsə heç kəs onun həyatının keşməkeşlərini, hökmdarlıq elədiyi illərin İslam tarixinin ən çətin dönəmi olduğunu, o illərdə Peyğəmbər nəslindən olan davamçıların bir-biri ilə amansız surətdə çəkişdiyini, saysız-hesabsız təriqətlərin hərəsinin yorğanı öz tərəfinə çəkdiyini heç kəs yada salmır. İnsanları Harunun eyş-işrətdə keçən günləri, dünyadan həzz alması ilə bağlı söz-söhbətlər daha çox maraqlandırır, bu barədə əfsanələrə daha çox inanırlar.

Abbasilər xilafətinin üçüncü xəlifəsi Məhəmməd ibn Abdullah əl-Mehdinin və yəmənli kölə Xeyzuranın oğlu Harun şahzadə olsa da, anasının da çəkdiyi əzab-əziyyətlər bahasına, böyük çətinliklə hakimiyyətə gələ bilmişdi. Xilafətin ən çətin dövründə xəlifə elan olunsa da, Harun müsəlman tarixində, bəlkə də, heç bir hökmdarın etmədiyini etmişdi. Onun üçün ətrafındakıların haralı olması önəmli deyildi, çalışırdı ki, xilafətin əhatə etdiyi hər bölgədə, hətta ucqarlarda belə, dövlətə yararlı biri varsa, saraya gətirib dövlət maraqları naminə orduda, idarəetmə və ticarətdə ondan istifadə etsin.