Şeybani qəbiləsinin başçılarından olan Yəzid ibn Məzyəd karvan yollarını nəzarətdə saxlayan səhra komandiri idi. Əmisi Məyan ibn Zaidə xəlifə əl-Mehdinin yaxın adamlarındandı. Xorasanda üsyan başlayanda əmisi onu xəlifəyə təqdim edib, üsyanı yatıracağına təminat verdi. Yəzid bu vəzifənin öhdəsindən layiqincə gəldiyindən xilafətin ucqarlarında – hələ də ram olmaq istəməyən Azərbaycanda qayda-qanun yaratmaq üçün hakim təyin edildi. Bir il Azərbaycan hökmdarı olduqdan sonra artıq yeni xəlifə təyin olunmuş Harun ər-Rəşid Bizans yürüşü zamanı onu yanına çağırdı, inanılmış sərkərdələrdən biri kimi özü ilə döyüşə apardı.
Valid ibn Tarifinin xəzinəni talan edib aradan çıxması, ibn Məhanın öz vəzirinin toruna düşüb xalqı narazı salması və üsyana sürükləməsi Harun ər-Rəşidi hiddətləndirmişdi. Xəyanət etmiş birinin qaçıb gizlənməsi dövlətin əsaslarına böyük təhlükə olduğundan xəlifənin əsas tapşırığı ibn Tarifinin tezliklə tapılıb edam edilməsi idi. Onun inandığı sərkərdələrindən Yəzid ibn Məzyədi yenidən Azərbaycan hökmdarı təyin etməkdən başqa çarəsi qalmırdı…
Səhrada böyümüş bədəvinin birdən-birə Şərqin böyük şəhərlərindən birinə yerləşməsi Allahın lütfü idi. Nofəl ilk günlər bir az darıxsa da, hər gün aldığı qılıncoynatma, atıcılıq dərsləri, hərb sənətinin incəliklərinə yiyələnmək bütün vaxtını alır, darıxmasına imkan vermirdi. Dayısı bir neçə gün əvvəl ona bir kisə qızıl pul verib, əshabələrindən Musa əl-İbrahimini də ona qoşmuşdu ki, Bağdad bazarında gəzib ürəyi nə istəsə, alsın.
Musa Nofəli bir-birindən gözəl geyimlərin satıldığı sıraya gətirdi. Çoxdan tanış olduğu tacirə yaxınlaşıb, salam-kəlamdan sonra:
– Bizim bu şahzadəyə gərək dünyanın ən gözəl libaslarını verəsən, – dedi.
Nofəl utanıb “Mən axı şahzadə deyiləm”, deyə astaca etiraz etsə də, Musa Yəzidin Azərbaycana hökmdar təyin edildiyini və deməli, Nofəlin də şahzadə olduğunu dedi: “Sən heç ömründə dünyanın müxtəlif ağacları, gülləri, otlarını, quşları, vəhşi heyvanlarını bir arada görmüsən? Səhralıqda ən çox gördüyümüz uzaqbaşı xurma, sərv ağacları idi. Arranın paytaxtı Bərdə isə əsl cənnətdir. Sən də artıq o cənnətin şahzadəsi, Allahın sevimli bəndəsisən”.
Nofəl burda olduğuna sevinsə də, Müləvvəhdən və Rüqəyya anadan uzaq düşəcəyinə görə narahat idi. Onları əmisi Səiddən, dayısı Yəziddən də çox istəyirdi. Bağdad kimi gözəl bir şəhərdə sarayda qul-qaravaşın əhatəsində olsa da, Müləvvəhin çadırı ona ən doğma yuva, Nəjdin qumu ən güvənli torpaq idi. İndi Bərdəyə – dünyanın cənnətinə getməmişdən əvvəl çox istəyirdi ki, Müləvvəh də, Rüqəyya da onu bu şahzadəyə layiq geyimdə görsünlər.
Səhər tezdən çapar Yəzid ibn Məzyəddən əmr gətirmişdi: “Bizimkilərin təcili Arrana köçürülməsi zərurəti yaranıb. Məşhur İpək yolu burdan keçir. Mən öz qəbilələrimin burda olmalarını istəyirəm. Dövlətin rifahı və əmin-amanlıq naminə bizimkilərin burda olması zəruridir. Kimsə gəlmək istəməsə, məcburi deyil. Amma başa salın ki, mənim buna ehtiyacım var. Bir də bu xəbəri hər iki qəbiləyə Nofəl çatdırsın. Sən də onunla get!”
Bağdadın havası qeyri-adidir. Bu şəhərdə gün səni yandırsa da, zərər vermir. Səhər tezdən isti təndir çörəyinin ətri ətrafı bürüyür. Yuxudan oyananda ac olmasan belə, o ətirli çörəyin xətrinə qəhvəaltı edərsən. Musa Nofəli lap erkən oyatmış, o, yuyunub gələnə kimi xidmətçilər yeməyini süfrəyə düzmüşdülər. Musa onun tələsik yediyini görüb qəhqəhə çəkdi:
– Bilirəm, oralar üçün darıxırsan. Amma tələsmə, yaxşı ye ki, yolun uzaqlığı, istisi səni yormasın. Biz qəbilələrimizə müjdəni verib, onları toparlayıb, karvanları yola düşdükdən sonra özümüzü Bərdəyə çatdırmalıyıq. Arranda vəziyyət pisdir. Üsyan hələ də yatırılmayıb, camaat Valid ibn Tarifinin tapılıb edam edilməsini tələb edir. Oranın adamları mərd və qorxmazdır. Xəlifə üsuli-idarəsindən olan birinin xalqı bu qədər qəzəbləndirməsi, əslində, camaatı Əmir əl-Mömininə qarşı qaldırmaqdır… Biz ərəblər Arrana girmək, dinimizi onlara qəbul etdirmək üçün nə qədər qan tökdük, qılınc gücünə dinimizi qəbul etdirdik, amma bu, əbədi davam edə bilməz. İndi biz onlarla qaynayıb-qarışmalı, dinimizin necə mütərəqqi bir din olduğunu sübut etməliyik…