– Hökmdar, müjdə, qurtulduq! Qarşı sahildə böyük bir qoşun var. Qurban olduğumuz xəlifə bizə yardım göndərib.
İbn Məhanın üzü qorxudan bumbuz oldu. Bilmədi sevinsin, ya kədərlənsin. “Axı, mən Allahın seçilmiş bəndəsiyəm, yəqin ki, xəbər Xəlifəyə çatıb, mənə köməyə qoşun göndərib”. Çadırdan çıxıb sahilə qaçmaq istəsə də, pis xəbər alacağından qorxub yerindən tərpənmədi. Onu bu gahgir vəziyyətdən qarşı sahildən gələn əsgərlər qurtardı: – Bizimlə gedək, – dedilər.
İbn Məhanın ayaqlarından, elə bil ki, daş asılmışdı, addımını ata bilmirdi. Nə qədər sorğu-sual eləsə də, qarşı sahildən gələn əsgərlər lal-dinməz hərəkət edir, onun çaydan keçməsini tezləşdirirdilər. Onu ortadakı böyük çadırın önünə gətirib “keç içəri!” dedilər. Yerində donub qaldığını görən əsgərlər qollarından tutub içəri atdılar. İbn Məhan parıltılı dəri çəkmələrin önündə üzü üstə yıxılıb qaldı. Başını qaldırmağa qorxurdu. Çəkmələrin sahibinin hökmlü səsi gəldi:
– Vəzirin hardadır?
– Ərməniyyəyə qaçıb.
– O, vətən xainidir… Sən də! Aparın bunu, gözüm görməsin! Onun taleyini ulu hökmdar, xəlifəmiz özü həll edəcək.
Keşikçilər ibn Məhanı elə götürüb apardılar ki, onunla söhbət edənin Azərbaycanın yeni hökmdarı Yəzid ibn Məzyəd olduğunu da anlamadı.
II fəsil
Nəcd dağının ətrafından keçən bütün dəvə karvanları onlara haqq verir, bilirdilər ki, kimsə inad edib o qəbilənin başçısı ilə dil tapmırsa, sanki yerin altından çıxan bir dəstə adam bir anda karvanını tar-mar edir, ən yaxşı halda karvandakıları dəvələri ilə birlikdə əsir götürür, sonra isə həmin dəvə və əsirləri karvan sahiblərinə qızıl pula satırdılar.
Onlar özlərini insanların malını, canını qoruduqlarına, Allah qarşısında təmiz olduqlarına inandırmışdılar. “Biz olmasaq, ticarət ölər, – deyirdilər, – o qədər quldur dəstəsi yaranar ki, hansı karvanı kimin talan etdiyi bilinməz”. Onlarla dil tapmağı artıq hökmdarlar da sərkərdələrinə əmr etmişdilər. Bəzən bir qoşundan da güclü olurdular. Hardan gələcəkləri, nə zaman hücum edəcəkləri bəlli olmazdı. Bu, bədəvilərin sirri idi, heç bir dövlətə, hökmdara boyun əyməzdilər.
Harun ər-Rəşid tədbirli davranıb bu tayfanın bütün Ərəbistana səpələnmiş karvan yollarına nəzarət edən bir neçə tanınmış başçısını saraya gətirməklə, onları tam nəzarətə götürdü. Etibarlılığı ilə tanınan Bəni-Əmir qəbiləsinin üzvlərini Harun ər-Rəşid şəhərlərə, böyük ərazilərə öz nümayəndəsi təyin etmişdi.
Qəbilənin başçısı əl-Müləvvəh ibn əl-Müzahim idi. Lap gənc yaşında qəbilə başçısı olan atası onu sevdiyi qızla evləndirmişdi. Amma əl-Müzahim bu dünyadan nakam köçdü. Oğlu Müləvvəh on ildir evlənsə də, övladı yox idi. Əl-Müzahim ölməmişdən bir müddət əvvəl Həcc ziyarətinə gedib Kəbə evində xeyli dua etmişdi. Ziyarətdən qayıdandan sonra yuxuda görmüşdü ki, səhralıqdakı uzun saçlı, qara gözlü bir uşaq ona əl edib çağırırdı. O, hər dəfə yaxınlaşanda gözdən itən uşaq az sonra görünür və yenidən yoxa çıxırdı. Birdən qum tufanı başladı. Güclü külək burulğan yaradıb, qaragözlü körpəni də sovurub özü ilə apardı… Yuxudan ayılanda oğlu əl-Müləvvəhi yanına çağırıb dedi:
– Artıq əminəm ki, mənə nəvə görmək qismət olmayacaq. Bilirəm, sən Nofəllə təskinlik tapırsan, amma nəslimin davamçısının olmayacağını fikirləşəndə məni nisgil bürüyür. Sənə yüz dəfə dedim başqa qadınla evlən, dedin ki, Allah məsləhət bilsə, buna da övlad verər. Həyatına qarışmaq istəmədim. Bizimki də belə gətirdi. Buralar bizə düşmədi. Kimə salam verirsən, sənin sonsuzluğunu eşitdirir. Nifrət edirəm buralara. Sənə vəsiyyətimdir, köç get bu yerlərdən. Bəlkə də getsən, həyatın dəyişəcək…