Yazdığı donosu tezdən Bakıya yola saldı. Tezliklə Talıbın qətlinə fərman veriləcəyi günü gözləyirdi…


3

Çoban Hümbət qoyunları Soltanbuda doğru sürdü. Payızın ilk aylarında ot dizdən idi. Qoyunların yamyaşıl otu acgözlüklə içəri ötürmələri ona ləzzət edirdi. İri bir çinarın altında uzanıb günəşdən sərinlənir, arabir də qoyunlara baxırdı. Amma yuxu onu tez bir zamanda ağuşuna aldı. Ayılanda ala-toran vaxtıydı. Sürü gözünə dəymirdi. Neçə illər idi ki, əvvəlcə Əmiraslan bəyin, indi isə Talıb bəyin çobanı idi. Bu vaxta qədər sürüdən bir quzu da it-bata düşməmişdi.

      Sürünün yoxa çıxması onun ürəyini ağzına gətirmişdi. Hümbət sürünü axtara-axtara xeyli yol qət etdi. Ən qorxduğu şey isə o idi ki, İlyasbudun dərinliklərində ac canavarlar sürünü də, onun özünü də parça-parça edərdi. Amma hələlik nə qoyunlar, nə də canavarlar gözə dəyirdi. Hava artıq qaralmış, süd kimi ay bəxtindən aydınlıq gətirmişdi. Yoxsa zülmət qaranlıqda bağrı yarılardı.

Meşənin dərinliyinə doğru getdikcə ay işığı iri gövdəli ağacların çətirindən görünməz olurdu. Birdən zülmət qaranlıq ətrafı bürüdü. Önündə iki göz parlayırdı. Amma get-gedə bu gözlərin sayı artırdı. Canavar sürüsü onu dövrəyə almışdı . Öndəki iri gözlər ona yaxınlaşırdı. Hümbətin boğazı qurumuş, nəfəs alması çətinləşmişdi. O, qorxudan qışqırmaq istəsə də səsi boğazında ilişib qaldı. Birdən Hümbət anladı ki, o, canavar kimi ulayır:

– A-u-u-u-u…

Atəş səsləri onun ulartısını kəsdi. Bayaqdan bəri qaranlıqda sayrışan gözlər yoxa çıxmışdı. Qeyri-ixtiyari yerə uzandı. Bir qədər geri çevrilmək istədikdə əlləri insan çəkmələrinə ilişdi. Başını qaldırıb ona tərəf tuşlanmış tüfəngi indi gördü…

İnsanlardan uzaqda meşənin dərinliyində tək-tənha canavarların əhatəsində qaldığı bir zamanda kimliyindən asılı olmayaraq bəni-adəm övladı ilə qarşılaşmaq onu sevindirdi…

– Kimsən ə? Qalx ayağa.

Hümbətə bu səs tanış gəlsə də, hələ kəsdirə bilmirdi ki, ona tüfəng tuşlamış bu şəxs kimdir.

Ayağa qalxdı. Öndəki tüfəngin arxasından ona tərəf daha dörd tüfəng tuşlanmışdı. Öndəki əli tüfəngli bir qədər də yaxına gəldi.

Aman Allah, bi ki Əmiraslan bəyin oğlu Məmmədrəsul idi.

– Ağa, mənəm, Hümbət. Məni tanımadınmı?

Məmmədrəsul heç nə demədən arxası tərəfə çəkilib, – gəl dalımca, – dedi. Öndə işıqlıqda o ağasının sifətini tam yəqinliklə gördü. Bir vaxtlar mahalın ən laçın oğlu olan Məmmədrəsul sərtləşib kişiləşmişdi.

– Ağa, Allah razı olsun. Sən olmasaydın canavarlar məni parçalayacaqdı.

– Ay gədə, burda neynirsən. Düzünü de. Yoxsa mənim dalımca

göndəriblər səni?

– Qurbanın olum, ağa, yuxuya qaldığımdan qoyun-quzunu itirmişəm, sanki qeybə çəkiliblər. Sürünü axtara-axtara gəlib bura çıxmışam.

– Yalan deyirsən, məlun. Səni bura öyrədib göndəriblər, – artıq xeyli

müddətdi ki, Məmmədrəsul bəylə meşələrə çəkilən, Ağcabədinin Kəbirli bəylərindən olan Soltan bəy dilləndi.

Neçə vaxtdı ki, meşədə həyat sürən Soltan bəy sanki vəhşiləşmişdi. O

hər kəsdən şübhələnirdi.

Hümbət: – Ağa, niyə hirslənirsən, bizim nəsildən satqın çıxmayıb,

bunu Məmmədrəsul bəydən də xəbər ala bilərsən.

Məmmədrəsul hələ də sərt və səbirsiz olaraq qalırdı:

– Eh Hümbət, bəylik qoydular ki, qalsın bizdə. Sən mənə de görüm

Şəhrizad necədir, Talıbdan nə xəbər?

– Ağa, hamı yaxşıdır. Təkcə səndən nigarandırlar. Mehtər oğlu

İsmayıl deyirdi ki, Şəhrizad xanım qardaşı Məmmədrəsulu görmək üçün bütün dünyanı qurban verər…

– Kimə qurban verəcək bu dünyanı, bolşeviklərə? Dünya onlara qalmayacaq… Qisasımı almayınca, bacıma de, dünyadan əl çəkən deyiləm.

– Ağa, bəs mənim qoyunlarım?

Məmmədrəsul ucadan şaqqanaq çəkib güldü: