…Ziya bəyin yasının üçüncü günü Talıb qərar verdi. Şəhrizadın gündən-günə əriyən vücuduna sadəcə baxıb üzülməklə sevgilisinə yardım edə bilmirdi. Nəyin bahasına olursa-olsun Amanbəyliyə qayıtmalıydılar. Ata yurdu Şəhrizadın yaralarını bəlkə də bir qədər ovudardı…

***

Atlılar Soltanbud meşəsinin ən qalın yerində dayandılar. Öndə gedən Məmmədrəsul bəy atını durdurub başlarını bir-birinə söykəmiş beş çinar gördü. Bu çinarların budaqları qol-boyun olub bir-birinə sarılmışdı. Yarpaqlar yuxarıda cərgələnib birləşərək çətirlənmiş, bu çətirin altında sərin kölgəlik yaratmışdı.

Atını ağacların ortasına sürdü. Yolçular da atdan enib çətirin altında özlərinə yer elədilər. Məmmədrəsul bəy başını qaldırıb ağacları süzdü. Aman Allah, bu beş çinar neçə gün əvvəl qətlə yetirilən qardaşları idi. Ağaca çevrilib baş-başa verərək, kiçik qardaşları Məmmədrəsulu günəşin qızmar şəfəqlərindən qorumağa çalışırdılar. Yanındakılar görməsin deyə içində ağlayan Məmmədrəsul əllərini başının altında cütləyib yuxarı, yamyaşıl yarpaqlara baxdı…

Yeni hökumətdən narazı olan daha dörd bəy oğlu da ona qoşulmuşdu. Hər zaman qu quşu tükündən olan döşəklərdə yatan bəylər qərar vermişdilər, ətraflarına daha çox insan toplayıb bolşevik hökuməti ilə mübarizə aparacaqdılar. Onların qaçaq həyatı başlamışdı. Bu dəstənin başında duran Məmmədrəsul bəyin fikri qəti idi. "Bacımızı Qüdsiyə vermədik deyə bizdən qisas aldı. Atamın, qardaşlarımın ölümünə o bais oldu. Nədən o bolşevikləri birbaşa bizim kəndimizə gətirdi… Qüdsini öldürüb qisasını almayınca mənim məskənim bu meşələr olacaq…"


Fərrux Kürün qarşı sahilindən, “quru” bəylərin nəslindən idi… Fərruxu bu kəndə məktəb qurmağa göndərmişdilər. Realnı məktəbdə oxuduğu vaxtlardan bolşeviklərə qoşulan Fərrux əslində Bakıdan bu kəndə göndərilməsindən narazı idi. Amanbəyli adındakı “bəy” kəlməsini də özünə qarşı yönəlmiş söyüş kimi hiss edirdi.

Bəy sinfinə nifrət edirdi Fərrux. O, uşaqlıqdan bəri təmiz və yaraşıqlı bəy çuxasına, bəy balalarının qızıl kəmərlərindəki xəncərləri həyatının kabusu sanmış, gözəl, incə belli bəy qızlarına əl çatmaz xülya kimi baxmışdı. Gədədən bəy olmaz məsəli indi bolşeviklərin qorxusundan gizli söylənilirdi. Amma lap əvvəldən bu zərbi məsəli eşidəndə ona elə gəlirdi ki, “gədə” sözü birbaşa onun ünvanına söylənilir…

Bu nifrət onda hələ körpə vaxtlarından yaranmışdı…

Atasının hər səhər təmiz bəy paltarında Kürün sahilinə gəldiyini, burda əynindəki paltarları çıxarıb qamışın başına bağlayaraq Kürü keçdiyini görmüşdü… O biri sahildə köhnə paltar geyinən atası Amanbəylinin pambıq sahələrində muzdurluq edirdi. Günəmuzd qazandığı pula fayton tutub bəy paltarlarını geyinərək öz kəndlərinə qayıdırdı ki, desinlər bu kişi bəydi…

Onu və digər övladlarını ac-yalavac böyüdən atası öz kəndlərində muzdurluq etsəydi, bundan yaxşı dolanardılar…

Varlı-hallı, torpaq sahibi olan bəylərin birindən o birinə söz aparıb-gətirməklə baş girləyən atasının burnundan fırt eləyib düşməyi qədər ona bənzəyən Fərrux buna görə də daxilən özünə nifrət edirdi…

Atası uğursuzluğu ilə barışa bilmədiyindən anasını gecə-gündüz döyüb incidir, hirsini onlardan çıxan anaları da Fərruxu və digər qardaşlarını hər addımbaşı şillələyib çırpır, bu evin uşaqları nəvaziş nədir bilmirdilər…

Artıq Amanbəyliyə qayıtmış Talıb və Şəhrizad güzəranları üçün gecə-gündüz çalışırdılar. Sovet hökuməti onların bütün var-dövlətini əllərindən alsa da münbit Qarabağ torpağı, bir də hər ikisinin işgüzarlığı onların güzəranını günü-gündən artırır, bir-birini hələ də dəlicəsinə sevirdilər. Bir yaşında olan oğulları Turqaydan sonra, digər oğulları İlyas dünyaya gəlmişdi.