– Ə qırışmal, sənin qoyunların var? Bizim qoyunlar nə tez sənin

oldu? Arxa tərəfdə dərədədir, götür apar. Bacıma da de ki, gələcəm…

***

Hümbətin gəlib çıxmaması kənddə hamını təlaşlandırmışdı. Kənd

sovetinin sədri Sibir Qəzənfər camaatı səfərbər etmişdi. Hamı əllərində məşəl Soltanbuda tərəf gedib Hümbəti axtarırdı. Səhərə yaxın kəndlilər uzaqdan qaraltı gördülər. Sibir Qəzənfər atını ora çapdı. Hümbətə yaxınlaşıb şallağını çəkdi onu vursun:

– Hardaydın, ə. Camaatı qanbağır eləmisən. Arvadın saçın yolur.

– Qəzənfər qağa, azmışdım.

– Gəl tez ol, düş qabağıma…

Kəndin ağsaqqalı olan Sibir Qəzənfər özündən cavan olan kənd əhlinə övladı kimi baxırdı. Kənddə də hər kəs onun bir sözünü iki eləmirdi.

Kəndlilərin hələ uzaqda olduğunu görən Sibir Qəzənfər atın

üstündən Hümbətə səsləndi:

– Yaxın gəl və mənə diqqətlə qulaq as. – Hümbət yaxınlaşdı. – Bir də gedib başını qurd yuvasının ağzına soxma. Öz ağzını da möhkəm saxla…

Handan-hana Sibir Qəzənfərin nə demək istədiyini anlayan Hümbət:

– Qağa mən heç nə görmədim meşədə. Sadəcə azıb gedib oralara

çıxmışam. Meşədir də…

– Kəs…, – deyə Sibir Qəzənfər Hümbətə səsləndi, – mən sənə sözümü

dedim.

Məmmədrəsulu vəhşi qiyafəsində görüb çox məyus olan Hümbət indi bir az ürəklənmişdi. Deməli, Sibir Qəzənfər də Məmmədrəsulun buralarda, meşədə olduğunu bilirmiş… Kənddə də iclasda deyirdi ki, inqilabın düşmənləri ilə mübarizə aparaq… Hümbət çiyinlərini çəkdi. Çar dövründə uryadnikin adamını öldürüb Sibirdə dustaq yatmış Qəzənfər bu gün də kənd sovetinin sədridir. Bolşeviklər ona çar üsul-idarəsi ilə mübarizə aparmış qəhrəman kimi baxırdılar. Havayı yerə bu kişiyə Sibir Qəzənfər demirlər ki… Hümbət kəndlilərin yaxınlaşdığını görüb fikirdən ayıldı…

– Şükür ki, Hümbət tapıldı. Day dağılışın evinizə, – deyən Sibir

Qəzənfər Hümbətə səsləndi, – Talıba de yanıma gəlsin.

Talıb hər dəfə kənd sovetinin binasını görəndə dünya onun başına

fırlanırdı. Çünki onların evini kənd sovetinə, Əmiraslan bəyin evini isə məktəbə vermişdilər.

İndi Hümbət ona deyəndə ki, Sibir Qəzənfər səni çağırır, ayaqları

getsə də, ürəyi getmək istəmirdi.

Sibir Qəzənfər Talıbı övladı kimi qarşılayıb gecikdirmədən dilləndi:

– Bilirsən ki, mən dünyanın hər üzünü görmüşəm. Sizi istəyib

deyirəm… – Talıb Sibir Qəzənfərin nə demək istədiyini tam anlamayıb sual

dolu nəzərlərlə sovet sədrinə baxdı. Sibir Qəzənfər xısın səslə, – Məmmədrəsulu deyirəm, – dedi.

– Qəzənfər kişi, gör bir neçə vaxtdır mən onun üzünü görmürəm…

– Bilmirəm. Görürsən, ya yox… Amma onu bilirəm ki, onun

gördüyü işin axırı yoxdur. Tutub güllələyəcəklər. Kişilər o boyda dövlət qurmuşdular Bakıda. Axırı nə oldu? Ölən öldü, sağ qalan da pərən-pərən düşdü vətəndən… Əmin oğlu sizi də zibilə salacaq…

– Mənim əlimdən nə gəlir ki…

– Bax zəmanənin ən doğru cavabı budur. Bizim əlimizdən nə gəlir

ki? Başqa yolumuz yoxdur. Vallah belə getsə, ona görə kəndin də altını üstünə çevirərlər.

Talıb çiyinlərini çəkdi:

– Axı mən onun harada olduğunu hələ də bilmirəm.

– Yaxındadır. Uzaqda deyil. O ya təslim olmalıdır, Ya da Arazı

keçib qeybə çəkilməlidir. Nə vaxtadək meşələrdə canavar kimi yaşayacaq. İndi ətrafda biri öldürülən kimi ondan şübhələnirlər. Fövqəladə komissiya onu axtarır. Geci-tezi var. Tapıb güllələyəcəklər.

– Əlimdən nə gəlir ki?

– Gec-tez o Şəhrizadı görmək istəyəcək. O bacısını çox istəyir. Sizinlə əlaqə qurmaq istəyəcək. Şəhrizada da de, qoy onu yola gətirsin. Onun müqaviməti mənasızdır…

Sibir Qəzənfərin yanından çıxıb evə qayıdan Talıb tərəddüd içərisindəydi. Bilirdi ki, o Şəhrizada Məmmədrəsulun sağ olduğunu, həm də çox yaxında olduğunu desə, qardaşı üçün burnunun ucu göynəyən Şəhrizad Məmmədrəsulu görmək istəyəcək. Mərdliyi, qorxmazlığı ilə seçilən Şəhrizadın imkanı olsaydı hətta at belində qardaşını kənd-kənd, meşə-meşə axtarardı.