Altıncı gün idi. Bir-iki saat dincəlib çıxdım şəhərə. Yolüstü, Baysalı soruşdum, dedilər, səhərdən yoxdur. Qərara gəlmişdim, gedim İnqanı görüm.

Yataqxanalarının yanında avtobusdan düşdüm, binanın arxasına keçmək istəyirdim ki, səsləyim. Birdən İnqanı gördüm. Yataqxananın həyətində Baysalla yanaşı oturub şirincə nəyisə deyib gülürdülər. İkicə saniyə dayandım. Və çevrilib getdim, uzaqlaşdım.

– Niyə belə etdim? Kiminsə mənim qabağımda hansısa öhdəliyimi vardı? İndiyə kimi İnqa ilə danışanda, hansısa dəqiq bir fikir, ürək sözü demişdimmi mən ona? Aylar ərzində azmı olmuşdu vaxtım, imkanım? Mən özüm özlüyümdə ciddi düşünmüşdümmü ikimizin gələcəyimiz barədə?

– Yox!

Oturdum avtobusa, sürücü ilə salamlaşıb keçdim axıra. Salon demək olar ki, boş idi. Gözlərim dikildi abtobusun enli pəncərəsinə. Fikrim getdi uzaqlara. Keçmişli- gələcəkli bir məkana. Pəncərə önündə dəyişən lövhələr, evlər, insanlar uzun həyatın kiçildilmiş variyantı idi. Artıq mənim üçün avtobusun pəncərəsi həyatın ekranı idi. Kimlər və nələr keçmədi bu ekrandan! Hansısa sirli qüvvəydi durub ekranın arxasında, kadrları elə sürətlə dəyişirdi ki, mənim şüurumun gücü çatmırdı bu dəyişilikləri qavrasın, dərk etsin! Deyəsən düşünmək bacarığım fəaliyyətini dayandırmışdı.

Sürücünün səsi məni qaytardı bu dünyaya:

– Nə olub, Azad, xəstə deyilsən ki?

San ki, yuxudan ayıldım:

– Yox, yox, narahat olma!

– Dövrəni axıracan mənimlə getdin. Gördüm düşüncələrdəsən, narahat etmədim. İndi hara aparım səni?

– Narahat olma, qayıdaq marşurutunla, yolda düşərəm.

Yolda düşdüm avtobusdan. Bir xeyli gəzdim şəhəri. Kinoteatrla üzbə-üz olan parka girdim. İstirahət günü olduğu üçün bura adamla dolu idi. Haradasa bir boş skameyka gördüm, əyləşdim ki, dincimi alım. Kiçik bir quşun hərəkəti bütün diqqətimi özünə cəmləşdirdi.

Qabağımda bir sərçə böyük bir çörək parçasını dimdikləyirdi. Deyəsən, çörək elə daşlaşmışdı ki, sərçənin etdiyi cəhdlər heç bir nəticə vermirdi. Az qala, duracaqdım ayağa ki, götürüm sındırım daşlaşmış çörək parçasını. Bircə işdən qorxurdum: mən qarışsam sərçənin işinə, o qorxudan uçub gedə bilər. Təbiətin yaratdığı kiçik bir kiçik dramatik yönlü mübarizəyə mənim qarışmağa ixtiyarım vardımı?

Sərçə xeyli əlləşdi, bu quru çörəyi fırladı, dimdiklədi, axırda başa düşdü hər şeyi. Ona çatdı ki, bu daşa dönmüş çörək parçası onun üçün deyil. Qisməti olmdığını görüb uçub getdi.

Mən də başa düşdüm!

– Faktı qəbul etməyi bacarmaq lazımdır! – dedim ucadan, səsim yaxınlıqda oturub körpəsini bağrına basmış bir gənc ananı diksindirdi. – Bu mövzu bağlıdır daha mənim üçün!

O gündən hər şeyə, insanlara, hadisələrə, faktlara başqa baxışlarla baxmağa başladım. Hər insan yolunu özü seçir, mən də o cümlədən. Mən özüm seçmişdim düşdüyüm bu yolu! Və mənə yaşamaq müəyyən mənada asanlaşdı! Dünya geniş imiş…

6-cı hissə

Bir-iki gün idi işləyirdim. Nə qədər özümü sakit göstərsəm də, daxilimdə mənimlə yaşayan həyacanı, qəmli düşüncələri bir kənara qoya bilmirdim. İlk növbədə Vətəndə mənimlə bağlı xoşa gəlməz hadisələrin əks-sədası, qəmli xatirələri məni narahat edirdi. Bir tərəfdən də İnqanı kimləsə bir yerdə görmək ağır zərbə oldu mənə. Mən onsuz qapanmışdım özümə, İnqanı həyatımnan silmək düşüncəsi isə məni daha da üzürdü. Nə qədər çətin də olsa, qəbul etdiyim qərara – İnqaya qarşı biganə olmağa çalışırdım. Bu hərəkətimin İnqanın nəzərindən nə dərəcədə yayındığını deyə bilməzdim. Yəqin ki, hiss edirdi nəsə. Çünki, ilk vaxtlar hər vasitə ilə onunla görüşdən qaçmağa çalışırdım. Ürək ağrısı ilə atdığım bu addımların – səhv addımların – arası kəsilmirdi.