– İnqa sual etmədi, mənsə izah etmədim- belə səhv prinsiplə keçdi hər günümüz…

Beləcə günlər keçirdi, İnqayla aramızda olan dostluq-yoldaşlıq münasibəti öz simasını dəyişərək ecazkarlıq gəzən gəncliyin tələblərinə uyğunlaşırdı. Artıq hər ikimiz üçün vaxt edib bir yerdə olmaq adətə çevrilmişdi. Bizim aramızda olan bu görüşlər çox sadəliyi və məcburiyyətsizliyi ilə seçilirdi. Daha birbir-birimiz üçün darıxdığımızı gizlətməyə ehtiyac yox idi.

4-cü hissə

Baysalın insitutu Politexdən 200–300 metr məsafədə olduğu üçün, mənim sürdüyüm avtobusla gedib-gəlməyim ona da əlverişli idi. Baysalın dərsləri bəzən tez başa çatırdı. Olurdu ki, о gələrdi bizim inctitutda gözləyərdi, biz bir yerdə çıxardıq. Beləliklə o da qrupumuzla, o cümlədən İnqa ilə də tanış olmuşdu.

Baysal yaxşı həmsöhbət olmağı bacardığı üçün hamımıza xoş idi onun bizimlə olmağı.

Bir axşam mən dərsə avtobusumla getmişdim. Dərsdən çıxanda gördüm avtobus tələbə yoldaşlarımla dolub. Baysal da buradaydı. Gəldik sağ sahilə. Tələbələr düşdülər. Baysalı gətirdim yataqxananın həyətinə. Əvvəl istədi mənimlə qalsın.

– Gedək, İnqanı düşürdək. Mən də sənlə qaraja gedərəm. Yoldaşlı gələrik.

– Yox, nəyə lazım. Sən get istirahətini et. Mən İnqanı yolüstü aparacam yataqxanalarına. Oradan da parka gedəcəm, avtobusu qoyacam. Üç saat çəkəcək, ən azından.

Baysal düşüb getdi. Sona qalan İnqa oldu. Avtobusu sürdüm onların yataqxanalarının həyətinə. İlk dəfə idi gecənin ortasına qədər bir yerdə olduq. Son ilimin ən şirin axşamı idi. Ürəyimdə çox sözlərim vardı. Amma, şən gülüşlər, zarafatlar, xoş məqamlar ciddi söhbətlərə yer vermədi. Gecənin ortası ayrıldıq.

Mən parka girəndə cədvəldəki vaxtdan üç saatdan çox gecikmişdim. Bilirdim ki, məndən izahat tələb edəcəklər. Elə də oldu. Günorta parkın yeməkxanasında yemək yeyirdik. Stol arxasında dörd nəfər idik. İki iş yoldaşım, Baysal, mən. Təzəcə yeməyə oturmuşduq. Mənə yaxınlaşıb dedilər:

– Səni və filankəsi (digər sürüçü) təhlükəsizlik şöbəsi gözləyir.

Mən başa düşürdüm səbəbini. Ona görə dillənmədim. Amma, yoldaşlardan biri xəbəri gətirəndən sual etdi:

– Bimirsən, onları neynəyəsidirlər orada?

– Deyəsən, səhərə yaxın gəlib çıxıblar avtobusla bir yerdə!

Baysal o dəqiqə sual dolu nəzərlərlə mənə baxdı. Mən gülümsədim yalnız. Baysal qəfildən sual verdi:

– Azad, bir dost kimi mənə cavab ver, İnqa ilə münasibətin hansı səviyyədədir?

Mən gülərək başdansovdu cavab verdim:

– Dostluq səviyyəsində.

– Yalnız dostluq!

– Yalnız dostluq.

Mən bu sualları ciddi qəbul etmədim…

Həftənin üçüncü günü id. Üçüncü günləri axşam şöbəsində dərslər olmur. Axşam üstü çıxıb dayanacaqda avtobus gözləyirdik. Mən istirahət günüm olduğu üçün işləmirdim.

– Görəsən, İnqa niyə dünən dərsə gəlməmişdi? – Baysal sanki, təsadüfən dedi.

– Gəlmişdi. İcazə alıb tez də qayıtdı. Deyəsən, azca nasaz idi.

– Demədi, nə olub?

– Yox.

– Bəlkə gedək onlara, onsuz da boşuq.

– Xəbər etməmiş, çağırılmamış?

– On beş dəqiqəlik yoldur avtobusla onların yataqxanasına. Aşağıdan vəziyyəti soruşaq, çıxaq gedək.

– Səhər onsuz da görəcəm.

– Boşuq onsuz da, gedək, xahiş edirəm.

İnqa gilin yataqxanası bir elə də uzaq deyildi. Oturduq marşuruta, 10–15 dəqiqədən sonra yataqxananın arxa tərəfində idik. Otaqları ikinci mərtəbədə olduğu üçün səsləmək də asan iş idi. Yaxınlaşdıq. Pərdə salınsa da, kimlərinsə hərəkəti görünürdü.

İki-üç dəfə astadan "İnqa, İnqa!" – deyə çağırdım. Eşidən olmadı. Keçdik tələbə metoduna, yerdən xırda daşlardan bir neçəsini vurduq pəcərəyə. Pəncərə açıldı, otaq yoldaşlarından birisi səs verdi.

– Axşamınız xeyir! Dedik, görək İnqanın vəziyyəti necədir. Dünən nasaz idi.