– Səni tək dostumun və xatiri mənim üçün olduqca əziz olan İnqa tək bir gözəl insanın sevinci həm də mənim sevincimdir. Sizin təmizliyiniz, saflığınız mənə qüvvə verir. Şadam sizi bir yerdə gördüyümə!

Mən bu sözləri deyib qurtarandan sonra Baysal sakitləşdi. Biz bir-birimizi başa düşdük…

…Gün-gündən onların sevgilərinin necə yavaş-yavaş qanuni finala getdiyinin şahidi olurdum. Kim sizlərdən düşməyib sevgi kəməndinə! Şahlar, alimlər yanıb eşq atəşində. Dünyanın aqibətini dəyişməyə qadirlər sevgi qabağında düz çökmüşlər!

Baysalın İnqaya göstərdiyi qayğının həddi-hüdudu yox idi.

Hərdən hər ikisi birlikdə qonağım olurdular. Qəribə, anlaşılmaz, bir az da qəddar həyatın yolları hansı istiqamətə yönəlməyindən asılı olmayaraq, bir şeyi dərk etmişdim. Hər nə baş versə də, İnqanı görmək mənim üçün çox xoş idi. İnqa mənim üçün əziz bir insan idi. Bununla yanaşı, bir həqiqəti də dərk etdim: hər bir canlı məxluqun öz xoşbəxtliyini qurmaq yolunda mübarizə aparmaq, səy etmək hüququ müqəddəsdir!

Bəzən, mənim otağıma yığışardıq, saatlarla söhbətləşərdik, nə qədər mövzular çıxardı ortaya!

Hərdən çay qırağına gəzməyə çıxanda mən də qoşulardım. Möhtəşəm Yeniseyin sahillərində neçə arzularım, neçə diləyim səslənib…

8-ci hissə

Ölkədə baş vermiş qəzadan iki aya yaxın vaxt keçmişdi. Onu da deyim ki, bütün ölkə, o cümlədən də biz, bu dəhşətli Çernobıl qəzasını lazımınca başa düşmürdük. San ki, hansısa bina dağılıb, yenidən qurmaq lazımdır, vəssalam! Televizorlarda təhlükənin olmadığı, hər şeyin nəzarət altında olduğu deyilirdi.

Birdən qaraja səs düşdü. Çernobıla dəstə göndərirlər. Adlar yazılmış elanlar idarədə asılıb. Mən də getmişdim baxmağa. Və… Baysalın adını gördüm siyahıda.

Axşam Baysalla şəhərə çıxmışdıq. İnqanı qarşılamağa. Nə səbəbdənsə – unutmuşam- kinoya biletimiz olsa da, getmədik kinoya, getdik parka. İnqa eşidəndə ki, Baysal gedir bir aylığına Çernobıla, çox-çox məyus oldu. Göz yaşları içində:

– Axı, necə? – dedi, – Bəlkə getməyəsən?

– Necə getməyim, məndən asılı deyil. Əlbətdə, xəstələnib getməmək olar, yoldaşlar nə deyərlər? Mən ki, tək deyiləm, Qarajdan 25 nəfərik. Nə narahatçılıq, əzizim? Sənə gündə bir məktub yazacam.

Baysar əlavə etdi:

– Mən oralarda xidmət etmişəm. Hava-hücumundan müdafiə hissəsində. Yəqin ona görə məni qoşublar bu siyahaya.

İnqanın gözlərindən yaş axırdı.

– Bir ay nədir ki, İnqa! 4 istirahət günü keçəcək, mən gələcəm.

İnqa o axşamı bircə aylıq ayrılığın ağırlığından şikayətlənirdi. Kim bilərdi ki, Fələyin bəxt yazan qələmi sabahdan başlayır bu iki gənc üçün taleyi qaralamağa…

Səhəri gün iş yoldaşlarım, o cümlədən Baysal uçdular Ukraynaya.

…Bir aydan artıq keçmişdi, dəstə qayıtdı. Artıq, Çernobılın gətirdiyi bəlalar ölkəyə məlum idi. Söz-söhbət bu dəhşətin nəyə qadir olduğunu xalq arasında yaymışdı. Hökumət tərəfindən nüvə fəlakətinin ölkəyə nələri gətirdiyinin açıqlaması az olduğundan, xalq arasında onsuz da dəhşət olan bu qəzanın gətirdiyi fəlakətlərin sayı, dəyəri daha da artır, müxtəlif əhvalatlarla bəzədilirdi. Söz gəzirdi ki, radioaktiv dalğalar hətta, Sibirə də gəlib çatıb.

Qərara gəldik ki, Baysalın gəlişi münasibəti ilə yüngül stol açaq. Bizim otaq böyük olduğu üçün məsləhət oldu yığışaq bizim otaqda.

Açarı götürərək, inqa bizim otağı silib süpürmüş, biz gələnəcən ləzzətli yeməklər bişirərək, gözəl stol açmışdı. Dostlar yığıldı. Şənlik az qala səhərədək davam etdi. İnqa ilə Baysal qərar qəbul etdilər: sübh açılan tək zaqsa, evlənməyə ərizə verməyə!

Dostlardan birisi bir otaqlı boş mənzil tanıdığını bildirdi. Onun qonşuluğunda, bizdən bir az aralı, küçənin o biri üzündə yerləşən bu bir otaqlı ev kirayə verilir. Yaşayacaqlar orada. Növbə çatana kimi. Toy günü təyin olundu, bununla bağlı məsələlər həllini tapdı. O dövrlər hər şey sadəliklə yoluna qoyulardı, buna görədə bizim üçün hər iş asan idi. Səhər getdilər zaqsa.