İnqanın səsi eşidildi:

– Dayanın, düşürəm aşağı.

Biz etiraz etsək də, İnqa artıq bayırda idi. Bizim gəlişimiz İnqa üçün gözlənilməz olmuşdu. Sevincinin həddi-hüdudu yox idi.

– Nə qədər şadam sizin gəlişinizə, uşaqlar! Qalxaq yuxarı, çay qoyum.

– Yox, İnqa. Gəldik, öyrənək vəziyyətini. Narahat idik, o cümlədən də bizim dost! Məni şəhərin o başından piyada çəkib gətirib bura, heç olmasa, taksi tutaydı. Əvvəllər xəsis deyildi! Heç olmasa utana, bir qonaqlıq filan boyun ola, bizi bir restorana dəvət edə! -mən tam zarafatla dedim bu sözləri!

İnqa əlavə etdi:

–Əla olardı! Nə vaxtsa birinci dəfə lazımdır ki, olmaq restoranda! -

Baysal sinəsini verdi qabağa:

– Yaxşı, əgər ciddi deyirsinizsə, mən hazır! Bir qəşəng qonaqlıq məndə! Harada, nə vaxt desəniz, mən hazır!

Onlar başladılar plan qurmağa. Mən zarafat edirdim, Baysal ciddi qəbul etdi. Və ümumiyyətlə bu iş mənə lazım deyildi. Niyə? Bilmirəm.

– Yaxşı, dostlar. Siz düşünün, plan çəkin. Mən gedim. Təcili işim var, gedim onun dalınca. Sonra baxarıq!

İnqanın sevindiyini gördüm. Ona çox xoş idi ki, mən istəmədim onu Baysalın yanında görüm. Razı halda:

– Mənə heç nə gərək deyil, Azad, mən zarafat edirəm. Təcili işin varsa, mən də gedim, hazırlaşmaq lazımdır. – dedi.

Mən Baysalı pis vəziyyətdən çıxarmaq xatirinə ayrı mövzuya keçdim. Xeyli söhbətləşib ayrıldıq.

– İnqa necə gözəldir, ilahədir! – dedi Baysal yolda.

– İnqa həm gözəl və həm də əsl insandır! – dedim.

5-ci hissə

Günlər həftələri əvəz edirdi, həyat gündə bir yenilik gətirməklə qabağa yeriyirdi. Daha doğrusu uçurdu qabağa. Hər şey dəyişməyə üz tutduğu vaxt, yeniliklər tələb olunan yerdə mən yeganə məxluq idim ki, dünənimdən çıxa bilmirdim. Şüurum, zəkam bu günün tələblərinin dalısıyla çata bilmirdi. Ən pisi də bu idi ki, nələrin mənim özümdən asılı olduğunu yaxşı dərk edə bilmirdim, hərəkətsiz dayanıb, səs-küylə, taqqıltı ilə gedən həyat qatarının arxasınca baxırdım!

Keçmişin xatirələrindən silkinib çıxmağı bacarmaq lazımdır. Bu günkü günlə, bu günün tələbləri ilə ayaqlaşmaq gözəl bacarıqdır. O dövr, o il üçün ən başlıca bir səhvim yaşayırdı mənimlə: ətrafımı, həmişə qaynayan gənclik məkanını, cavanlığın tələblərini olduğunca dəyərləndirə bimədim, gecikdim.

Mənə talehimin təklif etdiyi İNQA adlı gözəlliyi, səadəti qiymətləndirə bilmədim, bəxtimə düşən imkandan sonacan istifadə etmədim. Kaş, biləydim onda, insan soyuqluğu nələri gətirə bilərmiş gündəmə!..

Kaş bu səhlənkarlığın bizə, xüsusən də İnqaya necə baha başa gələcəyini görə biləydim!

…İnstitutda kanikullar başlamışdı. İstifadə edərək təcili surətdə bir aylığına vətənə getməyi qərara aldım. Bir gün içərisində işdən mənzuniyyət götürdüm, bilet aldım.

Belə tələsməyə bir – iki səbəb vardı. Həmişə mən tələsmişəm, indi də hər nə etsəm tələsik edirəm. Həmişə də tələsməyimin ziyanını çəkirəm.

Amma, onda tələsmək lazım deyildi, heç olmasa İnqa ilə görüşmək, vətənə getdiyimi deməyim lazım idi. Əfsuslar, bu haqda gec düşündüm. Artıq vaxt yox idi. Və bu səhvim ağır bir yük olaraq asıldı boynumdan, ömrümün sonunadək, son nəfəsimə qədər…

Bir aydan sonra qayıdıb gəldim. Vətənə son dəfəki bu səfərim tam uğursuz oldu. Ürəyimdə ümüdlərim yaşayırdı: azacıq da olsa bir məlumat bilmək. Bütün bu zəif ümüdlərimin üstündən çalın-çarpaz xətt çəkildi. Bu səfərimdə baş verən söz-söhbətlər, görüşlər mənə başa saldılar ki, keçənləri qaytarmağa heç bir yolum yoxdur.

İllərlə ürəyimin üstündə sevə-sevə gəzdirdiyim insanım yoxluğunu, mənim üçün əl çatmazlığını çoxdan bilirdim. Aramızda keçilməyi mümkün olmayan sədd qoyulduğu çoxdan mənə aydın idi. Mən bu dəfə bircə əsas ümüdlə getmişdim: beşcə dəqiqə də olsa görüşə bilim sevdiyim insanımla! Razıydım tək, ya, atası-anası ilə bir yerdə olsun. Mənə fərqi yoxdur, hansı şəraitdə görüşək! Görüm Onu, eşidim qərarını öz dilindən! Onu görmək əvəzinə, ağıla gələ biləcəyi mümkün olmayan vəziyətlə üzləşdim. Bakıda yaşayan yaxınlarımın da cəlb olunduğu mübahisənin dərinləşib uğursuz və sonu qaranlıq olan prinsipiyal münaqişəyə çevrilmə ehtimalı çıxdı ortaya. Solmazı görmək qismətim olmadı. Əvəzinə qohumları başa saldılar: münaqişənin uzadılması Onun məhvinə çalışmaq deməkdir! Unuda bilməsəm də bu işdə nöqtənin qoyulduğu aydın idi. Bu dərd yükü ilə qayıtdım arxaya…