İKİNCİ

FƏSİL

AZƏRBAYCANDAN DÜNYAYA YAYILAN AVAZ...

       SSRİ Xalq artisti, bir çox beynəlxalq festivalların laueratı, opera və estrada müğənnisi, bəstəkar, pianoçu Müslüm Məhəmməd oğlu Maqomayev 17 avqust 1942-ci ildə Azərbaycanın paytaxtı qədim Bakı şəhərində, Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan musiqisinin banilərindən biri, “Əməkdar incəsənət xadimi”, dirijor, pianoçu Əbdül-Müslüm Maqomayevin ailəsində dünyaya goz açmışdı.

       Körpənin ilk səsini, ilk qığıltısını, ilk həyəcanını, ilk naləsini eşidənlər ağıllarına, hətta belə, gətirə bilməzdilər ki, yenicə eşitdikləri bu, səs gələcəkdə dünyanın ən möhtəşəm konsert saraylarını, ən nüfuzlu səhnələrini, ən böyük idman meydançalarını öz avazı ilə ziynətləndirəcək, ağzınacan dolu dinləyici auditoriyasını məftun və heyranedici cazibəsi ilə ağuşuna alaraq əbədiyyət dünyasına səyahətə aparıb-gətirəcəkdi. Heç kəs deyə bilməzdi ki, yenicə doğulan körpə milyonlarla insanı mahnı və bəstələrinin həqiqi ovsununa, sehrinə salacaq, onları heyrətləndirəcəkdı.

       Azərbaycanın böyük bəstəkarı və dirijoru Əbdül-Müslüm Maqomayevin böyük oğlu Cəmaləddin 1910-cu, kiçik oğlu Məhəmməd isə 1916-ci ildə dünyaya göz aışdlar. Teatr işçiləri ailəsində doğulan kiçik Müslümün atası Məhəmməd teatr rəssamı, teatr tərtibatçısı, anası Ayşət xanım Əhməd qızı isə dramatik aktrisa idi.

       Ayşət xanımın rəfiqəsi Valentina Osipovna Müslümlə anası arasında mövcud olan ayrılığı xatirələrində qeyd edərkən reallığı əks etdirməyən bəzi yanlış məqamlara toxunmuşdu, səhvə yol vermişdi. Ancaq qətiyyətlə demək olar ki, bu yanlışlıqda Valentina Osipovnanın heç bir günahı, heç bir təqsiri yox idi, çünki bu, qeyri-müəyyən faktları rəfiqələrinə Ayşət xanım özü danışmışdı. Oh, ( Valentina Osipovna : -C.P.) isə sadəcə olaraq Ayşət xanımdan eşitdikləri təkrarlamaqla kifayətlənməli olmuşdu.

        “Onun danışığından, belə, aydın oldu ki, həlak olan həyat yoldaşının ailəsində Ayşət xanımı iki dəfə məzəmmət ediblər. Birinci dəfə o, Şərq adət-ənənəsinə zidd çıxaraq ailədə qalmayanda. İkinci dəfə isə Müslümü ana babasının və nənəsinin yanına aparanda. Ayşət xanımın dediklərinə görə Müslüm uşaqlıqda dələduz olub, az qalıb ki, pis uşaqlar ilə əlaqə qursun. Bu, hərəkəti ilə Ayşət xanım Müslümü pis vərdişlərdən və dələduzlardan xilas edibdi. Müslüm ailədən zorla ayrılıb və kiçik yaşlarında əzab, əziyyət və iztirablar çəkibdi”, -deyərək, -Valentina Osipovna fikirini tamamlamışdı.

       Müslüm Maqomayevin yazdığı “Melodiya mənim məhəbbətimdi” xatirələr kitabını, həmçinin, müğənninin müxtəlif vaxtlarda, müxtəlif mətbuat orqanlarına verdiyi çoxsaylı müsahibələri bir neçə dəfə, təkrar-təkrar oxuduqdan sonra belə qərara gəldim ki, Ayşət xanımın Müslümün uşaqlıq illəri, onun pis uşaqlara qoşulması, dələduzluq etməsi və əzab-əziyyət çəkməsi ilə bağlı söylədiyi fikirlər heç bir məntiqə əsaslanmır və tamamilə səhvdir. Məhz, bu, nöqteyi-nəzərdən çıxış edərək Müslüm haqqında deyilənlərlə razılaşmaq imkanım xaricindədir. Əgər, xatırlayırsınızsa yuxarıda Ayşət xanımla bağlı olan bölmədə, bilərəkdən Müslümün anasını müzakirə və mühakimə obyektinə çevirməkdən yan keçdim və qeyd etdim ki, yeri gəldikcə bu məsələyə bir daha qayıdacam. Düşünürəm ki, bu məqamda problemi kənara qoymaq qətiyyən real görünmür, çünki Valentina Osipovnanın Ayşət xanıma istinadən söylədiyi fikirlərin arxasında yalnız uşaq Müslüm, onun ailəsi-əmisi Cəmaləddin və onun həyat yoldaşı Mariya İvanovna, sözsüz ki, nənəsi Baydagül xanmı qınaq hədəfinə çevirmək məqsədi diqqət mərkəzinə gətirilmir. Burda, həm də bizim gözəl Bakı şəhəri, azərbaycanlı uşaqlar, həmçinin, həmin məhəllədə yaşayanların əxlaqı, nizam-intizamı, milli adət-ənənələr qınaq predmetinə çevrilir.