8.

Seçə bilirsənmi qaranı ağdan?

Dilində şimşəyin gurultusu var.

Yel nə qoparar ki, qocaman dağdan?

Təkcə baş aparan vıyıltısı var.


9.

İnsan deyinəndi, İnsan susandı,

Tənədən usanar, öyüddən qaçar.

İşıqdan zülmətə düşmək asandı,

Oğulsan, zülmətdən çıxmağı bacar!

10.

Sənə nə, kim harda nə əkir, biçir?

Kim harda bulaşır çamura, lilə…

Yerdə sürünməklə gününü keçir,

Nə işin göylərdə uçanlar ilə…


11.

Gedirik gecəni qatıb gündüzə,

Biz olduq bəzirgan, sən xoca, dünya!

Üzünü turşudub baxırsan bizə,

Səndən nə gözləyək, a qoca dünya?

12.

Yurduma elə bil gəlmişdin dünən,

Bu gün öz yerini verdin bahara.

Ay qış, qışlığına qalmadı güvən,

Qarsız ağ üzünü elədin qara…

Dünya köhnə dəyirmandı

Sultan Mərziliyə həsr olunur

Dünya köhnə dəyirmandı,

Çərxi – fələkdən çıxacaq…

Günü dən-dən xəlbirlənir,

Unu ələkdən çıxacaq.


Gül əkdinsə, gülşən olar,

Ömrün – günün çox şən olar,

Dörd yanına dost cəm olar,

Səsin də bərkdən çıxacaq!


Çox axıtma gözdən yaşı,

Səni başa düşməz naşı,

Bahar gəlir, – yaz yağışı,

Soyuq küləkdən çıxacaq.


Haqq yolunda yürü mətin,

Demə, işim oldu çətin…

Gün gələcək, şan – şöhrətin,

Neçə ürəkdən çıxacaq.


Çəmənlidə əkdim gülü,

Sultan, şad elə könülü;

Qürbət üzməsin bülbülü,

Əlacı Təkdən çıxacaq!


Sultan Mərzili

Rübailər

Təzə tər güllərim üzüldü getdi,

Şehi gözlərimə düzüldü getdi,

Bir ömür vermişdi payıma Allah,

Qum kimi ovcumdan süzüldü getdi!


Günəş üfüqə döğru sallanır fağır-fağır

Bir günün də üzünə xal düşür ağır-ağır…

Nə keçən günə üzül, nə qaranlıq gecəyə,

İşıqlı sabahların qatı zülmətdən doğur…

Qaldı

Yusif Məmmədovun xatirəsinə


Buludlar bürüdü göyün üzünü,

Ulduzlar sayrışa – sayrışa qaldı.

Sevənlər çəkildi yuvalarına,

Küçələr küləyə, yağışa qaldı.


Zaman oxu qoyub, çəkdi yayını,

Yetirdi ömrünə xəzan ayını.

Budaqlarda qalan nubar payını,

Sərçələr bölüşə – bölüşə qaldı.


Ey köçüb gedənlər, əfv edin bizi,

Yaşada bilməsək xatirənizi…

Bir daha görmərik xoş çöhrənizi,

Ümid qiyamətdə görüşə qaldı


Dərdi yük eləmə

Mehman Göytəpəliyə həsr olunur


Kiminə avtomobil çarpır,

kimini ildırım vurur,

kimini də hansısa bir vələd…

Mənisə dərd vurub, dərd…

O dərd namərd…

(şair Mehman Göytəpəli)

Dərdi yük eləmə özünə, şair!

Dərd də səni görüb yaxandan keçir.

Elə mindirmisən qəmi urvata,

Sevinc qəmli – qəmli yaxından keçir!


Yol çəkən gözlərin gözləyir kimi?

Yorğun baxışların izləyir kimi?

Dilin susa – susa gizləyir kimi?

Dünyanın soyuğu yuxundan keçir.


Hikməti olsa da naşı dünyanın,

Canına od düşsün yaxşı dünyanın…

Güləndə pozulur naxışı dünyanın,

Elə bil varından – yoxundan keçir.

05.01.2018

Şair Mehman Göytəpəli

Mehman Göytəpəliyə həsr olunan qəzəl

Eşqinin fikri yenə eylədi avarə məni,

Od tutub yandı dilim, tez yetirin yarə məni.


Çəkirəm həsrətini, qıyma sola güllü bağım.

Görməsin qoy rəqibim, eyləmə biçarə məni.


Bülbülün naləsinə dözməyə yoxdur qərarım,

Sonda minnətçi edər göz yaşım ol xarə məni.


Mən sənin aşiqinəm, sən kimə uydun gözəlim?

Rəhm edib bəlkə əzəl, çəkdirəsən darə məni…


Bir neçə sətri düzüb qoşdu Vahid Mehman üçün,

Qəbul eylər, sanıram, etməz üzü qarə məni!


02.09.2017

Qaldı

Üyütdüm günləri dəyirman kimi,

Qaldı, baş aparan çax-çaxı qaldı

Nə umdum, ömrümə yazıldı nələr?

Dilimdə gileyi, ah-vahı qaldı.


Əkdiyim ağaclar vermədi bəhər,

Üzdü boğazımı acı bir qəhər…

Bu günü yaşadım elə bir təhər,

Üzun bir gecəsi, sabahı qaldı.


İstədim söz satam, alan olmadı,

Ciblərim boş qaldı, kalan olmadı.

Vallahı, bir qazanc-filan olmadı,

Borclarım uzun bir siyahı qaldı.


Vahid, ağ günlərim dara çəkildi,

Üstünə kədərli qara çəkildi…

Sevincli günlərim hara çəkildi?

Əlimdə çox ağır günahı qaldı.

28.07.2018

Murov dağı

(Dostum Mailə həsr olunur)

Murov, səndən gileyliyəm,

Zirvələrdə qarın hanı?

Quzeylərin sənə qalsın,