Qəlbində dostluğa sədaqət gördüm.


Ay Vahid, şairlər gördüyün deyər,

Onu kim susdurar, onu kim əyər?

Elimə, dilimə verirəm dəyər.

Hər sözdə xalqımdan əmanət gördüm.

Şair sözü şirin şəkər

Suyu bumbuz dağ şəlaləm.

Suların qurumaz ola.

Yamaclarda bitən laləm,

Bağrın qara olmaz ola…


Bahar gələ, güllər aça,

Bənövşələr ətir saça.

Könlüm yara sarı uça,

Gözüm yolda qalmaz ola…


Şair sözü şirin, şəkər,

Gah sevinər, gah qəm çəkər…

Nə gözünə duman çökə,

Nə yanağı solmaz ola…

Bakı 2018.15.05

Həkim

Doktor Müşfiq Mirzəyevə həsr edirəm.


Bir dərd daşıyıram gör neçə ildi,

Bu dərdə dağ dözməz, daş dözməz, həkim.

Qəlbimə tökülən göz yaşlarından,

Od tutub yansa da, can bezməz, həkim.


Bir yandan Kəlbəcər, bir yandan Laçın,

Bir yandan Tərtərçay, bir yandan Xaçın,

Bir yandan Ağdamım, – suları qırçın,

Murov boyda dərdi kim görməz, həkim?


Yağı düşmən tutub qədim Qalanı,

Qubadlı, Füzuli, Zəngilan hanı?

Tutduq üzümüzə Çocuq-Mərcanı,

Abdal-Gülablıdan səs gəlməz, həkim.


İrəvan dəyişib oldu Yerevan,

Göyçə gözəlini etdilər Sevan;

Sülhsevər xalqıma tutdular divan,

Üzüm həşrə qədər ta gülməz, həkim


Yandırır Zəngəzur həsrəti bizi,

Ot basır biz keçən çığırı izi;

Həsən Mirzə yurdu Dərələyəzin

Yanğısın Araz da söndürməz, həkim.


Həsən Mirzə


Yuxuda görürəm Cıdır düzünü,

Ağdərəm, Xocalım cırır üzünü.

Tənha Dəldağım büküb dizini,

O məğrur qaməti düzəlməz, həkim.


Xankəndi, Cəbrayıl düşmən əlində,

Seyranə çıxırlar Sərsəng gölündə.

Yanır çəmənim də, yanır çölüm də,

Yurdum nə dirilməz, nə ölməz, həkim.


Kədərdən, qəhərdən tutulur boğaz.

Bu dərdə yüz həkim bir çara tapmaz;

Qurdla qiyamətə qalanda qisas,

Bu dərdən kim yanıb üzülməz, həkim.

Aşiqin oldum

Baxışın bal kimi işləyir qana,

Bu bir sevda toyu, könül yarışı.

Kəlmələr düzülür yenə yan – yana,

Yağır ağ vərəqə tər gül yağışı…


Səhər şəfəqləri dumanda itir.

Qəm gələn yolları çən alır yenə.

Dodaqda bir alqış öpüşü bitir,

Bir nəfəs boğazda daralır yenə.


Əl vurma, ay gözəl, pəjmürdə – halam.

Baxdım gözlərinə, gözlərim doldu.

Deyəsən, dağıldı bu güvənc qalam,

Deyəsən, mən sənin aşiqin oldum…

Fağır kişi

Köhnə qəhvədanı qoymusan dəmə,

Gözlərin hayana de, baxır, kişi?

Yaz gəlir, sən isə batmısan qəmə,

Üstündən, başından dərd yağır, kişi.


Yamaqlı pencəyin batıb paxıra,

Gözlərin əriyib, düşüb çuxura.

Hər səhər naxıra, axşam axura,

Nə qədər uzanar bu naxır, kişi?


Yüz dəfə sökmüsən nimdaş palanı,

Noxtan, çulun hanı, çubuğun hanı?

Tək sənmi çəkirsən ağır kotanı?

Yükün ağırdımı, ay ağır kişi?


Taylılar tapmasa əgər tayını,

Kəsməz həşrə qədər ahu – vayını

Doyunca aldınmı, kötək payını?

Dur Əhməd dayını di çağır kişi.


Yerdə sürünməkdən ağrıdı dizin,

Uşaqlar yanında qaradı üzün…

Vallahi, çatışmır beş arşın bezin,

Bürünüb gedəsən, ta fağır kişi.

07.03.2018

Dördlüklər

1.

Bir sözü demədən diqqət et ki, sən,

Sonra peşman olub, üzülməyəsən.

Yerdə də, göydə də olsa məskənin,

Haqq özü yaxandan tutacaq sənin.

2.

Demişdin, bu dünya fanidi, fani,

İndi bu kəlama inandım, Allah.

Sorsalar, hardadı haqqın divanı,

BaşImın içində, – deyərdim, Vallah!

3.

Bu ömrü özümə bağlayım necə?

Pərişan günlərim sanki can çəkir.

Axşamdan səhərə qurtarmır gecə,

Səhərdən axşama bircə an çəkir

4.

Neyləyim, bilmirəm belə baharı?

Güllərdən yoluma xalı sərmədi.

Axdı gözlərimdən bütün suları,

Nə fayda, bir çəngə ot cücərmədi.

5.

Ey mənim sevdiyim qoca adamlar,

Əfv edin, getdiniz, tuta bilmədim.

Əlçatmaz oldunuz uca adamlar,

Nə qədər böyüdüm çata bilmədim…

6.

Şirin xəyallara tez uyur beyin,

Acını kim sevir?

– Onu bulanmı?

Hansı gözəl olur, özünüz deyin,

Acı həqiqətmi, şirin yalanmı?

7.

O sirli baxışlar nə idi, Allah?

Tərpətdi, oynatdı yerimdən məni.

Bir zaman nər oğlu nər idim, Allah,

Bəs indi sevərmi yenidən məni?