Ha bağrıma basıb, basıb, hey öpdüm,

dərd sönmədi… təzə dərdlər oyandı.


…Danış şəkil, danış gözlər, danış, din.

Kim deyir ki illər bizi itirməz?

Baxma, mənim sən arxamca beləcə,

şəkil məni bir də geri gətirməz.

25.06.2015

İçİmdə sən boyda sən gəzdİrİrəm

Qəlbinə özündən ağır yükləri

illərdi yığırsan, daha sığışmır.

Sənin ürəyini oxuyan kəsin

elə bilirsən ki qəlbi alışmır?


Sevincin sevincim, kədərin kədər,

sənsizlik çəkdiyim dərdlərdən betər.

Özün yüklədiyin o yüklər qədər,

içimdə sən boyda sən gəzdirirəm.


Dərd də dərd gətirir özündən böyük,

baxışım min kərə gözümdən böyük.

Alnımın yazısı üzümdən böyük,

içimdə bir qoşa mən gəzdirirəm.

10.12.2013

Qapın döyülə

Gecənin birində qapın döyülə —

baxıb görəsən,

qapının ağzında ağappaq adam.

Bir göz baxır sənə oyuq içində,

gələn dərd içində, soyuq içində.

Uzaqlardan gələn yorğun adamın

adı hecalana titrək səsində.

Sənə tanış gələn sönük gülüşü,

o nəm gözlərində ilişib qala,

səni xəyallardan xəyala sala.

Əvvəlki utancaq baxışlarıyla

səpə üst-başına ötən illəri,

oyada yuxulu xatirələri,

titrəyə içinin alt pərdələri…

Buna ürək dözər,

buna can dözər?

Bu təklik içində, sükut içində,

dərdlər öz-özündən alışan ola,

dərdlər bir-biriylə barışan ola.

Kösövü qaralmış, külü ağarmış

həsrətlər içində sənə yol alan,

o əski sevdalı yorğun adamın

üzünə qapılar açıla yenə:

Bir könül qapısı, bir ev qapısı…

15.04.2018

Məndən bİr xalı toxu

Məndən bir xalı toxu
sözünün ilməsindən,
içinə bir qara qat
gözünün sürməsindən.
Naxışları bol eylə
sevdiyin güllərindən,
qızılgülün ləçəyi
asılsın tellərindən.
Önümə bir yol uzat,
durub, yeriyim gedim,
saçını tök üzümə,
öpüm, darayım gedim.
04.11.2012

Yaman dəyİşmİsən

Yaman dəyişmisən o gündən bəri.
Ala gözlərinə bir həsrət qonub.
Saçının tumarı dəyişib bir az,
əllər sığalını itirib bir az,
üzündə təbəssüm azalıb bir az.
Yaman dəyişmisən o gündən bəri.
Deyəsən bir az da solan kimisən,
bir az da, bir az da dolan kimisən.
Gecən bir xoş sözün səsinə möhtac,
gecən bir öpüşün közünə möhtac,
gecən ehtiyacın özünə möhtac.
Yaman dəyişmisən o gündən bəri.
Yanağın allanmır, gözlərin gülmür,
ürəyin danışmır, ürəyin dinmir.
Qısılıb içinə bir qonaq kimi,
ağıla uduzan bir qınaq kimi.
Yaman dəyişmisən o gündən bəri.
Gözlər gözlədiyi baxışı istər,
əvvəlki, o ərkli çağrışı istər.
Açıb pəncərəni, açıb qapını
közərən ümidə boylanar yenə.
Sənin bu halına dözməz gözlərim:
Mənim baxışlarım dəyişər səni,
üzdə naxışların dəyişər səni,
ürək alqışların dəyişər səni.
Daha dəyişərsən bu gündən belə.
Yaman dəyişmisən, bir bax özünə.
16.06.2017

Küləklİ yağış

Səmtini dəyişən külək,
kiminsə üzünə yağan yağış
ağacdələntək pəncərəmi döyəcləyir.
Tozu yuyulmuş ağaclar özünü silkələyir,
binalar,
asfaltlar
rəngini dəyişir…
İslanmış baxışlarım üşüyür
bu küləkli yağışda.
29.02.2002

Bİr şəKİl gəlməlİydİ

Bir şəkil gəlməliydi o zərfin içində,

yazda kitab arasına qoyulan gültək.

Bir şəkil gəlməliydi o zərfin içində,

gecədən səhərəcən oxunacaq varaqtək.

Bir şəkil gəlməliydi o zərfin içində;

xatirələri çözələyəcək,

xəyalları söyləyəcək,

insana həyat yaşadacaq

bir şəkil.


Bir şəkil gəlməliydi o zərfin içində,

yer boyda, göy boyda;

sən boyda bir şəkil.

08.03.2018

«Baxışın keçmişdən danışır…»

Baxışın keçmişdən danışır,
duruşun ilahidən.
Sol əlin sağ əlimə yapışıb.
Sağ əlindən göyərçinlər çörək dənləyir.
Gözlərin xatirə danışır,
üzündə təbəssüm.
Sən necə də doğmasan
köhnə Bakı kimi.
27.09.2018

Unudaram dərdİmİ

Allah,
çəkəcəyim dərdi gəl,
sən mənim özümə ver.
Başqasına dərd verib
məni dərdə bələmə.
Doğma bilmir, yad bilmir,
dərdin səpir sinəmə,
unuduram dərdimi,
üstümə dərd ələmə.
Sevincə ha qaçıram
qəm üstünə qəm gəlir,
bir ömür borc ödədim,
sonda hər şey kəm gəlir.
Mənim olan dərdimin