içində naləsi var, dərdi var, yanğısı var.


Körpələr boylanır təpə qəbirdən,

körpələr boylanır qəbir qucaqdan,

körpələr boylanır qan quyusundan.


Bir körpə anasın axtarır hələ

açılan güllənin alovlarında.


Bir gözdə analar güllələndilər,

bir gözdə ataya uçdu güllələr.

Güllələr körpənin son oyuncağı,

güllələr körpənin son dayanacağı.


Körpənin o torpaq tər sinəsində

sevdiyi qırmızı lalə böyüyür,

üstündə bir qara güllə yarası.


Günahsız körpələr, məsum körpələr,

körpə çağlarını yaşamadılar,

körpə adlarını daşımadılar.


Yarımçıq qoyulan ömür payıyla,

üzündə o donmuş qorxunc halıyla,

bir körpə dolaşır, bir körpə gəzir

Qanlı Xocalının gecələrində,

Kərkükün, Mosulun…

Hələb, Kabulun,

köhnə Varşavanın,

Osvensimin,

Xatının,

Bağdad, Dəməşqin,

Qarabağın

sevincsiz,

uşaqsız

küçələrində.


Ötür, illər ötür, zaman dəyişir,

səndə də, məndə də güman dəyişir.

Bu qara dünyada, yalan dünyada

kor fələk dolanan məkan dəyişir,

əldən ələ keçən sükan dəyişir,

naqisin xisləti dəyişmir ancaq.

Təmiz bildiyimiz o boz səmadan

hələ də o qorxunc mərmilər yağır

körpə evlərinə, xəstəxanaya.


Güllə səsi gəlir yerin altından.

Güllə səsi gəlir oyuncaqlardan.

04.02.2017

Tərəddüd

Gecənin bu sakit, hüznlü vaxtı,

ürəklə qapımı kim olar döyən?

Doğmamı, özgəmi bu qəfil gələn?

Kimlərin yadına düşmüşəm görən?

Bu əski qapılı, əski qıfıllı

bu kasıb komamı kimdi tanıyan,

kimdi gecə vaxtı məni arayan?

Adamın ağlına min güman gəlir,

başımda min xəyal dolaşır, gəzir.

Çoxdan unutmuşam qonaq-qaranı,

Tanrımı göndərib gələn qonağı?


Qaranlıq gecəyə ay doğan kimi,

qapının ağzında gecə qonağı.

Bir əlim dəstəkdə, biri cəftədə.

Açım, ya açmayım?

Bilmirəm hələ…

18.02.2018

O əllər

Hər səhər, hər axşam o pəncərədən
məni yola salan, mənə əl edən,
arxamca su atan, «yaxşı yol» deyən,
o əllər çağırsam gələrmi yenə?
Üzümün sığalı itib nə vaxtdı,
saçımın tumarı itib nə vaxtdı,
köksümdə min qubar bitib nə vaxtdı…
O əllər çağırsam gələrmi yenə?
Zamanın nə fərqi, günün nə fərqi,
sevinci apardı, vər saldı dərdi,
gedişi könlümə bir kölgə sərdi.
O əllər çağırsam gələrmi yenə?
Əlimə əl dəyər, üzə qan gələr,
dil açıb danışar, cana can gələr,
məni yuxulardan oyadan gələr.
O əllər çağırsam gələrmi yenə?
Ömrümü bəzərmi, bəzərmi yenə?
09.07.2017

Sevgİ nəğməsİ

Sənin çətirini alan küləyin,

öpüşü qonacaq yanaqlarına.

Enəcək, enəcək bir az aşağı —

o solan, göyərən dodaqlarına.


Bu yerin, bu göyün heç bilmədiyi,

ayın duymadığı, eşitmədiyi,

bir sevgi nəğməsi oxuyacağam

qara buludların qulaqlarına.


Daha bu əllərim çətirdi sənə,

o mil-mil barmağım pərdələnibdi.

Mənim baxışlarım şimşəkdən iti,

bulud pərən-pərən səpələnibdi.


Çırpdım küləkləri boz qayalara,

söndür, söndür məni, alışacağam.

Mənim coşan sinəm yelkən kimidi,

dəniz dodağından yapışacağam.

Qayıt

Öpüb həsrət çəkən baxışlarından

yenə hansı xəyal apardı səni?

Daha bu dənizin sahili bomboş,

yoxsa qağayılar qopardı səni?


Bu nə qəm-qüssədi, bu nə kədərdi,

bu dərdin içində necə bitmisən?

İndi haralarda axtarım səni?

Sən özün-özündən çıxıb getmisən.


Bu günlər düz on il qocaltdı səni.

Sınıq ürəyimdən qayıt yerinə.

Sənin hər gününə bir ad qoyardıq,

indi nə ad qoyaq bu on ilinə?


Səni apardığım səma yolunu

simşək cadar-cadar doğrayıb, töküb.

Əllərim göylərdən üzülüb tamam,

ruhumun üstünə qaranlıq çöküb.


Bu günlər düz on il qocaltdı səni.

Sınıq ürəyimdən qayıt sən geri.

14.09.2014

Qəmlİ baxışlar

Necə silim şəkildəki göz yaşın?

Çarpaz qollar boğur məni şəkildə.

Çıxart məni köynəyinin içindən

enib qalxır ürəyintək şəkil də.


İndi hara baş götürüb yol gedir

«gəl-gəl» – deyib, söz söyləyən baxışlar?

Göndər mənə, göndər doğma dərdləri

qucaqlaşıb öpüşsünlər tanışlar.


Üz-gözündə son illərin naxışı,

sevincimi qəmlər boğur haçandı.