İki il sonra onlar orta məktəbi başa vurdular. Mehriban Bakıda Pedaqoji İnstituta qəbul olundu, Kişmiş isə Odessada Dənizçilik Məktəbinə girdi.

O vaxtdan düz beş il keçirdi. Bu müddət ərzində Mehriban ilk dəfə idi ki, yasəmən çiçəkləyəndə doğma rayonda olurdu. Hər şey beş il əvvəl necə idisə, indi də eləcə idi. Amma bu, zahirən belə idi, əslində hər şey dəyişmişdi. İndi başqa uşaqlar öz uşaqlıq dövrünü yaşayırdılar. Bir vaxtlar onların ötdükləri yollardan keçir, oynadıqları oyunlarla başlarını qatır, öz qayğısız həyatlarını yaşayırdılar. Mehribanın tay-tuşları çoxdan uşaqlıq adlı şirin dünyadan ayrılmışdılar. Keçmiş illərdən yadigar qalan bircə Fatma xalanın yasəmənləri idi.

Fatma xalanın həyətindən boylanan yasəmən salxımları bu dəfə onun ürəyini qüssə ilə doldururdu. Onların zərif ətri qəlbində keçmiş xatirələri oyadırdı. Məktəb yoldaşları üçün çox darıxmışdı, onlardan ötrü lap burnunun ucu göynəyirdi. Bu xatirələr içində, sözsüz ki, qucağında özündən böyük yasəmən dəstəsi tutmuş Kişmiş də vardı. O, daha tez-tez gözləri qarşısında canlanırdı. Bir məhəllədə yaşadıqları neçə illər ərzində onlar ikicə dəfə üz-üzə dayanmışdılar. Daha doğrusu, Kişmiş ona cəmi-cümlətanı bir cümlə demişdi. Sonra isə Mehriban Kişmişin xətrinə dəymişdi, həm də yaman dəymişdi. Oğlanın gözləri yadından çıxmırdı: incik, pərişan, küskün gözləri. Ötən bu beş il ərzində, kim bilir, neçə dəfə Kişmişin o pərt halı gözləri önündə canlanmışdı. Hər dəfə də öz-özünə etiraf etmişdi ki, günah işlədib, Kişmişin ürəyinə bərk toxunub, onun qəlbini qırıb. «Kaş Kişmişdən üzr istəyəydim, gec də olsa üzrxahlıq edəydim…»

Mehriban qaranlıq düşənə kimi evlərinin qarşısındakı skamyada oturdu. Yenicə evə qayıtmışdı ki, küçədə bülbül cəh-cəhinə oxşayan fit səsi eşidildi. Qulaqlarına inanmadı. Ürəyi həyəcanla döyündü. «Bu, Kişmişdir!» – deyə sevinclə fikrindən keçdi. Bir an sonra fit səsi təkrar olunanda heç bir şübhəsi qalmadı. Bir göz qırpımında bayıra çıxdı: lakin kimsə yox idi. Birdən qonşu tindən pıçıltı səsi eşidildi. Tez həyətə düşüb, çəpərin arxasında gizləndi. Bir azdan qol-qola gələn iki qaraltı onların qapılarına çatdı.

– Yasəmənlər hardandır? – qız soruşdu.

– Fatma xalanın bağını yoluşdurmuşam. – Bunu deyən oğlan Kişmiş idi. Onun səsini o saat tanıdı.

– Qorxmadın?

– Yox, təcrübəm var. Məktəbdə oxuyanda bir dəfə bu bağı qarət eləmişəm. Bir qızdan ötrü.

– Qısqanıram ha! Bir də belə şeylər demə, – qızın səsi titrədi.

– O, mənim ilk məhəbbətim idi. Daşa dəyən ilk məhəbbətim. Sən isə son məhəbbətimsən. Yasəmən qoxulu sevdamsan. Ömrüm boyu məni yaşadacaq sevdam.

Onlar üz-üzə dayandılar. Səssiz keçən bir neçə dəqiqə sanki Kişmişin sözlərinin təsdiqiydi.

– Gedək, birdən evdən axtararlar məni, – deyə qız həyəcanla dilləndi.

Qonşunun həyətinin tuşundan keçəndə işıqda arxalarınca baxanda bu ucaboy, yaraşıqlı oğlanın bir vaxtlar sısqa, qaraşın olduğuna görə Kişmiş çağrılan İlham olduğuna inana bilmədi… Mehriban «toyunda barışarıq», – deyib özünə təskinlik verdi…

VƏSİYYƏT


On beş dəqiqədən, bəlkə də yarım saatdan da çox idi ki, gözləri yumulu halda, hərəkətsiz uzanmışdı. Biləyində güclə hiss edilən nəbzindən başqa onda heç bir həyat əlaməti hiss olunmurdu. Sifətinin rəngi avazımış, göz çuxurları dərinləşmiş, dodaqları göyərmişdi.

Gözlərini alayarımçıq açıb Nazimin əlini buza dönmüş əlindən buraxmadan güclə eşidiləcək səslə:

– Nazim, məni tək qoyma, – dedi.

Anasının birdən-birə dəyişmiş sifəti sanki Nazimə həkim olduğunu unutdurdu. O, özünü itirib nə edəcəyini bilmədi. Lakin bu, bir an çəkdi. Sonra elə bil ağır yuxudan ayıldı. Əlini onun əlindən çəkib bir az əvvəl hazırlayıb saxladığı iynəni qoluna yaxınlaşdırdı. Əlləri əsdiyindən damarı güc-bəla ilə tapdı, məhlulu çətinliklə yeridib onun haçan təsir edəcəyini gözləməyə başladı. Saniyələr, dəqiqələr elə ağır keçirdi ki, sanki zaman donmuşdu. Bir xeyli keçəndən sonra anasının üzündə yenidən həyat əlamətləri görünəndə yaylığı ilə alnında, boynunda damcı-damcı donub qalmış soyuq təri sildi. Onun əlini yenidən əllərinin arasına aldı. Barmaqlarında zəif, güclə hiss edilən hərarət duyanda sevincdən gözləri yaşardı.