İki ay idi ki, Xədicə yatağa düşmüşdü. Ömrü boyu səhərlər xoruz banından da tez oyanıb axşamlar hamıdan gec yatmağa adət edən, ayaqları altında yer titrəyən, bir an belə işsiz qala bilməyən Xədicə indi bu balaca otaqdan bayıra çıxa bilmirdi.

Bu kiçik «məhbəsdə» keçən günlər ona əzab verirdi. Üç-dörd addım atan kimi yorulur, gözləri qaranlıq gətirir, taqətsiz halda çarpayısına uzanırdı. Belə hallarda hər şeydən bezib:

– Dağ boyda bədən sözümə baxmır, – deyə qəhərlə dillənirdi. Xəstələnəndən bəri tez-tez gözünü bir nöqtəyə zilləyib nə barədəsə elə hey düşünürdü. Hərdən isə deyinirdi:

– İşim-gücüm tökülüb qalıb… Ev-eşik başlı-başınadır… Bağ-bağat yiyəsizdir… Andıra qalmış xəstəlik əl çəksəydi, bir rahat nəfəs alardım. Qurban olduğum möhlət versəydi, bir əyin-başınıza baxardım.

– Ay ana, özünü bu qədər darıxdırma, bax, görərsən, tezliklə sağalacaqsan. Bir qədər səbr elə, infarktın dərmanı yataqdır. Bircə ay sakit uzanıb, dava-dərmanı vaxtında qəbul etsən, zəifliyin keçib gedəcək, – deyə Nazim ona ürək-dirək verirdi. Özü isə həkim həssaslığı ilə anlayırdı ki, anasının vəziyyəti ağırdır. Elə ağırdır ki, hər an, hər dəqiqə onu itirə bilərlər. Lakin bunu hamıdan – atasından, bacı-qardaşından, arvadı Gülcandan belə gizlədirdi. Nədənsə bu acı həqiqəti onlara deməyə cürət etmirdi. Anası üçün bir şey edə bilmədiyinə, əlindən heç nə gəlmədiyinə görə özünü qınayırdı. Onun bu halına görə özünü günahkar sayır, əlac edə bilmədiyinə görə ürəyində özünü ittiham edirdi. «Beş qəpiklik həkimliyin yoxdur. Əlindən heç nə gəlmir. Öz doğma anana şəfa verə bilmirsənsə, onda həkim deyilsən. Get, özünə başqa peşə tap!»

Yadına uşaqlıq illərindən bir xatirə düşdü. Onda beş ya şı vardı. Uşaqlarla anasının bişirdiyi qarğıdalı sütülündən ləzzətlə yedikləri yerdə birdən qarğıdalı dənəsi nəfəs borusuna düşmüşdü. Xədicə oğlunun bənizinin ağappaq ağardığını, sonra isə birdən göyərib yerə yıxıldığını görəndə onu qucağına alaraq, az qala qaça-qaça rayon mərkəzindəki xəstəxanaya çatdırmışdı.

– Bir az da geciksəydin, uşaq əlindən getmişdi, – deyə yaşlı həkim Nazimin nəfəs borusundan çıxardığı qarğıdalı dənəsini anasına göstərmişdi. Təhlükənin sovuşduğunu, Nazimin rahat nəfəs aldığını görəndə Xədicə sevincindən və keçirtdiyi sarsıntıdan kövrəlib uşaq kimi ağlamışdı. Bu hadisədən sonra onun ən böyük arzusu oğlunu həkim görmək idi. Tez-tez deyərdi:

– Böyüyərsən, oxuyub həkim olarsan. Ailəmizin öz həkimi olar. Mən xəstələnəndə özün məni sağaldarsan.

Nazim də onun arzu etdiyi kimi oxuyub həkim olmuşdu. Tibb Universitetini qırmızı diplomla bitirib öz rayonlarına qayıtmış, kardioloq kimi çalışmağa başlamışdı. Az müddətdə xəstələrin etimadını qazana bilmişdi. Lakin indi anası ağır xəstə ikən ona heç bir kömək edə bilmirdi. Dünyada ən əziz, ən doğma adamına yardım edə bilməməkdən əzablı nə ola bilərdi?

– Nazim, sən ağlayırsan? – Xədicənin səsi elə bil quyunun dibindən gəlirdi. Əlini oglunun saçlarına apardı. Amma onları sığallamağa taqəti çatmadığından tez də aşağı saldı. Nazimin son vaxtlar arıqlayıb almacıq sümükləri görünən gözəl sifətinə, yuxusuzluqdan çuxura düşən, eynən Ələddinin gözlərinə oxşayan xırda gözlərinə baxanda ürəyi nəvaziş və şəfqətlə doldu. Ciyərparasının bu hala düşməsinin baiskarı özü idi. «Uşaq əldən düşdü», – deyə kədərlə düşündü.

Vaxtının çoxunu xəstəxanada, xəstələrinin yanında keçirməyə adət edən Nazim Xədicə yatağa düşən gündən bəri təsadüfi hallarda evdən bayıra çıxırdı. Anasının xəstə yatdığını işdə hamı bilirdi. Ona görə də Nazimi narahat etməməyə çalışırdılar. Neçə-neçə ağır xəstəni ölümün pəncəsindən qurtarmış həkim indi öz anasının xəstəliyi qarşısında aciz idi. Həmkarları, Bakıdan konsiliuma dəvət olunmuş tanınmış kardioloqlar onun müalicə üsullarının düzgün olduğunu təsdiq etmişdilər. Bəs elə isə anasının vəziyyətində niyə dəyişiklik yox idi? İynələr, dərmanlar niyə təsir etmirdi? Anası niyə gözünün qabağında şam kimi əriyirdi?