–Oraydı. – Əli ilə qarşıdakı təpənin ətəyini göstərdi. Sonra yaxınlaşıb qarşıdakı kolun yanına düşmüş dəsmalı qaldırdı. – Biz orada dağdağan yığırdıq. Bu da mənim əl dəsmalımdır. Əlimi cibimdən çıxardanda düşüb.
–Bəs mağara hansı tərəfdədir? – Kapitan Seyfullayev xüsusi maraqla soruşdu.
–Elə ki, yağış yağmağa başladı, onda hələ qaranlıq düşməmişdi, biz sıldırım qayalığa doğru getdik ki, böyük daşlardan birinin dibində gizlənib yağışdan qorunaq. – Habil danışır və əli ilə oraları göstərirdi. – Bir az getmişdik ki, Kor Miseyibin tələsə-tələsə sıldırım qayalığa tərəf yüyürdüyünü gördük. Çağırmağa qorxsaq da, onun arxasınca yollandıq. Əyilə-əyilə boz daşın dibindəki mağaraya girdiyini görüb dayandıq. Sonra daha irəli getməyib elə buradakı daşların dibində gizləndik ki, islanmayaq.
–Kor Miseyibin haradan gəldiyini görmədiniz?
–Yox. Biz onu qəflətən gördük, onda da mağaranın yaxınlığındaydı. Hə, daşın dibində nə qədər uzandığımızı bilmirəm, bir də ayağa qalxdıq ki, yağış kəsib, qaranlıq da düşüb. Ha axtardıqsa, gəldiyimiz yolu tapa bilmədik. Heç özümüz də bilmədik ki, sərhəddin qırağına necə gəlib çıxmışıq.
Uşaqların danışığından kapitan Seyfullayev təxmini də olsa mağaranın yerini müəyyənləşdirdi.
–Mağaranın yanına hamılıqla getməyimiz məsləhət deyil. – Leytenant Osmanov öz fikrini bildirdi. – Yaxşı olar ki, siz burada qalıb müşahidə aparasınız. Əsgərlərdən birini çıxardın, ağacdan müşahidə aparsın ki, bizim də hərəkətimizi izləyə biləsiniz. Mən çavuş İbrahimovla mağaranın dəqiq yerini müəyyənləşdirməyə yollanıram. Sonra qayıdıb gələrəm, bir plan cızarıq.
Kapitan Seyfullayev razılaşdı. Əsgərlərdən birini müşahidə üçün ağaca çıxartdıqdan sonra yarpaqları daha sıx olan qoca ulas ağacının kölgəsində göy otun üstünə döşəndilər.
Leytenant Osmanovla çavuş İbrahimov isə ardınca uşaqların göstərdiyi istiqamətə yollandılar. Onlar gəlib qəflətən düz mağaranın üstünə çıxdılar. Geri qayıtmaq, gizlənmək mümkün olmadı, mağaranın ağzında oturmuş yekəpər biri ilə üz-üzə qaldılar. Yekəpər onlarla rastlaşacağını yəqin eləməsə də hər hansı təhlükəyə qarşı hazırlıqlı vəziyyətdəydi. Sərhədçilərə silahlarını qaldırmağa aman vermədən əlindəki dəyənəyi leytenantın başına endirdi. Osmanov bunu gözləmədiyindən avtomatı buraxıb əlbəyaxa döyüşün qaydalarına uyğun əlləri ilə dəyənəyi tutub qaytarmağa cəhd etdi. Ancaq iş-işdən keçmişdi, dəyənək leytenantın başına dəyib onu yerə yıxdı. Leytenantın yerə yıxıldığını görən yekəpər qaçmağa üz tutdu. Hadisə o qədər ani oldu ki, çavuş İbrahimov özünü itirdi, bilmədi yekəpərin arxasınca getsin, yoxsa nə etsin.
–Cənab leytenant, sizə nə oldu? – Yaxınlaşıb leytenantı ayağa qaldırmağa çalışdı.
Leytenant Osmanov gözlərini açıb bir də yumdu, dünya-aləm onun başına fırlandı. Ani olaraq fikirlərini cəmləşdirib gözlərini açdı və ayağa qalxdı. Dəyənək başına dəyməyinə dəymişdi, ancaq xoşbəxtlikdən əlləri ilə zərbənin qarşısını ala bilmişdi.
–Hansı tərəfə qaçdı?
–Bu tərəfə. – Çavuş İbrahimov əli ilə yekəpərin qaçdığı səmti göstərdi.
–Çavuş, yekəpərin dalınca! – Leytenant Osmanov komanda verdi. – Çox da uzağa gedə bilməz. Gördünsə xəbərdarlıq atəşi aç. Harda olsa tutacağıq.
–Cənab leytenant, bəlkə qayıdıb kapitan Seyfullayevə məlumat verək?
–İndi qayıtmaq vaxtı deyil. Yekəpər aradan çıxa bilər. Biz mütləq onu yaxalamalıyıq.
Çavuş İbrahimov yekəpərin qaçdığı istiqamətdə yerindən götürüldü. Leytenant Osmanov da özünü cəmləşdirib həmin istiqamətdə yol aldı.
Ağacın başından ətrafı müşahidə edən sərhədçi əsgər sıldırımlı qayalığın ətəyi ilə bir nəfərin qaçdığını görüb kapitan Seyfullayevə xəbər verdi.