Uşaqlar kənd uşaqları idi – sərhədçilərdən heç də geri qalmırdılar. Amma çox yorulduqlarından yoxuşun sərt yamacında dayanası oldular.
–Bəlkə bir az dincələk. – Baş leytenant təklif etdi, heç kimin dinmədiyini görüb qərarını açıqladı. – Pe-re-val.
–Pis olmazdı. – Kapitan Seyfullayev onunla razılaşdı və yerə oturdu, buna bənd imişlər kimi əsgərlər də tirtap göy otun üzərinə döşəndilər. – On beş-iyirmi dəqiqə nəfəsimizi dərib yolumuza davam edərik.
–Bir azdan gün qızacaq. Onda yoxuşu qalxmaq bizim üçün daha çətin olacaq. – Leytenant Osmanov öz fikrini bildirdi. – Məndən olsa yolumuza davam edərdik.
–Heç nə olmaz. Beş-üç dəqiqə dincimizi alıb güc toplasaydıq, pis olmazdı. – Xüsusi şöbənin zabiti fikrini əsaslandırdı.
–Yol gəlmişik, bədənimiz qızışıb. Dayansaq halsızlaşa bilərik. – Leytenant inadından dönmədi.
–Sən heç bilirsənmi nə qədər yolumuz qalıb? Bir də bura sənə Sərhəd Akademiyasının idman meydançası deyil, Bıtarın dik yamacıdır. Axı sən hardan biləsən dik yoxuş nədir. – Baş leytenant azaylandı.
–Əgər dik yamacı qalxmaqda narahatçılıq çəkirsinizsə, onda yolumuzu dolayısı ilə davam edə bilərik.
–Yetər mübahisə etdiniz. – Kapitan Seyfullayev ayağa qalxdı və yerə döşənmiş əsgərlərə də qalxmaq işarəsi verdi. – Madam ki, gedəcəyik, gedək. Çavuş İbrahimov, indi də sən qabağa keç.
Onlar “hadisə yeri” nə çatanda günəş üfüqdən bir baş da yuxarı qalxmışdı.
–Uşaqlar, siz buraları tanıdınızmı?
–Gecə qaranlıq idi, heç özümüz də bilmədik ki, bura haradan gəlib çıxmışıq.
–Oraydı, cənab kapitan, oraydı. – Çavuş İbrahimov məlumat verərək əli ilə altmış-yetmiş addımlıqdakı ağaclığı göstərdi. – Biz sıldırım qayalıq tərəfdən sərhəd boyu baxa-baxa qayıdırdıq. Buradan keçəndə, bax, o yekə palıdın yanında şıqqıltı eşitdik. Fanarla palıdın yan-yörəsini işıqlandırdıq və uşaqların qaraltısını gördük. Dərhal: “tərpənməyin, əllər yuxarı” komandasını verdim. Uşaqlar isə bizi eşitməyib meşənin dərinliyinə tərəf qaçmağa başladılar.
–Biz ağacın arxasında gizlənmək istədik. Qaranlıqda necə qaça bilərdik? – Habil sanki indi özünə gəlirmiş kimi çavuşun sözünə etirazını bildirdi.
–İndi mübahisə etməyin yeri deyil. Hadisə ilə bağlı nə bilirsinizsə danışın. Bir azdan gec ola bilər. Əməliyyata başlamaq lazımdır. – Kapitan Seyfullayev təklif etdi. – İki qrupa bölünürük. Baş leytenant Əzimov iki əsgərlə bir-iki kilometrlik sağ tərəfdə – sıldırım qayalıq istiqamətində yoxlama-müşahidə aparır. Leytenant Osmanovla mən isə çavuş İbrahimovun üç əsgəri ilə bərabər uşaqların dağdağan yığdıqları yeri tapmaq üçün meşənin dərinliyinə doğru irəliləyəcəyik.
Baş leytenant Əzimovun dəstəsi öz xidməti vəzifəsini yerinə yetirmək üçün deyilmiş istiqamətə yollandı. Onlar gedəndən sonra kapitan Seyfullayev soruşdu:
–Görürəm, diribaş zabitə oxşayırsan. Sənin təklifin nədir?
–Heç şübhəsiz ki, Kor Miseyib yığdığı meyvələri mağarada gizlətmir, onun gizlətdiyi hər nədirsə daha qiymətli və əngəlli bir şeydir. Odur ki, biz onu tapmalıyıq. Bunun üçün bir-birimizdən əlli-altmış addımlıqda meşəni cəzirələyirmişik kimi dərinliyə doğru addımlamalıyıq. Ola bilməz ki, o, buralarda hər hansı bir iz buraxmasın.
–Heç olmasa dağdağan yığdığınız yerdə yadınızda bir şey qalıbmı? – Kapitan Seyfullayev uşaqlardan soruşdu. – Meşə qalın idi, seyrəkdi? Ağaclar hündür idi, yoxsa alçaqdı?
–Ağaclar alçaq idi və seyrəklikdi. Dağdağan ağacları çox idi, amma hər ağacda meyvə yoxuydu. – deyə Habil cavab verdi.
–Aydındır! Getdik. – Kapitan Seyfullayev komanda verdikdən sonra dəstə hərəkətə keçdi.
On-on beş dəqiqə olardı ki, axtarış başlamışdı. Kapitan Seyfullayevin arxasınca gedən Habil tanış ərazi görüb dilləndi.