–Bax, bunları gedib məktəbdə, toplantıda söyləyərsən.
–Cənab mayor, mən təzə gəlmişəm. hələ ki, zastavanı, qoruduğumuz ərazini düz-əməlli tanımıram. Bəlkə görüşə baş leytenant Əzimovu göndərəsiniz.
–Mən də istərdim baş leytenant Əzimovu göndərəm. Ancaq icra nümayəndəsi zəng edib müəllim və şagirdlərin səni görmək istədiklərini bildirdi. Çavuş İbrahimova tapşırmışam, özü ilə iki nəfər nümunəvi xidmət keçən əsgər götürəcək. Səhər yeməyindən sonra yola düşərsiniz. – Mayor Bədəlov bunu deyib sürmədən iki ədəd döş nişanı çıxartdı və onları leytenanta uzatdı. – Al, bunlar “sərhədçinin dostu” döş nişanıdır, Habillə Cümşüdün yaxasına taxarsan.
–Cənab mayor, o nişandan varsa, birini də verin.
–Üçüncü nişanı neyləyəcəksiniz?
–Bəlkə məktəbdə, ya kənddə elə bir fəal tapıldı ki, onun da yaxasına nişan taxası olduq.
–Yaxşı, qoy olsun. – Mayor Bədəlov siyirmədən daha bir döş nişanı çıxardıb leytenanta verdi.
Kənd çox da uzaqda deyildi – zastavanın iki kilometrliyində yerləşirdi. Leytenant Osmanov sərhədçi əsgərlərlə məktəbə çatanda saat doqquzu keçmişdi. Növbətçi müəllim onları qarşılayıb müəllimlər otağına apardı – otaq çatışmadığından məktəb direktoru da müəllimlər otağında otururdu. Direktor və müəllimlər sərhədçilərin gəlişinə çox sevindilər, ayağa qalxıb onlarla çox mehriban, lap doğmaları kimi görüşdülər. Leytenant Osmanov burada heç kimi tanımasa da, bir doğmasını axtarırmış kimi diqqətlə hamını nəzərdən keçirdi. Direktor oturduğu masadan bəridəki masanın arxasında əyləşən qarayanız suyuşirin qız ona yaman xoş gəldi, harada, nə vaxt gördüyünü, yaxud qarşılaşdığını xatırlamağa çalışdı. Deyəsən, müəllimə qız da ona altdan-altdan göz qoyurdu. “Bu nədir, yoxsa mən vuruluram, aşiq oluram?” deyə leytenant tez də nəzərlərini həmin müəllimə qızdan yayındırmağa çalışdı.
Toplantı həyətdə təşkil olundu. Əvvəlcə məktəbin direktoru çıxış elədi. Çox danışmadı, toplantıya yığcam giriş verdi. Onun ardınca iki-üç nəfər müəllim çıxış nitqi söylədi, şagirdlər sərhədçilərin şəninə yazılmış şeirlərdən parçalar oxudular. Leytenant Osmanovun nəzərləri izdihamın içində həmin o qız müəlliməni gəzirdi ki, çıxış üçün söz ona verildi.
–İndi də çıxış üçün söz dil-ədəbiyyat müəllimi Sara Bəydəmirovaya verilir.
Sara söhbəti tələbəlik illərindən saldı, tez-tez hərbi məktəblərdə təhsil alan müdavimlərlə görüşlərindən bəhs etdi, bir dəfə Sərhəd Qoşunları Akademiyasında keçirdikləri görüşdən, ayrılmaq istəmədiyi xoş təəssüratlardan danışdı.
O, danışır, leytenant Osmanovun xəyalları isə geriyə qayıdırdı, onu həmin xoş günlərə səyahətə aparırdı. Osmanov bayaqdan diqqət yetirdiyi həmin qızı xatırlayırdı, özü də yaxşı xatırlayırdı.
–İndi də söz sərhəd zastavasının nümayəndəsi leytenant Osmanova – dünənki günümüzün qəhrəmanına verilir. – Alqışlar içində ani olaraq fikir-xəyal aləmindən ayrılan leytenant Osmanov özünü cəmləşdirməyə çalışsa da tər onu basdı, birtəhər iki addım atıb qabağa çıxdı.
–Həmvətənlərim! Dövlət həm də mükəmməl qorunan sərhədləri ilə tanınar. Sərhədləri qorumaq isə millətin ən vacib vəzifəsidir. Biz sərhədçilər dövlət sərhədlərinin müdafiəsini təşkil edirik. Bu işdə hamının köməyi olmalıdır. Necə ki, dünənki əməliyyatda, Kor Miseyibin tutulmasında Habillə Cümşüd bizə lap yaxından köməklik göstərdilər. Onlar olmasaydı cinayətkar belə tezliklə yaxalanıb ifşa edilməyəcəkdi. Kim bilir, bundan sonra o, dövlət sərhədlərini neçə dəfə pozmağa cəhd göstərəcəkdi, daha hansı fitnə-fəsadlar törədəcəkdi. Zastava rəisinin əmri ilə Habil və Cümşüd “sərhədçinin dostu” döş nişanı ilə təltif olunurlar. Buyursunlar.