–Neynək. İndi sərhəd dəstəsinin qərargahından xüsusi şöbənin zabiti gəlir, yoldadır. Biz bir şey aşkarlaya bilmədiksə, o, uşaqlarla söhbət edər. Bəlkə bir şey tapıb üzə çıxartdı. Sonra da uşaqları ona təhvil verərik, qərargaha aparar.
–Yoldaş mayor! Burada xüsusi şöbəlik nə var ki?! İcra nümayəndəsinə məlumat vermişəm. İndi uşaqların arxasınca valideynləri gəlməlidir.
–Nə deyirəmsə, onu da elə. Burada məmə yeyəndən pəpə yeyənə kimi hər kəs bilir ki, ərazi sərhəd bölgəsidir. İndiyə kimi quş quşluğu ilə sərhəddin əlli-yüz metrliyində hərlənməyib. Yerli əhalidən heç kim sərhədçi görəndə qaçmayıb. Uşaqlar əsgərləri görəndə qaçmağa cəhd göstəriblərsə, deməli burada nə isə bir sirr var. Çünki meşədə azmış uşaqlar əsgərlərdən qaçmalı deyildi, onlara yaxınlaşıb kəndə qayıtmaq üçün kömək istəməliydi. Bax, bütün bunları aydınlaşdırmaq gərəkdir. Biz aydınlaşdıra bilmədiksə xüsusi şöbənin zabiti mütləq müəyyənləşdirər.
–Aydındır! – deyə yarıciddi, yarıkönülsüz cavab verdi baş leytenant Əzimov.
–Leytenant Osmanovu da özünlə götür, zastavadakı həyat barədə məlumat verərsən. Həm də otağın açarını verin, yerləşsin. Nahardan sonrakı bölgüdə şəxsi heyətə təqdim edərəm.
–Cənab mayor, bəs Savalan kişinin atı necə olsun? – Leytenant Osmanov maraqlandı. – Axı onu geri qaytarmaq lazımdır.
–Heç narahat olma. Gizir Yusifov bu gün məzuniyyətə gedəcəkdir. Savalan kişinin atını da o, aparar.
–Gedə bilərikmi? – Baş leytenant Əzimov lap tikan üstündə oturubmuş kimi dilləndi.
–Gedin.
–Oldu! – Baş leytenant Əzimovla leytenant Osmanov təzim edib otaqdan çıxdılar.
–Tanış olaq, mənim adım Vidadidir. – ilk olaraq baş leytenant Əzimov əl uzatdı.
–Osman! – Leytenant Osmanov onun əlini sıxdı.
–Sərhəd Qoşunlarının Akademiyasını bitirmisən?
–Hə, bəs sən?
–Mən Pedoqoji Universitetin psixologiya fakültəsini bitirmişəm. Əsgərlikdən sonra üç aylıq zabit kursu keçib hərbi rütbə almışam. Beş illik müqavilə əsasında xidmət keçirəm. Üç ilim keçib, qalıb iki ilim.
Onlar danışa-danışa gəlib baş leytenant Əzimovun dəftərxanasına çatdılar. Otağa daxil olan kimi uşaqların ikisi də yerlərindən dik atıldılar.
–Baxın, sizə axırıncı xəbərdarlığımı edirəm. Leytenant Osmanov sizin işinizlə bağlı Bakıdan gəlib. Indi o da sizinlə söhbət aparacaq. Əgər günahınızı boynunuza almasanız… işləriniz fırıxdır. – Baş leytenant Əzimov bunu deyib otağı tərk etdi, çıxanda leytenant Osmanova işarə verdi ki, söhbətini elə, indilərdə qayıdıram.
–Oturun! – Leytenant Osmanov uşaqlara asta səslə komanda verdi və özü də keçib onlarla üzbəüz əyləşdi. – Tanış olaq. – deyib əl uzatdı.
Uşaqlar bunu gözləmirmiş kimi devikə-devikə qaldılar, sonra bir-birlərinin ardınca leytenantla əl tutub salamlaşdılar.
–Habil.
–Cümşüd.
Uşaqlar adlarını deyəndə elə bil ağarmış bənizlərinin rəngi yerinə gəldi, sifətləri allandı. Bu, əlbəttə ki, leytenant Osmanovun nəzərindən yayınmadı, deməli, səmimi söhbət aparmaq olardı.
–Komandir, bəs bizi döyməyəcəksiniz?
–Kim dedi ki, sizi döyəcəyik? – Leytenantın sualına uşaqlar cavab verə bilmədi, sadəcə gözlərini döydülər.
–Bəs bayaqkı komandir deyirdi ki, bizi türməyə basdıracaq.
–Döymək nəyə lazımdır. – Leytenant Osmanov gülümsündü. – Biz cinayətkarı axtarırıq. Siz bu işdə gərək bizə kömək edəsiniz.
–Sizə necə kömək edə bilərik. Biz axı heç bir cinayətkar görməmişik və tanımırıq da. – Habil cavab verdi, Cümşüd də onun dediklərini başının işarəsi ilə təsdiqlədi.
–Uşaqlar, gözləməyə vaxtımız yoxdur. Siz sadəcə başınıza gələn əhvalatı danışın, ancaq heç nəyi gizlətməyin. Meşəyə nəyə getmişdiniz, orada nə gördünüz, kimi gördünüz?