–Kim verib o siyahını sizə?

–Zakir Hüseynov. Bir də sənə nə dəxli var kim verib. Düş gəl, bizimlə getməlisən.

–Mən düşə bilmirəm.

–Necə yəni düşə bilmirəm? Bəs ora necə çıxmısan?

–Məni bura çıxarıblar. Dedim axı, mayor Orduxanov mənə iki nəfər qoşmuşdu. Gətirib qoydular burda, çıxıb getdilər.

–Bu, deyəsən, bizimlə məzələnir e… – Hərbi polisin zabiti üzünü əsgərə tutdu. – Qalx yuxarı, onu düşür aşağı.

Əsgər qaça-qaça evə girib Umudun otağına qalxdı. Qaça-qaça da geri qayıtması bir oldu. Rəngi ağappaq ağarmışdı.

–Nooldu? Niyə qayıtdın?

–Komandir, özünüz qalxsanız yaxşıdır.

Hərbi polisin zabiti də içəri keçdi. Umud pəncərədən yerə düşmüşdü, döşəmənin üstündəydi. Zabit ona baxdı… baxdı, sonra diqqətlə siyahıya göz gəzdirdi. Doluxsundu, deyəsən, gözləri doldu, siyahı gözündə axdı. Tutulan kimi oldu və asta səslə dilləndi:

–Bizi bağışla… amma başa düş… başa düşməyə çalış… Yuxarıdan qəti tapşırıblar, hamını yığmalıyıq, koru da, şikəsti də, lalı da, karı da… Qarabağ uğrunda elliklə hücuma keçəsiyik.

Umudun anası gəldi.

–Qoymaram oğlumu aparasınız…

Hərbi geyimlilərdən səs çıxmadı.

–Bəlkə kənd sovetindən arayış alıb verim?

–Yox, ana, getsəm yaxşıdır. Gəl, mənim əsgər paltarımı geyindir. Deyəsən, müharibə hələ davam edəcək. Piyada deyiləm ki, tankçıyam. Təki məni qaldırıb tanka oturtsunlar. Atıcının ayağa ehtiyacı yoxdur, orda hər şey göz və əl ilədir.

–Biz əmrə tabeyik. Bizdən olsa… özümüz hər şeyi gördük. Amma orda bizim sözümüzə inanmayacaqlar. – Hərbi polisin zabiti anaya başa salmağa çalışdı. – Əmr olunub ki, bu siyahıya adı düşənlərin hamısı qərargaha gətirilməlidir.

Hərbi geyimlilər dinməzcə həyətə düşdülər. Hərəsi bir siqaret yandırdı.

Anası ağlaya-ağlaya Umudu geyindirdi.

Sonra onlar yenidən yuxarı qalxdılar. Ana kənardan hərbi geyimli oğlunu süzürdü. Əsgərlərdən ikisi əllərini qoşalayıb Umudu çarpayının üstündən götürdülər. Zabitin işarəsi ilə aşağı düşürməyə başladılar.

Ana dözə bilmirdi, amma özünü sıxıb saxlamışdı, cıqqırı da çıxmırdı, gözlərindən isə su sel kimi axırdı.

–Qorxma, ana! – Umud ötkəm səslə dilləndi. Sən heç narahat olma, məni bu vəziyyətdə tutub türməyə basmayacaqlar ki! Əgər vətənin bu gün mənim kimi döyüşçüyə ehtiyacı varsa, mütləq getməliyəm. Qoy məni aparıb pulemyotun arxasına oturtsunlar, tankın qülləsinə mindirsinlər. Görsünlər erməniləri necə biçirəm.

Oğlunun aparılmasını görməmək üçün üzünü divara çevirib məchul bir nöqtəyə baxan Ana isə bunları eşitmirdi, bu zaman onun başında bir uğultu, bir haray vardı. Bu haray ona tanış deyildi, heç vaxt, heç yerdə, heç kimdən belə bir haray eşitməmişdi…

“Bizi Umudsuz qoyma!” Kim idi bunu haraylayan? Ana başa düşə bilmirdi. Umudun ondan əziz, ondan yaxın, ondan məlhəm kimi ola bilərdi? Qəfildən geri çevrildi. Çevrildi ki, oğlunun arxasınca qışqırsın, amma artıq gec idi, Ana çevriləndə Umudu oturtduqları tünd göy rəngli hərbi maşın darvazanın ağzından uzaqlaşdı.

Umud onsuz qala bilməyən Vətənin harayına gedirdi. Maşının arxasınca bir müddət baxan Ana yaxşı ki, bunu başa düşüb sakitləşdi, yoxsa ürəyi partlayardı. Həyətə düşüb əllərini göyə qaldırdı, Tanrıya dua elədi: “Nə olar, ya rəbb, bizi də Umudsuz qoyma!”

Sevgi və Borc

“Fəxr eyləmə, ey bülbülü şeyda ki, çəmənim var mənim,

Qoy, fəxr eyləyim mən ki, gözəl bir vətənim var mənim”

Əliağa Vahid


Bakı – Astara qatarı İydəli keçidində bir anlıq dayanıb tərpənəcəkdi. Keçid Masallı stansiyasından üzü Lənkərana tərəf beş kilometrlik məsafədə yerləşirdi. Nadir hallarda olsa da, keçiddə düşənlərə təsadüf edilirdi. Burada qatardan düşənlər, əsasən, sərhədçilər olurdu – bəlkə də keçidi onlar üçün nəzərdə tutmuşdular.