–Öhö…, öhhö…
Ağaclıqdan iki dəfə öskürək səsi gəldi, gələn adam həqiqətənmi öskürdü, yoxsa imitasiya elədi, bunu Osman ayırd edə bilmədi. Həmin səmtə diqqət kəsilib gələn adamın üzə çıxmasını gözlədi.
–Öhö…
Leytenant Osmanov lap yaxınlıqdan öskürək səsini eşidən kimi gələn adamın əhli-hal olduğunu yəqinləşdirdi, gələn hər kim idisə, özünü nişan verirdi. Dərhal cib fanarını çıxarıb hazır tutdu ki, yaxın məsafədə sifətini işıqlandırıb görə bilsin. Gələn hər kim idisə, onu qarşılamağa gələn sərhədçilərdən deyildi – bunu yəqin etdi leytenant Osmanov. Ən azından sərhədçilərin fanarı olmalıydı – belə qaranlıq gecədə fanarsız hərəkət etmək çox çətindi, hətta ərazini yaxşı tanıyan adam olsa belə, çünki ayın işığı hər yeri işıqlandırmırdı.
Növbəti öskürək səsini lap yaxın məsafədə eşidən leytenant Osmanov cəld cib fanarını yandırıb gələn adamın sifətini işıqlandırdı. Əynində gödəkçə, əlində kortəbii hazırlanmış əsa, başında isti qış papağı olan ahıl yaşlarında bir kişi onun beş-altı addımlığına çatıb dayandı.
–Tək gəlmisiniz? – İlk sualı qoca verdi.
–Siz kimsiniz? – Leytenant suala-sualla cavab verdi.
–Salam, oğlum. – Sanki indi nəfəsini dərirmiş kimi kişi leytenantı salamladı, ancaq ona əl uzatmadı. – Yəqin zastavaya gedəcəksən?
Osman qocanın sualı qarşısında duruxdu. “Qoca kimdir? Onun zastavaya gedəcəyini haradan və necə öyrənə bilərdi?”
Uzaqdan ulaşan çaqqalların səsi gücləndikcə gecə daha da vahiməli görünürdü. Bu qaranlıq gecədə keçiddə onların ikisindən başqa heç kim yox idi. İnansa da, inanmasa da leytenant onunla danışmalı, həmdəm olmalı idi. Osmanov qorxu hissi keçirməsə də ehtiyatlı olmağa çalışdı.
–Bunu siz hardan bilirsiniz?
–Bunu bilməyə nə var ki, oğlum? Sən burdan keçən nə birinci sərhədçi deyilsən, nə də axırıncı. Birinci dəfə gələnlər həmişə səhvən burda düşürlər. Elə ki, yolu-yolağanı öyrəndilər, sonra Qazmalarda düşüb oradan zastavaya taksi ilə, ya arxalarınca gələn maşınla yollanırlar.
“Bunu bələdçi də mənə dedi. Yaxşı, bəs belə olan halda niyə təlimatda zastavaya getmək üçün düşüləcək yer “İydəli” göstərilib?” Osman özlüyündə bir an götür-qoy edib qocadan soruşdu:
–Buradan zastavaya getmək olmaz ki?
–Yəqin ki, sən təzə zastavanı nəzərdə tutursan – Kilid zastavasını. Niyə olmur, olar. – Qoca suala aram-aram cavab verdi. – Əvvəlcə bu ərazilərin hamısına Salam Məlik zastavasından nəzarət edirdilər. Zastavaya da Qazmalardan gedirdilər. Kilid zastavasını təzə yaradıblar – heç bir il olmaz. Oraya Qazmalardan da getmək olar, burdan da. Ancaq ən yaxın yol burdandır. İntəhası buradan maşın yolu-zad yoxdur, gərək piyada gedəsən.
–Nə qədər getmək lazımdır?
–Yaxşı getsən saat yarımlıq yoldur, on kilometrdən bir az artıq olar.
–Olsun, mən gedərəm. Təki siz mənə yolu göstərin.
–Tələsmə, oğlum. Hələ səhərin açılmasına çox var. Gedək, bizdə gecələyərsən. Səhər sübh tezdən atı verərəm, minib yoluna davam edərsən. At minə bilirsənmi? Narahat olma, Kəhər nadinc deyil, yolu da yaxşı tanıyır. Çəhlimə düşdü, qırağa çıxan deyil, birbaş səni zastavaya aparacaq.
–Atı indi verə bilərsənmi? Mən yoluma davam edərdim.
–Oğlum, səhərin açılmasına hələ üç-dörd saat var. Bir azdan ay dağın arxasına keçəcək, ətrafı zülmət qaranlıq bürüyəcək. Gedib qayadan uçarsınız, atı da, özünü də tələf edərsən. Gəl, görüm, gedək evə. Hava işıqlaşar, sonra yola salaram, gedərsən.
Osmanov daha bir söz demədən əşya çantasını götürüb kürəyinə geyindi. Çamadanını yerdən qaldırıb qocanın arxasınca addımladı. Ay, doğrudan da üfüqə yaxınlaşırdı, bəlkə də bir barmaq məsafəsindəydi. Qocanın danışığında bir doğmalıq, bir səmimiyyət hiss etsə də ürəyindəki şübhələr ona rahatlıq vermirdi. Amma başqa çıxış yolu da görmürdü.