Umud bircə onu bilirdi ki, evlərinə gedir. Hardan gəlir, nədən gəlir, fərqində deyildi. Birinci plaskartda alt yerdə necə oturtmuşdularsa, eləcə də oturub qatarın tərpənməsini, yola düşməsini gözləyirdi.

Elə ki, qatar fit verib yerindən tərpəndi, Umudun canına rahatlıq yayıldı. Adam elə bil min ilin yorğunuydu, min ilin yuxusuzuydu.

Qatar dayanacaqdan təzəcə aralanmışdı ki, Umudun canına üşütmə düşdü, rahatlıq birdən gəldiyi kimi bir anın içində də yoxa çəkildi. Birdən özü-özündən şübhələnməyə başladı. O, düzgünmü minmişdi qatara? Vaqondakıların danışığı heç onların danışığına oxşamırdı. Birdən vaqona səhv minər? Yaxşı, deyək ki, Umud səhv mindi, bəs bileti yoxlayanda pravadnik hara baxırdı?

Növbəti dayanacaqda Zakir bələdçi özü Umuda yaxınlaşdı.

–Umud! – dedi. – Gəl, səni ikinci polkaya qaldıraq. Bir qadın var, uşağı ilə birgə gedir. Onlar yuxarıda yerləşməzlər, yenə aşağıda ana-bala baş-ayaq birtəhər keçinərlər.

–Nə deyirəm ki! – Umud razılaşdı.

Zakir bələdçi başqa bir pəzəvəngin köməkliyi ilə Umudu qaldırıb ikinci polkaya uzatdılar.

Daha bir dayanacaq getmişdilər ki, Zakir bələdçi yenə də gəldi.

–Mənim Umud qardaşım! – Yağlı dilini işə saldı. – Bir də bir kişi gəlib, yaşlı kişidi. Aşağı cərgələrdə yer qalmayıb, heç tualetin yanındakı bokovoy da boş deyil. Gəlsənə, icazə verəsən, onu qaldıraq sənin yerinə.

–Bəs mən harda uzanıb yatım? – Umud soruşdu və “deyəsən bunlar məni axırda döşəmənin üstünə uzadacaqlar” düşündü.

–Heç narahat olma, səni indi üçüncü polkaya qaldıracağıq. Sənin üçün nə fərqi var, təki yatmağa yer olsun. Axı sən keçmiş döyüşçüsən, canın bərkdir.

–Nə deyirəm ki! – Umud yenə də təslim oldu, amma bir şeyi başa düşə bilmədi, bilmədi ki, onun keçmiş döyüşçü olduğunu qiymətləndirirlər, yoxsa başına qaxınc eləyirlər.

Onu qaldırıb üçüncü polkaya uzatdılar. Yerinə uzundraz bir kişi çıxdı. O qədər uzun idi ki, ayaqları çöldə qalmışdı.

Bir az da getmişdilər ki, Zakir bələdçi yenə gəldi.

–A kişi, tez elə, yolpulunu ver. Ayaqlarını da yığ qarnına, az qala ortadan keçənin gözünü çıxarasan.

–Nağayırım, uzundu, yerləşmir.

–Heç olmasa revizorlar gəlib gedincə yığ.

Zakir bələdçi kişidən pulu alan kimi aşağıda uzanan arvada təpindi.

–Tez elə, sən də pulu ver, görüm.

Arvad eşələnib harasındansa əzik pul çıxarıb ona uzatdı.

–Bu nədir? – Zakir bələdçi narazılığını bildirdi. – İki nəfərə iyirmi manat azdır. Heç olmasa otuz elə. Tez elə. İndi revizor gələcək. Uşağı da böyrünə elə uzat ki, başı adyalın altında olsun, revizorlar görməsin.

–Boğular axı… – Arvad etiraz elədi.

–Qolunu başının yuxarısından elə qoy ki, adyalın altına hava getsin, boğulmasın. Revizorlar gəlib gedəndən sonra çıxar.

–Bəs deyirdin, uşağa ayrıca yer verəcəksən?

–Yer oldu, vermədim! Revizorlar bir ucdan göndərirlər. Görmürsən polkalarda iki-iki yatırlar?

–Onda mən özüm revizora deyəcəm.

–De. De, görüm sonra nə olacaq. Ana-bala hərənizə əlli manat cərimə yazacaq, qalacaxsan cıvıldıya-cıvıldıya.

Zakir bələdçi təzəcə getmişdi ki, dediyi revizorlar gəldi. Adamları saya-saya vaqonu o başa gəzdilər, bu başa qayıtdılar, birdən üçüncü polkada uzanan Umudu gördülər.

–Aha, tapdıq, bezbilet burdaymış ki!

–Qalxıb üçüncü polkaya ki, görməyək.

–Tez elə, düş aşağı!

Elə bu an aləm qarışdı bir-birinə, qışqır-bağır vaqonu götürdü başına. Danqadurunq səsindən başı getdi, qulağı cingildədi…

…Umud bir də baxdı ki, heç nə yoxdu. “Bu nə yuxuydu, mən gördüm?”

Darvazanın danqıltısı bir də gələndə gözlərini tam açdı və anladı ki, gördüyü yuxuymuş, çünki qatarda deyil, öz yatağında uzanılıydı.

“Bu nə idi, yuxuydu, gerçəy idi?” Artıq səhər idi, hava işıqlaşmışdı. Umud hamısını qarışdırmışdı. İndi xatırladı ki, o, yuxudan ayılanda gecə yarı idi. Şirin xəyalları onu yaxın keçmişinə – döyüş yollarına, yaralanmasına, İranda müalicəsinə, ziyafət-vida məclisinə aparırdı. Bəs nə vaxt yenidən yuxuya getmişdi, bundan xəbəri olmamışdı.