Fərrux Qüdsi Hacıyevin qətlə yetirildiyini eşidən kimi qeyri-ixtiyari ön tərəfdə oturan Talıba tərəf baxdı. Muradxan Qalabəyovla söhbətdən sonra o Talıbı Sovet hökumətinin ətçəkən maşınının ağzına atmaq üçün qarşısını kəsən maneənin Baş prokurorun müavini Qüdsi Hacıyev olduğunu düşünürdü. Artıq önü açılmışdı. Şəhrizadı ələ keçirməsinə bir addım qalmışdı. Qüdsi ortada yoxdursa, yəqin ki, onu Fövqəladə komissiyasının sədri Mircəfər də müdafiə etməzdi.

– Əə, dur de də kim öldürüb Qüdsini, – deyə qəzəblə Fərrux yanında

oturmuş Əhmədəlinin qulağına dedi.

Yerində donub qalan Əhmədəli ağappaq oldu:

– Kim öldürüb ki?

– Ə guya bilmirsən?

– Vallah bilmirəm, yoldaş Söhbətov.

– Tülküsən, tülkü… İndi yox. İclas qurtaranda Cəbrayılova

yaxınlaşıb de ki, Qüdsini Talıbın göstərişi ilə Məmmədrəsul öldürüb. Eşidirsən məni?

Yerində donub qalmış Əhmədəli handan-hana:

– Oldu, baş üstə, yoldaş Söhbətov, – dedi.

– Yoldaşlar, indi siz ikiqat ayıq olmalısınız, inqilab düşmənlərini

vaxtında ifşa edib xəbər verməlisiniz.

İclas başa çatdı. Camaat dağılışırdı. Fərrux Əhmədəliyə baxıb başı ilə Cəbrayılova tərəf göstərdi.

Əhmədəli başını silkələyib Cəbrayılovun arxasınca getdi. Çekistin yanında sovet sədri Sibir Qəzənfər və kolxoz sədri Süleyman olduğundan Əhmədəli Cəbrayılova yaxınlaşa bilmirdi. Bayaqdan bəri Əhmədəlinin onların arxasınca gəldiyini görən Cəbrayılov yanındakılara, – siz kolxoz idarəsinə gedin. Mənim klub müdiri ilə söhbətim olacaq, – deyib onları yola salmağa çalışdı.

Kolxoz sədri Süleyman klub müdiri Məhərrəmi səslədi.

Yaxınlaşan Məhərrəmi Cəbrayılova təqdim edən Süleyman dilləndi:

– Bu da bizim klub müdiri.

– Gedin, yoldaşlar, işimi bitirim, gələrəm.

İrəlidə Məhərrəm, arxasınca isə Qeybəli Cəbrayılov kluba doğru gedirdilər ki, Əhmədəli çekisti yanladı:

– Yoldaş Cəbrayılov, mən bilirəm Qüdsi Hacıyevi kim öldürüb, –

xısın səslə dedi.

Cəbrayılov ayaq saxlayıb, – kim öldürüb? – deyə Əhmədəlinin verəcəyi məlumatı gözlədi.

– Talıbın göstərişi ilə Məmmədrəsul…

– Bunu hardan bilirsiniz?

Əhmədəli duruxdu. Cəbrayılovun belə bir sual verəcəyi barədə heç düşünməmişdi. Xeyli keçməsinə baxmayaraq, hələ də onun üzünə baxıb cavab verməyən Əhmədəlini ayıltmaq üçün sual verdi.

– Bu məlumat sizdə hardandır?

Çaşbaş qalan Əhmədəli nə deyəcəyinə qərar verə bilməsə də dilləndi:

– Yoldaş Fərrux Söhbətov dedi.

– Aydındır, yoldaş… Sabah mənim yanıma Fövqəladə komissiyaya

gələrsiniz…

Cəbrayılovun Fərruxun Talıb ilə bağlı yazdığı donoslardan xəbəri vardı. Onun Muradxan Qalabəyovla etdiyi söhbətləri də bilirdi.

Cəbrayılov Əhmədəlini yanına başqa məqsədlə çağırırdı. Qalabəyov ona iradını bildirmişdi. Ölkənin hər bölgəsində, kəndində məxfi əməkdaşlığa cəlb olunan şəxslərin sayı günü-gündən artdığı bir şəraitdə Amanbəylidə bir nəfər də olsun məxfi əməkdaşın olmaması çatışmazlıq idi. İndi Cəbrayılov bu nöqsanı düzəltməli idi.

Sovetlik Əyricə kəndində qurulmuşdu. Bura bir neçə kənd daxil idi. Həmçinin Amanbəyli də. Sibir Qəzənfərin işi başından aşırdı. Kolxoz sədri olan əmisi oğlu Süleymanın da səriştəsiz olması, Süleymanın hər addımı onunla məsləhətləşməsi vaxtını ikiqat alırdı.

Sibir Qəzənfər narahat idi. İmperiyanın tərkibində olanda digər bolşevik yoldaşları ilə əbədi bərabərliyə, demokratiyaya zəmin yaradacaq bir cəmiyyət quracaqlarına inansa da, ömrünün xeyli hissəsini mübarizədə və türmələrdə keçirmiş Sibir Qəzənfər bütün ölkənin indi böyük bir türməyə dönüşünü görürdü. Ətçəkən maşının qulpunu fırladanlar onu elə hərəkətə gətirmişdilər ki, artıq durdurmaq mümkün deyildi. Belə getsə həmin ətçəkənin içinə qulpu fırladanların özləri də düşəcəkdi…