Şəhrizad dərindən ah çəkdi. Səhərdən bəri ayaq üstündə işlədiyindən şişmiş ayaqları sözünə baxmırdı. Bir yandan da Gülgəzin Nübara “Bəy qızının tulası”, – deməsinə lap çox üzülürdü…

Kənddə Talıb qədər ikinci savadlı yox idi. Onu məktəbə müəllim götürməsələr də, əlacsız qalıb kolxoza mühasib götürmüşdülər. Kolxoz sədri Süleyman savadsız olduğundan onun da, kolxozun da bütün yazı-pozu işlərini Talıb aparırdı.

Hesabdar İsfəndiyar bu günün yığım qeydlərini yazdığı dəftəri gətirib Talıbın stolunun üstünə qoydu. Talıb dəftəri açıb əmək günü kitabına göstəriciləri köçürərkən gözü Şəhrizadın bu gün də hamıdan çox pambıq yığdığını göstərən rəqəmlərə sataşdı. Dünyada ən çox sevdiyi insanın, Şəhrizadın uğurlarına sevinən Talıbın dodağı qaçsa da, ürəyindən qara qanlar axdı. O cür naz-nemət içində yaşamış xanımının hər gün qızmar günəş şəfəqləri altında qul kimi işləməsi Talıbı çox üzürdü. Hər gün bir yastığa baş qoyanda arvadının vaxtilə bir cüt göyərçini xatırladan əllərinin necə kobudlaşdığını, qabardan xətt-xətt olduğunu görürdü.

Talıb neçə dəfə istəmişdi Şəhrizada desin ki, pambığa getmə. Amma anlayırdı ki, bu, mümkün deyil. Onsuz da ağzıgöyçəklər onlara hələ də sinfi düşmən kimi baxırdılar…


***

Fərrux dəliyə dönmüşdü. Əhmədəlinin son dövrlər dəyişən üzü, arvadı Gülgəzin ona əvvəlki kimi qulluq etməməyi onu cin atına mindirirdi…

Özünə ailə, ev-eşik qurmağın vaxtı çatmışdı. Amma nə qədər ki Talıb azadlıqdadır, o Şəhrizadla bağlı arzusuna çata bilməyəcəkdi: Qüdsi Hacıyevin qətlə yetirilməsi onun önünü açsa da, Muradxan Qalabəyov hələ də öz vəzifəsinin başında idi.

Rus dilini pis bilmirdi. Bu dildə yazıb-oxumağı bacarırdı. “Moskvaya, Mərkəzi Komitəyə, Fövqəladə komissiyaya yazacağam. Nə olar, – olar. Qocalıram… Bu bəy oğlu əlini-qolunu sallayıb kənddə at oynada bilməz. Hələ bir mühasib də qoyublar onu. Yazmalıyam. Şəhrizad günün altında solan qızılgül kimi günü-gündən əriyir. Mənim olsa, onu işləməyə qoymaram…”

Bayaqdan bəri, evə gəldiyindən Əhmədəlini və Gülgəzi evdə görmədi. Ürəyi çay istədiyindən dözməyib qışqırdı: – Əhmədəli, Əhmədəli, Gülgəz…

Alt otaqda Fərruxun səsini eşidən Ayna yuxarı qalxdı. Qapını döyüb, – dədəmgil evdə yoxdur. Nənəmin vəziyyəti yaxşı deyil, oraya gediblər, – dedi.

Fərrux sanki Aynanı heç görməyibmiş kimi onu təpədən dırnağadək süzdü. İri sinəsinin yanıyla üzüaşağı uzanan, zil qara hörüklərinə, incə belinə baxdı … "Mən bu qıza əvvəl niyə fikir verməmişəm. Heç də pis qız deyil…"

Ayna Fərruxun nəzərlərini üzərində hiss edib ağzında durduğu, qapını bir qədər özünə tərəf çəkdi. Aynaya baxa-baxa bihuş olub şəhvətinə qul olan Fərrux qapının cırıltısından bir qədər ayıldı:

– Sən çay dəmləyə bilərsən?

– Hazırı var. Təzə dəmləmişəm. İndi gətirərəm.

– Hə, bir çay versən yaxşı olar. Ciyərim yanır.

Bir azdan qapı önündə Aynanın ayaq səsləri eşidildi. Qapı xəfif açıldı. Nəlbəkidəki çay dolu stəkanı irəli uzadan Ayna, heç nə demədən gözlədi ki, Fərrux çayı götürsün. Nəlbəkini qızın əlindən almağa tələsməyən Fərrux bayaqdan bəri uzandığı döşəyin üstündən qalxmadı. Hələ də Ayna ilə bağlı şəhvət dolu xəyalda idi.

Yavaş səslə, – gətir, – dedi.

Ayna içəri keçmək istəmirdi.

– Gətir də. Orda niyə durursan.

Başqa yolu qalmayan Ayna ürkək addımlarla Fərruxun uzandığı döşəyə doğru addımladı.

Qız çayı onun qarşısında xalçanın üstünə qoyub dikəlmək istədikdə bir anın içində yerindən qalxan Fərrux onu qolları arasına aldı. Qızı özünə tərəf sıxıb öpmək istəyirdi ki, üzünə dəyən şillədən gözlərində qığılcım çarpdı.

Kənd qızı güclü əlləri ilə Fərruxu yumruqlayıb ondan canını qurtarmağa çalışdı. Aynanın müqavimətini qıra bilməyən Fərruxun qolları süstləşib yanına düşdü.