Qatar yola düşən tək, İnqanın rəfiqəsi, qrup yoldaşı Azada bir dəfdər ötürdü.

– Bu nədir? – Azad sual verdi.

– İnqa verdi, sənə çatmalıdır.

Bu əzilmiş, bir azca da saralmış vərəqlərdən ibarət dəftər idi.

İnqanın hər gün qeydə aldığı, bəzisi bir – iki cümlədən, bəzisi isə vərəqin yarısını tutan hər bir xatirəsinin üstündə sərlövhə yerində iki parça olmuş ürək şəkli vardı. Sol parça alov içində, sağ parça isə bir az aşağı, aralı, sanki küsmüş vəziyyətdə idi. Hər səhifənin sonunda isə baş-başa dayanaraq qanadlarını qaldırmış iki quşun şəkli qoyulmuşdu. Quşlar san ki, uçmağa hazır vəziyyətdə, nəyisə gözləyirdilər. Bu səhifələrdə sevinc kədərlə, arzular məyusluqla, gülüş- göz yaşları ilə, məhəbbət nakamlıqdan parçalanan ürəyin fəryadı ilə üz-üzə dayanmışdı…

İkinci povest: Qəm yağışı

Firqət içində yürəgim gör ki, nə parə-parədir,

Bağrımı gör bu qüssədən kim, nеcə yarə-yarədir.

(Nəsimi)

İnsan həyatını dövrlərə bölsək, gənclik yəqin ki, anadan olma hadisəsindən sonra ən maraqlı, ən yadda qalan dövr olacaqdır. Bu dövrdə insan həyatı təşəbbüskarlıqla, prinsipiallıqla zənginləşirlər. Ətrafında baş verən hadisələrdə konkret mövqelər formalaşır.

Haqqında nəql edəcəyimiz qəhrəmanlarımız – Azad və İnqa da həmin bu gənclərdən biri idilər, öz baxışları ilə, öz mövqeləri ilə. Bu mövqelərin formalaşmasında aldıqları həyat dərsi, buraxdıqları səhvlər, haqlı və haqqsız verdikləri itgilər – qurbanlar çox böyük rol oynamışdı.

Azad əsgərlikdən qabaq, və yaxud, əsgərlikdən bir il sonraya qədər həyatda nə istədiyini və gələcəkdə nəyi və necə edəcəyini tam arxayınlıqla söyləyə bilərdi. "Həyatdan nə istədiyini bilirsən, daha nə var yaşamağa!" – təcrübəsiz və məğrur gəncliyin həyat fəlsəfəsi bu idi. Gözlərində sevinclə yanaşı şirin vüsal həsrəti, ürəyində gözəl Solmazının intizarı ilə gözəl arzu-niyyətlərin gələcək tamı, dadı onu ömrünü rəngbarəng etmişdi. Fəlakət baş verənə qədər belə oldu! Milli adətin pərdəsi altında, " böyük olan yerdə kiçik qələt edir" lə onu Solmazından ayırdıqları, iki həyatı bədbəxt etdikləri günəcən.

Azad dəyişdi. Daha o hər şeyə inamla baxan deyildi. Arzularının zirvəsi olan Solmazı itirdikdən sonra hər sualda olmasa da, çox vaxt realist mövqe tutmağa çalışırdı. Ürək sızıltısı davam etsə də, yaralar hələ sağalmasa da. Onun İnqaya olan münasibəti də bu iki üz-üzə durmuş hissin təsiri ilə formalaşmışdı.

Bunları nəzərə alaraq, əgər biz Azaddan sual etsəydik:

– İnqa bu gün sənin üçün kimdir, onunla bağlı arzu və istəyin, niyyətin nədən ibarətdir?

Azad bizə gülümsəyərək, sadəliklə cavab verəcəkdi:

– İnqa mənim üçün çox əziz və gözəl bir dostdur, xatirini istədiyim bir insandır!

Bəs, biz İnqaya sual etsək:

– Azad sənin üçün kimdir bu gün? Onunla bağlı arzun, niyyətin?…

İnqa nə cavab verəcək? Gəlin soruşaq özündən, amma, bir az sonra…

1-ci hissə

Şərtlər və onlardan yaranan maneələr! Bəzən bu iki kəmiyyət təyin edir gələcəyimizi, yolumuzu. Bəzən, şərtlər və maneələr bizdən güclü olurlar. Mentalitet, adət – ən-ənə kimi varlıqlar doğuzdurur bu amansız şərtləri, keçilməyi çətin olan maneələri. Kimsə üstələyir bütün bunları, kiminsə gücü çatmır. Yəqin ki, Azad da üstələyə bilərdi. Amma, üstələmədi.

Orta məktəbi qurtarıb Bakıya gəldiyi o gündən bəri Azad neçə illər əsil xoşbəxtliyin ağuşunda yuxuya gedib, məhəbbətin çağırışları ilə oyanmışdır. Amma, heç vaxt düşünməmişdi ki, sevinclə qəmin arası bircə qarışdır. Onun başında çatlayan "evin böyüyü bilər, nə istək, nə arzu!", "mən müəyyən edəcəm uşağımın taleyini" söyləyən daş divarlar, əlacsızlıqdan "mentalitet, adət" adlandırdığımız bu şərtlər və manelər onu məğlub ediblər, üstələyiblər. Arzularının başına daş salıblar.