– Mənə kömək et. İnqanı yola gətirək. Sən görürsən onun düşdüyü vəziyyəti. Hanı bir il qabaqkı İnqa? Bir dəri, bir sümük, belə getsə pis olacaq, çox pis olacaq işlər.

Bu həqiqət idi.

– Azad, səni demirəm, bu diyarda İnqanın başqa heç kimsəsi yoxdur. Körpəsini itirib, həyat yoldaşı sağ deyil. Bu dərddən, bu dəhşətdən onu aralamaq lazımdır. İnqa səni öz yaxını sayır. Bu üç gündə sənə necə inandığını, güvəndiyini gördüm. Sənə qulaq asır, sənə güvənir. Kömək et, kömək et, xilas edək mənim qızımı!

Arvad ağlayırdı.

– Getsin, bircə illiyinə getsin. Hətta, yarım il olsun. Sağalsın, dərddən azad olsun, yenə qayıtsın!

Mən indi başa düşdüm Zina xalanın məqsədini. Bu insan Anadır, övladını xilas etmək istəyir! Nə olar, bəlkə də belə yaxşıdı. Yarım il, bir il İnqa üçün kömək olardı.

– Bilmirəm, İnqa mənə qulaq asacaqmı, nə dərəcədə mənim sözüm keçəcək, bilmirəm. Amma, İnqa icazə verdiyi qədər başa salmağa çalışacam, xahiş edəcəm, inanın!

– Bax, sabah saat neçədə gələ bilərsən?

– İstəyirsiniz nahar fasiləsində, istəyirsiniz, axşam 5-də.

– Gəl, oğlum, gəl. 5-də gəl. Naharda gəlsən, tələsərsən.Gəl işdən sonra, 5-də. Gəl başa salmağa çalış. Mən neynəyim, bala, gücüm çatmır.

Mən söz verdim.

– Başa düşdüm sizi, hökmən gələcəyəm!

Olduqca qəmgin halda xudahafizləşib getdim.

İnqanın çıxıb buradan getməsi iki tərəfli və ağır sual idi. Bir tərəfdən, əgər, qəlbimin dərinliyində axtarış aparsaydım, yəqin ki, görərdim ki, İnqanın anası ilə getməsini mən istəmirəm! Mənim üçün əziz olan bir insanın, dostun çıxıb getməsi ağır idi, istəmirdim mən bu ayrılığı!

İndi bu günümdən o illərə mən başqa müstəvidən baxıram. O vaxtlar çox suallara indinin, yəni 30 il sonranın baxışları ilə baxmaq qeyri mümkündür. Bir də ki, hər bir insanın hərəkətini başa düşməyin ən yaxın yolu, o insanın qəlbini görmək, ürəkdə yaşanan səbəbləri başa düşməyə çəhd etməkdir.

Bu, sualın bir tərəfi, qaldı, ikinci tərəfi.

İkinci tərəfdə isə, İnqanın yaxşı yaşamaq şansı, bu ağır dərdin-bəlanın dərin izlərini unutdurmağa şərait yaratmaq imkanı durmuşdu.

İnqanın, bu gözəl və cəsur qızın yenidən ayağa durmağı üçün onun bu yerlərdən uzaqda olmağı lazım idi. İnqa dəyişməliydi mühitini, ətrafını. Yoxsa, belə getsəydi, bir neçə ay keçməmiş İnqanın həyatı sona çatacaqdı…

Uzun görünsə də, bir il tez keçəcəkdi…

Səhərisi günü, axşam üstü gəldim onlara. İki nəfər idilər, rəfiqəsi- qrup yoldaşımız, bir də İnqa özü. Anası yox idi. Yəqin ki, istəyib ki, biz rahat danışa bilək. Ona görə, gedib harasa.

Salamlaşdıq.

– Necəsən, İnqa? Çöldə yazdır, sən qapanıb oturmusan! Quşlar oxuyur, dur gedək, qulaq asaq.

– İstəmirəm, qoy mənsiz oxusunlar.

– İnqa…

– Bilirəm, nə deyəcəksən! Mən getmək istəmirəm.

– Mənim ilk sözüm çölə, təmiz havaya çıxmaq məsləhəti oldu. Sən çölə, bayıra çıxmaq istəmirsən. Sən getmək istəmirsən. Axı bizə də demirsən nə istədiyini!

Diqqətlə mənə baxdı. Dəyişməyən, yalnız gözlər idi, baxışlar idi.

– Azad, mən sənə inanıram və tam etibar edirəm. Ona görə də bir sual verəcəm sənə. Bu sualı rəfiqəmə də vermişəm: Sən mənim bu şəhərdən, sizin həyatınızdan silinib getməyimi istəyirsənmi? Azad istəyirmi İnqanın getməyini?

Bəli, sual olduqca düz-düzünə qoyulmuşdu, cavabı da elənçi olmalıydı. İnqa sual verməyi bacarırdı.

– Mən sənin yenidən gülməyini istəyirəm. Get evinizə, qoy həyatında yeniliklər yaransın.

– Axı, mən getsəm ən qiymətli nəyim var, burada qalır, siz burada qalırsınız. Bir də ki, həyat mənim gözümdə qiymətini çoxdan itirib. Yaşamağım, yaxud, yaşamamağım mənim üçün vacib rol oynamır.

– Ona görə də, dəyiş həyatının dəyərlərini. Səni dərd çəkən görmək bizə ağırdır. Get, 5–6 ay qal evinizdə, özünə gəl.