«Mənin yorğanımı niyə üstünə örtmürsən, Ələddin?» Xədicənin doğma, mehriban səsi elə aydın eşidildi ki, Ələddin qeyri-ixtiyarı otağa göz gəzdirdi. Xədicənin səliqə ilə yığışdırılmış yatağına baxıb həsrətlə köksünü ötürdü.

«– Örtə bilmərəm, Xədicə.

– Niyə?

– Qorxuram.

– Nədən qorxursan, Ələddin?

– Bilmirəm.

– Ört, isinərsən. Ocağın odunu da söndürmüsən.

– Ocağımızı sən yandırardın, Xədicə…

– Elədir…»

Qırx gün indi idi, Xədicə dünyadan köçmüşdü. Qırx gün idi ki, bu çarpayı Ələddindən ötrü göz dağı olmuşdu. Gecələr yerinə uzananda qəsdən arxasını çarpayıya çevirirdi ki, Xədicə yadına düşməsin, onun haqqında fikirləşməsin. Amma neynəsə də, nə qədər çalışsa da, başqa heç şey barədə düşünə bilmirdi. Belə yatmağa öyrəşməmişdi. Ömrü boyu üzü Xədicəyə sarı yatmışdı. Onun çarpayısının gözünün qabağında olmasına, Xədicənin varlığını duymağa adət etmişdi. O yanında olanda rahat olurdu.

Birdən kürəyində Xədicənin barmaqlarının hərarətini hiss elədi. Elə aydın, elə canlı hiss elədi ki, bundan bədəninə istilik yayıldı. Xədicənin sağlığında özünü ona ovxalatmaqdan xoşu gələrdi. Qış-yay, hər gün az qala yarım saat Xədicə onun kürəyini, ayaqlarını ovuşdurardı. Siqaretə, içkiyə necə öyrəşirlərsə, Ələddin də buna öyrəşmişdi.

Birdən Xədicə üçün elə darıxdı, ondan ötrü elə qəribsədi ki, qəhər boğazına tıxandı.

«– Məni yetim qoydun, Xədicə. Yaşımın bu vaxtında tək-tənha qoyub getdin. Belə də insafsızlıq olarmı?

– Tək niyə olursan, Ələddin? Oğlun, gəlinin, nəvən yanında deyilmi?

– Hərə özü üçün sağ olsun. Onlar mənim nə çəkdiyimi hardan bilsinlər?

– Elə demə, Nazim də, Gülcan da başına pərvanə kimi dolanırlar.

– Nə bilim, vallah, deyəsən bir az özüm dəymədüşər olmuşam.

– Ağrıyırsan, ona görə.

– Hə, Xədicə, canım yaman ağrıyır».

Ələddin yatağından qalxıb əyninə isti jaket geyindi, üstündən yun toxunma canlıq keçirdi. Yadına düşdü ki, onu Xədicə keçən qış toxumuşdu. Canlıq bədənini elə isti saxlayırdı ki, hər dəfə onu geyinəndə arvadına minnətdarlıq edərdi. Ayağına keçirdiyi yun corablar da, başına qoyduğu yun papaq da Xədicənin zəhməti idi. Bu evdə elə bir şey yox idi ki, onun əllərinin izi olmasın. Bu otağın səliqə-sahmanı, hətta əşyaların qoyulma tərzi də Xədicəyə məxsus idi.

Bir həftə əvvəl işdən qayıdanda Ələddin şkafdakı qabların başqa cür qoyulduğunu görüb hirslənmişdi.

– A bala, bu sənin işindir? – deyə gəlinindən soruşmuşdu.

– Hə, ata, tozlarını alırdım.

– Qabları necə vardı, o cür də yerinə yığ, – deyə Ələddin hirslə dillənmişdi.

Həlim təbiətli qayınatasının əsəbiləşməsinin səbəbini yaxşı anlayan gəlin tez şkafda əvvəlki səliqə-sahmanı bərpa eləmişdi. Sonra isə:

– Ata, qırxa az qalıb, otağın pərdələrini dəyişmək istəyirəm, – deyə Gülcan ondan izn istəmişdi.

Ələddin narazılıqla:

– Yuyub təmizləmək istəyirsənsə buyur, amma ayrı heç nə lazım deyil, – demişdi.

Bu kiçik otaqda hər şey Ələddinə doğma idi. Burada hər əşya ona Xədicəni xatırladırdı. Elə bu səbəbdən vaxtının çoxunu burda keçirirdi. Yadına düşən xatirələrdən bəziləri onu üzürdü. Keçən ilki bir hadisədən indi xəcalət çəkirdi. Onda Xədicə xəstə idi. Ələddin işdən qayıdanda:

– Qulunc məni öldürür, – deyə qadın ona şikayətləndi.

– Keçib gedər, arvad, – deyə Ələddin mətbəxə keçdi, gəlinin onun qabağına qoyduğu xörəyi ləzzətlə yedi. Sonra qəzetlərə, televizora başı qarışdı. Yatmaq üçün evə keçəndə Xədicə yalvarışla:

– Ay Ələddin, kürəyimi bir az ovuşdur, qulunc məni yaman incidir, – dedi.

– Gəlinə niyə demirsən?

– Gəlindən utanıram.

– Camaat gəlin gətirir ki, qulluğunda dursun, sən də deyirsən ki, utanıram.

Elə bu vaxt Nazim içəri girdi deyə söhbəti yarımçıq qaldı. Gecə Ələddin heç nə olmamış kimi soyunub yerinə girdi. Xədicə daha ona heç nə demədi.