– Mənə nə var! Hara dəyişəcəklər, qoy dəyişsinlər.
– Gəlin, öz aramızda elə-belə götür-qoy edək, – deyə təklif verdim.
– Onlar vəzifədə oturublar, qoy onlar da başlarını işlətsinlər.
– İmzaya bir söz demirəm, qol çəkirəm, ancaq əhəmiyyət verməyəcəklər.
– Daha bir ərizə var. – Muxtar kişi qovluqdan başqa bir ərizə də çıxartdı. – Buyurun, bunu da oxuyun.
Ərizədə yazılmışdı: "Filan şəhərin mənzil-istismar idarəsinin rəisinə. Biz, aşağıda imza edən boz binanın sakinləri, xahiş edirik ki, məişət tullantıları üçün nəzərdə tutulmuş zibilqablarını bizim binanın yanından yığışdırasınız və yüz metr aralıda bir yerə qoyasınız. Belə ki…".
Muxtar kişi milçək yığıntısından, it toplantısından, zibil eşənlərin hay-küyündən, tullantı çörəkləri toyuq-cücə üçün götürənlərin bir-birlərilə dava-dalaşından; bir sözlə, hər şeydən təfsilatı ilə yazmış və binada yaşayan elit təbəqənin firavanlığı naminə vəzifədə olan bir aristokrat kimi bu addımı atacağınıza ümidvar olduqlarını xüsusilə vurğulamışdı…
– Necədir? – Ərizəni oxuyanda gülümsədiyimi görüb Muxtar kişi də güldü. – Sən hələ Muxtar dayını tanımırsan. Muxtar dayınız olmazdı burda, zibil içində itib-batardılar.
Üz vermək istəmədim, ciddiləşdim. Üz versəydim, bir az da xoş sifət göstərsəydim çıxıb getməyəcəkdi, bəlkə çay da istəyəcəkdi.
Odur ki, Muxtar kişidən zibilqablarını hara aparıb qoya biləcəkləri yeri soruşmadım, əhəmiyyətsiz bildim. Özlüyümdə təsəvvür etdim ki, hardasa, yüz metr məsafəyə aparıblar. Biz də boz binanın sakinləri əlimizdə zibil torbaları, vedrələri, korobkaları şəhərin arası ilə hər gün o qutuların yanına gedib-gəlirik. Üç binanın hərəsində yüz doxsan ailə… Bir sözlə… zibil karvanı…
– Mənzilin nömrəsi yazılan cərgədə vəsiqənin nömrəsini qeyd elə və imzala. – Muxtar kişi buyurdu.
Ərizənin arxasında və əlavə olunmuş vərəqdə çoxlu imza vardı. Əlimin içi kimi bilirdim ki, boş şeydi, nə yolun yerini dəyişəcəklər, nə də zibilqablarını yüz metrlik məsafəyə aparacaqlar. Bununla belə, qocanın xətrinə dəymək istəmədim, əziyyət çəkib ərizə yazmışdı, qapı-qapı düşüb mənim kimi inadkarlarla mübahisə edə-edə imzalatmışdı. Təqaüdçü adamdı, özü də tək yaşayırdı, bir işlə məşğul olmalıydı, ya yox…
İndi ona elə gəlirdi ki, bizim qayğımıza qalır…
Qonşulardan seçilmək istəmədim. Qoca dediyi kimi şəxsiyyət vəsiqəmin nömrəsini qeyd etdim və imzaladım. Muxtar kişi ərizəni qovluğuna qoydu.
– Bundan sonra görəcəksən, bütün işlərin xod gedəcək. Tək yaşayan qadının evində kişinin peyda olması uğur əlamətidir.
Qoca qovluğu da götürüb sevinə-sevinə getdi. Onun uşaq kimi sevindiyinə lap gülməyim tutdu. Bir də nə dediyini anlaya bilmədim. Bu nə deyir? Kişinin peyda olması… nə demək? Uğur əlaməti nədir? Mənim axı heç bir planım yoxdur. Heç bu barədə düşünmürəm də… Belə yaşayışımdan, belə halımdan razıyam.
İki gün sonra axşam işdən gələndə gözlərimə inanmadım. Binanın arxa tərəfində yolun düz qırağında zibil qutularını kənar müdaxilələrdən qorumaq üçün üstüörtülü xüsusi yerin tikintisinə başlamışdılar. Hələlik isə zibilqablarını dəyişmişdilər. Üstüaçıqları götürüb, yerinə qapağı açılıb-örtülən qablar qoymuşdular.
– Həə… Bu, artıq real iş oldu, – deyib keçdim.
"Sən demə, Muxtar kişi zəhlətökən deyilmiş, özü dediyi kimi, səksəni çoxdan haqlayıbmış. Dünyagörmüş adam kimi sözü havaya atmayacaqdı ki… Bəlkə…".
Ağbaş
İyirminci əsrin sonu bizə üfüqdən baxırdı. Üfüqün o tayınamı keçmişdik, yoxsa sürüşüb geri düşmüşdük, bilmirəm. On il idi ki, aralanmışdıq. İki mininci ilin ilk onilliyində atlarımızı hara gəldi, dördnala çapırdıq. Bizim üçün yeni dövr ötən əsrin doxsanlarından başlayırdı. O vaxt kimin taleyinə hara yazılmışdısa, həyat neyinin akordlarını orda dınqıldatmaq xoş xatirə kimi hərdən yaddaşımızı təzələyirdi.