Hər sözün canımdan sanki can çəkir.
Hər sözün öz dadı, istotu, duzu,
Hər sözdə min gözəl işvəsi, nazı,
Nəğməmdə Ələsgər sazı, avazı,
Üzeyir bəstəyir, zilə Xan çəkir!
Rəbbim dil verməyib, dürr verib bizə,
Maşallah, nəmxuda, gəlməyək gözə…
Sanki bal qatılıb kəlməyə, sözə,
Bu şəkər dadını Vahid, qan çəkir.
Amma görüm Ağdam azad Ağdamdı
Ağdamıma həsrət qaldı gözlərim,
Ahıl çağım, nə ağrılı zamandı.
Ağdama yox, Quzanlıya sığındım,
Məni düzgün anlayın haa, amandı.
Quzanlı da öz yurdum, öz məskənim,
Üçoğlana kəm baxana min qənim,
Zəngişalı, Mahrızlı da Vətənim,
Ürəyimdə nəğmə dolu ümmandı.
Xındırıstan Zakirimin Vətəni,
Canım – gözüm, heç qınama sən məni…
Çəmənlimin zümrüd düzlü çəməni,
Hər gülünə göz yaşlarım damandı.
Əfətli də, Çıraqlı da öz qalam,
Baharlı da hikmət qalam, söz qalam,
Mirəşellim, – kövrəlirəm az qalam,
Adın – sanın dilimizdə dastandı.
Qaradağlı, Sarıcalı tağbəndim,
Düşmənlərin boğazında kəməndim,
Oğulların oylaqlarda şir əmdi,
Dör bir yanın bağ – bağatdı, bostandı…
Ağdam yoxdu, yurdum qalıb dirəksiz,
Ürəyim yox, necə dözüm ürəksiz…
Mən razıyam qalım susuz, çörəksiz,
Amma görüm, Ağdam azad Ağdamdı!
Oldu
Bircə gün dərdinlə tənha qalmadın,
Demə, nə dost oldu, nə yoldaş oldu.
Soruşdum çarəni obadan, eldən,
İçimdə çöx böyük bir təlaş oldu
Kimsədən bir kəlmə gəlmədi cavab,
Suallar bağrımı eylədi kabab…
Dedim hayan olum, qazanım savab,
Nəfsimlə ağrılı bir savaş oldu.
Davalar, dərmanlar vermədi fayda,
Sən demə, Tanrıdan beləymiş qayda…
Şam kimi əriyib soldun üç ayda,
Qayğılı ömrünün sonu boş oldu.
Yalvardım, Ya Rəbbim, budumu fəhmin?
Səndəmi susursan, yoxdumu Rəhmin?
Geriyə dönüş yox, elədim təxmin,
Sinəmdə çırpınan ürək daş oldu.
Nə ağla, nə sızla Ay Vahid, dayan,
Gedənə hər bir iş ayandı, ayan…
Tapılsa dünyada səni bir duyan,
Onda utanma, de, mənə xoş oldu.
Ürəyimi sıxan dağlar
Dərdli ananın bu şəklinə biganə qalmaq olmur. Gərək daş olasan ki, əriməyəsən. Bilmirəm, niyə, amma bu şəklə baxdıqca ürəyimdən kağıza bu sətirlər axdı.
Ürəyimi sıxan dağlar,
Uzağın yaxın oldumu?
Üzü bəri baxan dağlar,
Qoynuna axın oldumu?
Bir el vardı, görən oldu?
Hamı pərən – pərən oldu…
Kimlər gülün dərən oldu?
Gül pəmbə taxtın oldumu?
Hanı sənin qızıl vaxtın?
Niyə belə döndü baxtın?
Arxamızca qəmli baxdın?
Baxmağa vaxtın oldumu?
Göz-görəti düşdük oda.
Canım dağmı düşdü yada?
Sənə demədik əlvida,
Həsrətlə baxdın, oldumu?
Başımızı versək belə,
Qayıdarıq əziz elə!
Bir də gördün gülə – gülə,
Yollara çıxdın!
Oldumu!
17.08.2018
Gözlərim doymadı xatirələrdən
Gözlərim doymadı xatirələrdən,
O bahar,
o bəhər dünən oldumu?
Cavanlıq ulduz tək parladı, söndü.
Hüdudsuz göylərdən enən oldumu?
Keçirdim günləri yarıyuxulu,
Ağ bəxtim bu qara nəfsimin qulu…
Elə ilk döngədə itirdim yolu,
Qayıdıb yoluna dönən oldumu?
Dağ dağa söykənər dağ olar Allah,
Bağ bağa baxanda bağ olar Allah,
Sözünə söz desəm ağ olar Allah,
Önündə bir kəlmə dinən oldumu?
Könüldən könülə yol salmaq çətin,
Gərək itməyəydi bir an diqqətim,
Yəhərsiz, yüyənsiz qalan diqqətim,
Təzədən atına minən oldumu?
Ay Vahid, bilmirsən bu hansı çağdı?
Çox şükür Allaha, can hələ sağdı…
Payız yağışları qəlbinə yağdı,
Quruyan çöllərin çəmən oldumu?
Endi
Onu gördüm, əsdi əlim, ayağım,
Od-alovlu yay günümə qış endi.
«Bu sənsənmi?» -pıçıldadı dodağım.
Sinəsinə ağ saçlı bir baş endi.
Üzüm gülür, içimi qəm sıxırdı,
Bu qəm mənim qürurumu yıxırdı…
Solan gülün gözlərinə baxırdım, —
Üstümüzə görən neçə yaş endi?
Halın sordum, heç pozmadı halını,
Tumarladı qolundakı xalını…
Düzəldəndə başındakı şalını,
Elə bil ki, başıma bir daş endi.
Vahid, demə bu ömürdü, həyatdı.
Bu həyatdan qismətinə nə çatdı?
Xatirələr ürəyimi sızlatdı,
Yanağıma iki gilə yaş endi…