–Nə gözəl, nə yaxşı! – Umud sevincini gizlətmədi.
–Yaxşı günün olsun! Gedək, bir müddət də bizim qonağımız ol. Hospitalda hər cür şəraitimiz var. On-on beş gün qalıb istirahət edərsən, sonra yola salarıq, gedərsən evə. – Yusif həkim təklif etdi.
–Yox, Yusif həkim! Bilsən ki, anamçün necə darıxmışam, belə deməzsən. Evə getmək istəyirəm. – Umud başını buladı.
–Ev həmişə yerindədi, anan da qaçmır ki! Istədiyin vaxt gedib görəcəksən. Amma bizim hospital şansın bir də ələ düşməyəcək. Sən çıxıb gedəcəksən, olacaqsan mülkü adam. Mən də mülkü adamı hospitala qəbul edə bilməyəcəyəm.
–Sağ ol, əziz ol. Elə bilirəm ki, beş-altı gün də sizin hospitalda dincəlmişəm. – Umud razılığını bildirdi.
–Ağlın o taydakı hospitala getməsin, başıbağlıların hamısının sifətindən zəhrimar yağır.
–Elə demə, onlar mənimlə də mehriban davranırdılar.
–Bizdəki kimi ola bilməzlər. Heç bilirsən necə şipşirin tibb bacıları var? Adam sifətlərinə baxanda feyziyab olur, dünyanın dərd-qəmini unudur. Qaymaq kimi, şokalad kimidilər. Bölgənin ən yaraşıqlı qızları bizdə tibb bacılarıdır.
–Məzən olsun, ay Yusif həkim. Dünya dağıla, vecinə deyildi. Varam da sənin xoş sifətinə. Allah güldürsün səni.
Xanməmməd həkim də əl çəkmədi.
–Yusif həkim gedəndən sonra yerini mənə verib. Umud, onun sözünü qəribçiliyə salma. Düz deyir. Hospitala getməsən də bir-iki gün bizdə qal. Bizim tibb məntəqəsində də şəraitimiz pis deyil. Yulya özü də məndən xahiş elədi ki, səni bir-iki günlüyə saxlayım. Heç bilirsən yazıq qız səndən ötrü necə dəli-divanədir? Adın dilindən düşmür.
–Biz sadəcə həmyerliyik, bir rayondanıq. – Umud təəssüflə çiyinlərini çəkdi.
–Nə deyirik ki? Elə biz də onu bilirik… Bir də… Yulyanın burda… səndən başqa… kimi var?
Kənarda kiməsə tapşırıq verib yola salan mayor Orduxanov yaxınlaşdı. Onun yaxınlaşması ilə başqa zabitlər bir az kənara çəkildilər.
–Umud, Yulyanın təklifi haqqında bəlkə yaxşı-yaxşı fikirləşəsən!
–Komandir, indi mən heç nə fikirləşə bilmirəm. Tez yola salardınız, evə gedib anamı görmək istəyirəm.
–Sən igidsən, döyüşçüsən, dözümlü olmalısan. Lap ana uşağı kimi danışırsan…
–Bunun ona dəxli yoxdur. Ana anadır…
–Demək istəyirəm ki, hər kişinin həyatında ona arxa, dayaq duracaq bir qadın olmalıdır. Mən sizin münasibətlərinizə çoxdandır diqqət yetirirdim. Yulyanın sənə qarşı olan hissləri çox safdır. Qızın qəlbini qırma.
–Komandir…
–Sözümü kəsmə! Onun münasibəti həmyerli, bir rayondan olmaq münasibəti deyil, çox-çox yüksəkdədir.
–Bizim aramızda sevgi yoxdur. – Umud doluxsundu. – Bir də mən bu halımla onu necə xoşbəxt edə bilərəm.
–Həyatda möhkəm, uzunömürlü, pak sevgi-məhəbbət də elə bu cür münasibətlərdən yaranır.
Mayor Orduxanov da doluxsundu. “Ay zalım! Ay dilbilməz! Sənə həm də qulluq edəcək Yulya kimi tərbiyəli, savadlı, başıaşağı bir qız lazımdır. Ananın belinə əbədi yük olan deyilsən ki?! Beş-on ildən sonra arvad qocalacaq, onun qulluğunda duracaq birinə ehtiyacı olacaq. Bəs onda necə olacaq?”
Ha çalışdı ki, izah etsin, amma özü ilə bacarmadı, hıçqırığını, qəhərini boğazında boğdu. Umudu da doluxsunmuş görüb boynunu qucaqladı.
–Düz deyirsən, Umud. Ana anadır. Ana – ən müqəddəs varlıqdır.
–Mayor Orduxanov!
Hərbi hissə komandirinin içəri otaqdan gələn səsi onları fikirdən ayırdı. Mayor Orduxanov Umudun boynunu buraxıb komandirin yanına getdi.
–Umudun sənədləri hazırdır. İndi onu yola sala bilərik. Amma maliyyə xidməti rəisi burda olmadığından pul tapa bilməmişik.
–Nə qədər lazımdır?
–Yüz şirvan!
–Baxım görüm, Rasimlə Ərşad getməyiblərsə, deyim kənddən tapsınlar. Sonra maliyyə rəisi gələndə deyərik qaytarar.