–Elədi, Umud. – Mayor qısa cavab verdi.

–Yəni, snayperlə də erməni vurmaq olmaz? – Umud bu dəfə astadan dedi, elə bil komandirinin qulağına nə isə pıçıldayırdı.

–Nədi, Umud, qisas almaq istiyirsən? – İsgəndər bunu eşitcək müdaxilə etdi.

–Umudun qisası çoxdan alınıb! – Mayor Orduxanov Umuda ağzını açmağa imkan vermədi.

Dümağ rəngli “Niva” Daşburun – Beyləqan şossesindən üzü Allahyarlıya tərəf yön alanda onların arxasınca daha bir neçə maşın qoşularaq karvan yaratdı. Bəzədilmiş və hər birində bayraq qaldırılmış maşınları görəndə Umudun ürəyi dağa döndü. Onların arxasınca gələn kolxoz sədri Rasimin xidməti maşını UAZ-ı Kamandar sürürdü. Elşən, Nabil, Mərkəz, Qəşəm və Seyfulla isə öz şəxsi maşınlarını sürərək siqnal verir, bununla da karvanı əzəmətli edirdilər.

Komendant bölüyünün komandiri Valeh siqnal səsini eşitcək qaçaraq nəzarət-buraxılış postuna gəldi. Şlaqbaumu qaldıraraq gələnləri hərbi qaydada salamladı. Postda növbədə duran üç əsgər isə onun sol tərəfində farağat vəziyyətində durdular, karvanı onlar da baxışları ilə müşaiyət etdilər.

Nəhayət, maşın karvanı kəndin girəcəyinə çatıb sola buruldu. Burada yol boyu kənd camaatı və məktəblilər düzülmüşdü. Maşın karvanı aşağı sürətlə onların qabağından keçib kolxozun inzibati binasında yerləşən qərargahın qarşısına gəldi. Burada onları musiqi sədaları altında qarşılayırdılar.

–Umud, bax, gör səni kimlər qarşılayır! Briqada komandiri polkovnik Cahangir Əliyev, kolxoz sədri Rasim, kənd icra nümayəndəsi Ərşad, qərargah rəisi, müavinlər, xidmət rəisləri. Görürsən də, böyüklər, vəzifəli şəxslər sənin pişvazına çıxıb.

Onlara yaxınlaşanda mayor Orduxanov maşını saxlayıb yerə düşdü. Geyimini sahmanlayıb komandirə yaxınlaşdı və hərbi salam verib məruzə elədi.

Umud maşında oturub həyəcandan bilmirdi neyləsin! Onu az qala qəhrəman kimi qarşılayırdılar, bəlkə elə, doğrudan da qəhrəman ulduzu veriblər. İndi Umud bunun fərqində deyildi. Qərargahın qabağında toplaşan mülki adamların arasında yaxınlarını, doğmalarını axtarırdı. O, çox göz gəzdirsə də heç kimi görmədi. “Görəsən, bizimkilərə niyə xəbər eləməyiblər?” deyə düşündü.

Hərbi hissə komandirinin müşavirə otağında ziyafət süfrəsi təşkil olunmuşdu. Umudu komendant bölüyünün iki cüssəli əsgəri maşından götürüb içəri apardılar. Yuxarı başa keçirib masanın baş tərəfində, komandirin stulunun yanındakı stulda əyləşdirdilər. Ziyafət çox gözəl keçdi, yedilər, içdilər, ölənləri yad elədilər, qalanların da şərəfinə xoş sözlər deyib, sağlığına badə qaldırdılar. Atəşkəsdən sonra ilk dəfəydi ki, komandir bu qədər döyüşçü-zabit heyətini süfrə ətrafına toplamışdı.

Umud ziyafəti onunla vida mərasimi kimi zənn etdiyindən azca məyus da oldu. Ziyafətdən dərhal sonra komandir kapitan Hüseynova Umudun sənədlərini hazırlamaq tapşırığını verdi. Umud bu uzundraz kapitanı tanıyırdı, adı Zakir idi, özü də səfərbərlik-təşkilatçılıq işlərinə baxırdı. Onlar Ağdam cəbhəsindən Haramı cəbhəsinə döyüşə gələndə də kapitan Zakir Hüseynov qarşılamışdı, məlumatlarını iş dəftərinə qeyd eləmişdi.

Zabitlər, xüsusən də tanıdıqları bir-bir Umuda yaxınlaşır, görüşür, hal-əhval tuturdular. Darıxmasın, özünü yad hiss eləməsin deyə köhnə döyüşçü ilə şirin-şirin söhbətlər edirdilər. Yusif həkim də onların arasındaydı. Çiynində dörd parlaq ulduz olan Yusif həkim əslən Neftçala rayonundan idi, Umudla xeyli vaxt vardı ki, bir-birlərini tanıyırdılar. Demək olar ki, həmyerli kimi də isinişmiş, dostlaşmışdılar.

–Yusif həkim, indi hardasınız? – Umud maraqlandı.

–Xəbərin olsun, mənim vəzifəmi böyüdüblər. Birləşmə hospitalının rəisiyəm, bir ay olar ki, işə başlamışam. Sənin gələcəyin xəbərini eşidib çox sevindim. Gəldim görüşməyə.