Qonşunu yola salan Mədinə illər öncə onun olan pəncərə önündəki çarpayısına yaxınlaşdı. Heç nə dəyişməmişdi. Həmin köhnə, bir yanı əyilmiş çarpayıya üzüüstə sərildi. Bu çarpayını çox sevərdi. Hər gecə yuxusunda ərik bağını görürdü. Bəlkə də, yuxu deyil, xəyal idi: ağaclar çiçək açardı, o isə Vasiflə əl-ələ ağacların arası ilə məktəbə gedərdi… Məktəbdə isə Vasiflə Amaliyanın bir-birinə uzaqdan təbəssümü onun ərik çiçəyi rəngindəki bütün xəyallarını alt-üst edirdi.

Ertəsi gün Mədinə ayaqlarını sürüyə-sürüyə bir vaxtlar ərik bağının olduğu tərəfə yollandı. Qonşunun dediklərinə rəğmən əmindi ki, gedib bağı yerində görəcək. Bağdan isə əsər-əlamət yox idi, yalnız fərdi yaşayış evləri və inzibati binalar. Mədinənin gözü o bağdan qalmış heç olmasa tək bir ərik ağacı axtardı. Yeni çəkilmiş yolun o biri tərəfində balaca bir ağac gözünə dəydi. Sağa-sola şütüyən maşınların arasından yolu keçməyə çalışırdı. Məhv olmuş bağın son işartısından soruşacağı çox şey vardı.

Prokurorun xidməti maşını ana yola çıxanda yol keçən qadını görən sürücü əyləci basıb maşını durdurdu. Özünü itirmiş qadın yerə uzandı. Prokuror maşından düşüb sürücüsünə “-Tez ol, dikəlt onu” dedi. Gənc sürücü Mədinənin qolundan tutub ayağa qaldırdı: “Xala, əzilməmisən ki?”

Uzun müddət alkoqol istifadəçisi olan Mədinə sürücüyə cavab vermədən dumanlı gözlərini prokurorun üzünə dikdi, bir neçə an səssizcə baxıb yenə bir söz demədən çevrilib getdi. Prokuror bu boz-bulanıq gözləri nə vaxtsa görmüşdü, amma yada sala bilmirdi. Bir xeyli aşa-aşa gedən qadının arxasınca baxıb maşına əyləşdi: “Gedək”.

Prokuror həyatındakı bütün boz xatirələr kimi bu gözlərin sahibini də həmişəlik unutmuşdu. Amma rayon prokurorunun ərik ağacının çiçəklərindən boylanan dumduru gözlərinin Vasifə aid olduğunu Mədinə dərhal anlamışdı…


Həvva


Sevib sevilənlər Allahın da sevdikləridir…


İllərin yaddaşı hopmuş, daşları artıq qaralmış, köhnə qotik binanın fasadını xatırlatsa da, məscidlərin minarələri hələ sökülməmiş məhəllələrdə, göydələnlərin arasından şəhər uca və əzəmətli görünürdü. Özündə hər əsrdən bir nişanə daşıyan bu qədim şəhərə ilk gündən bu yana yeganə şahidlik edən isə mavi dənizdi…

Dənizkənarı bulvar boyunca uzanan ikitərəfli yolun sağı və soluyla şütüyən, əsasən tünd-qara, ara-sıra ağ, qırmızı, yaşıl, bənövşəyi avtomobillər hətta işıqforda da vurnuxur, siqnal verir, digərlərindən daha tez mənzil başına yetişməyə can atırdılar. Bircə o heç yana tələsmirdi. Arxadan gələn avtomobillər sıxmasaydılar, daha yavaş hərəkət edərdi…

Nədənsə, ürəyi sıxılırdı, hər şeyə yad hiss edirdi özünü. Sanki bu bahalı "Mersedes" də onun deyildi, restoranda başqasının pul verib sifariş etdiyi musiqiyə oynayırmış kimi sürürdü maşını. Ürəyini ona vermiş o dünya gözəlinə sahiblənə bilmədisə, indi sahib olduqlarının nə anlamı vardı? İllər keçsə də, bir gün də olsun unuda bilmədiyi o sevgisini xatırlayanda həmişə bu hissləri keçirirdi… Hər dəfəsində də ürəyi sancırdı.

Bütün şəhəri beş barmağı kimi tanısa da, bircə o məhəlləyə tərəf bir dəfə də olsun getməmişdi. Bu gün ürəyi daha şiddətlə ağrıyırdı. Yolu sola burulub köhnə məhəllələrinə doğru nə vaxt istiqamət götürdüyünü özü də anlamadı… Evi satıb məhəllədən köçdüklərindən sonra qız onu çox gözlədi. O da bir gün gəlib qıza elçi düşəcəyi günə çatmaq üçün çox çalışdı. Amma gecikdi. Qız ərə getdikdən sonra o məhəllənin yolunu tamamən unutmağa çalışdı. Unuda bildimi?..

Gör bir neçə ildir o məhəlləyə getmir. Köhnə qonşulardan olan tay-tuşlarının bir-ikisi ilə telefon əlaqəsi saxlayır. Əsasən də o çoxbilmiş dostu ilə. Sonuncu dəfə telefonda ona demişdi ki, məhəlləni söküb, yerində göydələnlər tikiblər. Gör bir nə qədər zaman keçib! İndi heç olmasa, uzaqdan da olsa, o məhəlləni, göydələnləri görmək istəyirdi…