Müslüm bu barədə öz xatirələrində yazırdı: “ Atamın doğma qardaşı Cəmaləddin Maqomayev və həyat yoldaşı Mariya xala mənim üçün həqiqi valideyin oldular”.
Müslüm onlar haqqında daima yaxşı danışardı, yeri gəldikcə onların zəhmətini, qayğısını dilə gətirərək yüksək dəyərləndirərdi. “Mənim unudulmaz Mariya Ivanovnam! Heç bir güzəştə yol verməyən, mətin, cəsarətli, dayanaqlı xasiyyətə və diplomatik fərasətə malik olan Mura xalam. O, çox yaxşı bilirdi ki, həyatda nəyi etmək olar, nəyi yox. Həddən çox kitab oxuyan bu qadın bizim ailə mədəniyyətinin məşəli hesab olunurdu! Əgər o, özünün sevimli kitabını oxumurdusa, onda mütləq radioya qulaq asırdı. Həmin vaxt bizim evdə o zaman üçün az təsadüf olunan “Mir” adlı güclü radioqəbuledici var idi”.
Cəmaləddin qardaşı oğluna qarşı nə qədər incə, mehriban, istiqanlı olsa da, bir o qədər ciddi, tələbkar təsiri bağışlayırdı. Çünki Müslümün gələcəyi, həyatda qazanacağı hər hansı bir uğur və tutacağı mövqe bir başa onun verəcəyi təlim-tərbiyədən asılı idi. O, atasının adını daşıyan qardaşı oğlu Müslümün timsalında gələcəyin yeni bəstəkarını, yeni dirijorunu, yeni pianoçusunu, musiqiçisini görürdü. Məhz, bu nöqteyi-nəzərdən Cəmaləddinin qəlbində iki dünya: incə-mehribanlıq və ciddi-tələbkarlıq yer alırdı.
Cəmaləddin ixtisasca mühəndis olduğu üçün dəqiq elmlərə daha çöx meyilli və bağlı idi. Lakin bütün bunlarla yanaşı musiqiyə, incəsənətə bağlılıq maqomayevlər ailəsində prioritet yer tuturdu, ola bilsin bu, kökdən, nəsildən gəlirdi. O, xüsusi musiqi təhsili almasa da atasından yadigar qalan royalda kifayət qədər yaxşı ifa etməyi bacarırdı.
Biz bunlarla Müslümün xatirələr dəftərini vərəqləyərkən tanış oluruq. O, yazırdı: “Əmim royalın səsi bərk çıxsın deyə pedalı sıxmağı çox xoşlayırdı. Amma mənə sakit və hissiyyat ilə ifa etməyi məsləhət görürdü”.
Bu, maqomayevlər nəsilinə mənsub olan bir xüsusiyyət idi. Ailənin hər bir üzvü, hər hansısa bir musiqi alətində mütləq ifa etməyi və ya mahnı oxumağı, həmçinin, rəqs etməyi, rəsm çəkməyi, ümumiyyətlə, incəsənətin müəyyən bir sahəsini təhsil almadan kifayət qədər yaxşı öyrənməyi xoşlayırdı. Mən bunları maqomayevlər ailəsinin üzvüləri ilə qiyabi tanış olarkən görürəm. Bu, baxımdan Cəmaləddin istisna təşkil etmirdi. O, həmçinin, gözəl rəsmlər çəkmək qabiliyyətinə malik idi. Bunu dilə gətirən Muslum yazırdı:
“Sən demə əmim rəsm çəkməyi bacarırmış, ancaq mən heç vaxt bunu görməmişdim. Yadıma gəlir ki, bir dəfə masanın arxasında əyləşib Raxmaninovun portretini meydana gətirmək istəyirdim. Birdən əsəbiləşdim, çünki portret alınmırdı, az qaldı ki, onu cırım. Birdən qapı açıldı və əmim içəri daxil oldu. O, qonsu otaqda işləyirdi. Otağımda olan sakitlik onu maraqlandırır və o, bu məqsədlə mənim otağıma daxil olur və həmən deyir:
–Nə əziyyət çəkirsən? Qələmi gotur. Bax, sənin Raxmaninovunun gozləri lazım olan istiqamətə baxmır.
Biz birlikdə qənaətbəxış qədər işlədik. Əmimdə, o cümlədən bizim ailədə ümumi bir tələb, hökm var idi: onların hamısı babam, atam və əmim Camal üçün şərəf, heysiyyat, vicdan hər şeydən üstün idi və onlar bunu çox dəyərləndirirdilər”.
Müslüm və əmisi Cəmaləddin bütün həyatı boyu bir-birinə çox sıx tellərlə bağlı olmuşdular. Ancaq onların da həyatında, qəmli və kədərli anlar kifayət qədər yaşanmışdı.
“Uşaq olarkən biz heç vaxt qocalıq və yaxud ölüm haqqında düşünmürük. Elə bilirik ki, həyat mütəmadi olaraq öz axarı ilə yalnız bu cür gedəcəkdi. Bununla da biz özümüzü aldatmış oluruq. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu həqiqətən belədi. Biz o vaxt ayılırıq ki, müəyyən yaş həddinə çatmışıq və hər şeyi anlamağa başlayırıq. Ancaq həmin zaman artıq gec olur, biz yalnız “gedən qatar”ın son vaqonunu görürük”, -deyərək, -Müslüm fikirini tamamlayır.