Köçəndə durnalar, ələyəndə qar,
Ocağı yaxdınmı, atam balası?
Ümidlər kəsilməz xeyir xəbərdən,
Allahım qorusun xatadan, şərdən…
Hənirti səsinə diksinib hərdən,
Doqqaza çıxdınmı, atam balası?
Kövrək zamanındı, üzməsin həsrət,
Canına, başına çox elə diqqət.
Ayrılıq özü də hikmətdi, hikmət,
Qafana taxdınmı, atam balası?
Qəzalar adlatdıq haqda, nahaqda.
Düşünmək vaxtımı indi o haqda?..
Vahid çox yaşadı səndən uzaqda,
Qayıtmaq vaxtınmı, atam balası?
22.09.2018
Oldular
Qartallar qalmadı zirvədə daha,
Kiçilib, kiçilib sərçə oldular.
Ceyranlar otlamır dərədə daha,
Qoyuna döndülər, keçi oldular.
Günlər aya döndü, ay ilə döndü,
Bu böyda məmləkət qafilə döndü…
Yamacda çiçəklər xəzələ döndü,
Ərənlər naxırçı, cütçü oldular.
Qəsdinə durmuşuq yurdun, vətənin,
Alırıq hasara çölün, çəmənin…
Vahid, yada salma, artacaq qəmin,
Köhnə zurnaçılar falçı oldular!
25.09.2018
Ay şaİr…
Sakit Məmmədova həsr olunur
Sakit, gileylənmə, söz tükənəndə,
Qələmdən, kağızdan ayrıl bir az da.
Əl atıb bir işin qulpundan yapış,
Su ver bir ağaca, bir çala qaz da…
Şikayət eyləmə, ömür boş gedir,
Boş gedən bir ömür kimə xoş gedir?
Yaşa çox güvənmə, ağıl, huş gedir,
Bir ola bilərmi qış ilə yaz da?..
Göylərdə çox uçdu şair xəyalın,
Gör, yerdə olanın necədi halı?
Dolan asta – asta elı, mahalı,
Qoy görsün boyunu oğul da, qız da.
Şair bu dünyanın can yanğısıdı,
Ən şirin, ən dadlı yalançısıdı…
Hər söz sağlamlığın talançısıdı,
Ürək də alışar, dil də, ağız da.
Sakit, su qayıdar gəldiyi arxa,
Axar həzin – həzin tökülər çarxa…
Vahid də söz yazmaz ta qorxa, qorxa,
Oxuyan tapılar, qalmaz kağızda…
25.09.2018
Əhməd Üştübünlüyə namə
Dedim, gəlim görüşünə keçən yay,
Vaxt uzandı payızacan, ay Əhməd.
Duman sardı Üştübünün yolların,
Çəkilərmi bu yazacan, ay Əhməd?
Durnalardan söz yolladım, aldınmı?
Alıb da, heç məni yada saldınmı?
Düzünü de, kövrəldinmi, doldunmu?
Oxuyunca ta sonacan, ay Əhməd.
Üştübünə vurulubdur gözlərim,
Bir gəzəydim o dağları, düzləri…
Şair babam Nəbatinin izləri,
Qalar axır zamanacan, ay Əhməd.
Çəmənli də, Üştübün də Vətəndi,
Əlim çatan, ünüm yetən Vətəndi.
Bir ürəkdi, bir candı, bir bədəndi,
O tayından bu tayacan, ay Əhməd!
İtirmişəm illərimin sayını…
Nola Vahid, keçəm Araz çayını,
Görəm sənin dağ vüqarlı boyunu.
Həmdəm ola canıma can, ay Əhməd!
Bakı.
03.10..2018
Köz üstündəyəm
Müəllim ömrümü başa vurmuşam,
Aşığ ömrü axır, saz üstündəyəm.
Heç kəsdən minnətim yoxdu hələlik
Şükür Allaha ki, öz üstümdəyəm.
Aşıq Haşım Qubalı
Başıma dünyanın dərdini yığdım,
Axır yıxdı məni, üz üstündəyiəm.
Yalvara-yalvara qalmışam Haqqa,
Axşamdan səhərə diz üstündəyəm.
Qafiləm, dünyanın oyunlarından,
Bir haray ummuram qoyunlarından…
Günahı asılıb boyunlarından,
Baxıram, yanıram köz üstündəyəm.
Ərz etdim halımı o Əhli – hala,
Bəlkə barmağımı batıra bala…
O da saldı məni yüz qeylü – qala,
Məcnun tək sərgərdan, düz üstündəyəm.
Bahardan xəzana keçdi altı ay,
Yaz nə vaxt tükəndi, nə vaxt ötdü yay?
Fələk deyir mənə saydığını say,
Nə qədər sayıram yüz üstündəyəm.
Ay Vahid, bu qədər sızladın, bəsdi.
Görmürsən, vaxt- vədə qapını kəsdi?
Xəzan küləkləri içimə əsdi,
Büzüşdüm, elə bil buz üstündəyəm!
05.10..2018
Aşıq Haşım Qubalıya
Yenə axşam düşür qoca dağlara,
Günəşdən əlimi üzürəm, aşıq.
Amma ümidim var gələn sabaha,
Zülmətdə nurunu sezirəm, aşıq!
Açılmır nə sazın, nə sözün baxtı,
İndi müğənnilər zəbt edib taxtı…
Sözlərin nur kimi qəlbimə axdı,
Elə bil, göylərdə süzürəm, aşıq.
Sən haqqı nahaqqa verməzsən heç vaxt,
Sənətin yolunda gedirsən sərvaxt.
Yollara çıxmazsan vaxtsız, baxtabaxt,
Mən səni şam ilə gəzirəm, aşıq.
Hünərdi əldə saz girmək meydana,
Qoşma, təcnis demək mərdi – mərdana…
Sənin tək aşığı doğmaz hər ana,
Demə, yoruluram, bezirəm, aşıq.