Hər dəfə iki günlük ayrılıqdan sonra anasını görəndə Aynur sevincindən quş olub uçmaq istəyərdi. Evə gələndə özünü böyük kimi aparar, anasının əlindəki çantanı apanb yerinə qoyar, ayağına keçirmək üçün məs verər, onun hər kiçik tapşırığını böyük həvəslə yerinə yetirərdi. Anasının səsini eşitmək, yanında olmaq onun üçün böyük səadət idi. Dilarə ev-eşiyi səliqəyə salandan, yemək hazırlayandan sonra qızını gəzməyə aparmaq istəyərdi:
– Aynur, bağa gedək?
– Yox, ana, istəmirəm.
– Səni yelləncəyə mindirəcəyəm.
İstəmirəm.
– Dondurma alsam gedərsən?
Uşağin gözünə nə dondurma, nə də başqa şeylər görünərdi. O:
– Mən səninlə evdə qalmaq istəyirəm, ana, – deyə cavab verərdi. Lakin Dilarə çox vaxt qızının bu istəyinin mənasına varmadan dodağı altında deyinərdi:
– Bu uşaq bilmirəm kimə oxşayıb. Xalxın uşaqlarını həyət-bacadan yığmaq olmur. Bizimkini də evdən bayıra çıxarmaq mümkün deyil.
Dilarənin bəzən qızına yazığı gələrdi. O, qəribə, başqalarına bənzəməyən uşaq idi. Onun bir oyuncağını sındırdığı, bir kitabını cırdığı və ya paltarını batırdığı Dilarənin yadına düşmürdü. Döşəmədə kiçik bir kağız parçası görsəydi, tez onu yerdən qaldınb zibil qabına atardı. Dilarə qızını az-az hallarda əzizləyərdi. Buna görə də Aynur onun hər kiçik nəvazişinə, hər ilıq təbəssümünə sevinər, hər xoş sözündən ürəyinə bir hərarət axardı. Anası ona “can” deyəndə sevinc içərisində soruşardı:
– Sən mənə “can” dedin?
– Hə, Aynur.
– Çox sağ ol, ana.
Dilarə onun bu qəribə iltifatına həmişə gülərdi.
… – Aynur, daha ağlamırsan ki? – Həcər xala qapıda göründü. Aynur ona cavab vermədi.
– Di dur, bəsdir mısmırığını salladın. Gəl çörəyimizi yeyək., – Həcər xala onun əlindən tutub yemək otağına apardı.
* * *
Dilarə gecəni çox narahat yatmışdı. Üzünün rəngi solğun görünürdü. Gözlərinin altı qaralmışdı. Səhərdən eyni açılmırdı. Çünki bu gün ayın on üçü, nəhs gün idi. Dilarə ayın on üçünü həmişə qorxa-qorxa gözləyərdi. O gün mütləq nə isə xoşagəlməz bir hadisə baş verməli, qanı qaralmalı idi. Uzun illər idi ki, bunu sınaqdan keçirirdi.
– Qızım, rəis yerindədir? – deyə içəri girən yaşlı bir qadın soruşdu.
– Xeyr.
– Bilmirsən hardadır?
– Bilmirəm.
– Bu gün gələcəkmi?
Dilarənin hövsələsi daraldı:
– Mən nə bilim gələcək, ya gəlməyəcək. Bəyəm rəis mənə hesabat verir?
– Hesabat vermirsə, səni niyə bıırda oturdub? – deyə qadın deyinə-deyinə otaqdan çıxdı.
“Bəli də, başlandı.” – Dilarə dilxor halda makinasını tıqqıldatmağa başladı. – “Qudurasan, qurbağa, gəldi bizi vurmağa”, – ürəyində arvadın dalınca söyləndi.
Bir azdan ortayaşlı bir kişi içəri girib birbaşa rəisin kabinetinə tərəf getdi.
– Ay yoldaş, hara? – deyə Dilarə soruşdu.
– Rəisin yanma.
– Bəs soruşmazlarmı ki, rəis burdadır, ya yox?
– Qəbul vaxtı işdə olmayıb, harda olacaq?
– Deyirsiz yəni bütün günü kabinetindən çıxmamalıdır? – deyə Dilarə hirsləndi.
– Əvvəl dövlət işi, sonra şəxsi işlər.
Xeyli çənə-boğazdan sonra kişi narazı halda çıxıb getdi. Heç beş dəqiqə keçmədi ki, ucaboy bir oğlan içəri girdi:
– Qəşəng qız, salam.
– Əleykəssalam.
– Rəisin yanında adam var?
– Rəis yoxdur.
– Hardadır?
– Bilmirəm.
– Qanınız niyə qaradır?
– Onun sizə dəxli yoxdur.
– Heyf bu gözəllikdən ki, belə acıdil qıza verilib, – deyə oğlan təəssüfləndi.
Dilarə onun sözlərindən tutuldu. “Doğrudan da, mənə nə olub? Adamlarla niyə belə kobud danışıram? önlann nə təqsiri var?” – deyə öz-özünə düşündü.
Oğlan otaqdan çıxan kimi Dilarə stolunun yeşiyindən balaca güzgüsünü çıxarıb saçını daradı, ətirləndi, üzünə mehriban ifadə verdi. Bu görkəmindən məmnun qaldı.
– Namiq Dadaşoviçin katibəsisinsiz? – Üzündən şitlik yağan bir oğlan salamsız-kəlamsız ona yaxınlaşdı.