O, bunlan birnəfəsə dedi. Zəri fənin təəccüb qarışıq diqqətlə onu dinlədiyini görəndə cürətlənib sözünə davam etdi:

– Bilirsən bazar günlərindən necə acığım gəlir? Bütün günü bazar ertəsini səbrsizliklə gözləyirəm. Elə hey səni düşünürəm. Fikirləşirəm ki, səhər açılacaq, sən indicə qapını açıb içəri girəcəksən, ordan-burdan söhbət edəcəksən. Mən isə sakitcə sənə qulaq asacağam, eləcə heyranlıqla səsindəki musiqini dinləyəcəyəm. Sən hərdən inciyib deyəcəksən: “Fikrin hardadır, axı söz danışıram”. Mən isə “Danış, qulaq asıram”, – deyəcəyəm. “Xeyr, daha danışan deyiləm”, – deyib acıqla otaqdan çıxacaqsan, səninlə iki-üç kəlmə artıq danışa bilmədiyim üçün özümə acığım tutacaq. Bilirsənmi, Zərif, səni hamıya, hətta xəstələrinə də qısqanıram. Hərdən onlardan birinin yerində olmağı elə arzulayıram…

Aydın bunlan birnəfəsə, sözünün kəsiləcəyindən qorxa- qorxa dedi. Elə bil Zəri fənin ona qulaq asmayacağından, dediklərini ciddi qəbul etməyəcəyindən ehtiyat edirdi.

Zərifə onun xətrinə dəyməmək üçün nəzakətlə dedi:

– Danışma, Aydın, bizə belə sözlər danışmaq yaraşmaz. Nə uşağıq, nə də cavan. İkimiz də ailəli, yaşlı adamlarıq. Hisslərlə oynayan vaxtımız deyil.

Ancaq Aydın onu eşitmirdi. O, öz aləmində idi.

– Rəşid xoşbəxt adamdır. Sənin kimi qadınla ömür sürmək doğrudan da xoşbəxtlikdir. Mən ona həmişə həsəd aparmışam.

Zərifə Aydının sarışın qıvrım saçlarına, dümdüz burnuna, yaşıla çalan iri gözlərinə diqqətlə baxır, düşünürdü ki, bu adam ona necə də doğmadır, bütün doğmalarından, əzizlərindən daha yaxındır. Onun təlatümlü ürəyindən, orada fırtına qoparan hisslərindən, coşub-daşan duyğularından Aydın qədər heç kəs xəbərdar ola bilməz. Yadına tələbəlik illəri düşdü. Ondan bir neçə kurs yuxarı oxuyan Aydının məhəbbətindən fakültədə hamının, elə Zərifənin özünün də xəbəri olsa da, o, cəsarət tapıb bu barədə Zərifəyə bircə kəlmə də deməmişdi. Onu hər yerdə addımbaaddım izləyən Aydının yaxınlaşıb ona söz deməyə, ürəyini açmağa iqtidarı çatmadı. Zərifə nişanlanandan sonra bir daha onu görmədi. İnstitutu bitirən Zərifə beş il heç yerdə işləmədi. Əvvəl münasib iş tapa bilmədi, sonra isə ailəyə, uşaqlara başı qarışdı.

O, yalnız beş ildən sonra, uşaqlarını bağçaya qoyub, ürəkdən sevdiyi həkimlik peşəsinə qovuşmaq üçün səylərə başladı. Nəhayət, axtarışları nəticə verdi. Zərifə heç özünün də gözləmədiyi halda şəhər mərkəzi klinikasına terapevt vəzifəsinə işə düzəldi.

Uzun illərdən bəri həsrətində olduğu ilk iş günü, sən demə, ona sürprizini hazırlayıbmış. Baş həkim ona işləyəcəyi şöbəni göstərəndən sonra şöbə müdirini təqdim edib:

– Tanış ol, bu Aydın Ömərovdur, – deyəndə Zərifə heyrətindən yerindəcə donub qaldı. Aydın isə özünü itirib əlindəki fincanı yerə saldı, fincan qırıq-qırıq oldu. Onların lal-dinməz dayanıb bir-birlərini süzdüyünü görən baş həkim qəribə tərzdə soruşdu:

– Siz tanışsınız?

Aydın tez özünü ələ alıb sevinclə:

– Biz tələbə yoldaşıyıq, – dedi.

Baş həkim Zərifəyə işində uğurlar arzulayıb gedəndən sonra Aydın bir xeyli vaxt danışmağa söz tapmadı. Nəhayət, aralarındakı buzlu sükutu əritmək istədi. Amma demək istədiklərinin əvəzinə dilindən tamam ayn sözlər çıxdı:

– Mən səni unutmamışam, Zərif.

Bu sözlə o, ürəyindəkilərin hamısını açıb dedi. Bunu gözləməyən Zərif, özünü itirib nə deyəcəyini bilmədi. Nəhayət, dilləndi:

– Mən ərdəyəm, Aydın, iki oğlum var.

– Bilirəm.

– Sən necə, evlənmisənmi?

– Bir oğlum, bir qızım var.

– Çox şadam.

Aydın ona uzun, nüfüzedici nəzərlərlə baxdı. Elə baxdı ki, Zərifənin bədənindən üşütmə keçdi. Sonra Aydın kədərlə soruşdu:

– Xoşbəxtsənmi, Zərif?