– Gəlmisiniz? Xanım indicə sizi soruşurdu. Gözləyin, indi sizi qəbul edəcək.
Talihənin boğazının içində nə isə bir şey üst-üstə qalanırdı. O, hisslərini büruzə verməmək üçün bir neçə dəfə öskürdü, sonra keçib kresloda əyləşdi.
Bura əslində evdən çox qəsrə bənzəyirdi – soyuq, gözəl qəsrə. İki metr hündürlüyündə hasarın o tərəfində Talihənin adət etdiyi, özünün də iştirakçısı olduğu həyat dövr edirdi. Bu tərəfində isə onun indiyə kimi təsəvvürünə belə gətirə bilmədiyi, ağlına yerləşdirməkdə çətinlik çəkdiyi yeni, fərqli bir dünya var idi. İndi onu qəbul edəcək xanım bir vaxtlar redaksiyada korrektor işləmiş, kobudluğuna və işin öhdəsindən gələ bilmədiyinə görə uzaqlaşdırılmış Simuzər idi. Onun əri, orta təhsilli Akifin Bakıda bir neçə ticarət köşkü var idi.
“Mənə nə?”– deyə qəmli fikirləri özündən uzaqlaşdırmağa çalışdı. Qonşu binada yaşayan kimsəsiz qoca professor nəvəsi yaşda kommersantın maşınını yumurdu?” Metronun qabağında dilənən, iki il əvvəl dünyasını dəyişmiş başqa bir professor yadına düşdü. Müəllim tanış- laının neçəsi xaricilərin evlərində qulluqçu işləmirmi? Dünən qəzetdən həyəcanlı sətirlər oxumuşdu: “yaşlı bir qadın küçədə yol getdiyi yerdə birdən yıxılıb. Təcili yardım özünü çatdırana kimi o, keçinmişdi. Tibb ekspertinin rəyinə görə son bir həftədə qadının dilinə yemək dəymə-yibmiş.”
Talihə Simuzərin beş yaşlı oğluna həm dayəlik etməli, həm də ona rus dilini öyrətməli idi. İş vaxtı səhər saat 9-dan axşam saat 5-ə kimi olmalı idi.
Beş dəqiqə ona bir saat qədər uzun göründü. Nəhayət, içəri otağın qapısı açıldı və Simuzər xanım oğlu ilə zala daxil oldu.
Axşam Talihə özünü illər yorğunu kimi hiss edirdi. Saatın əqrəbləri saat 5-in üstündə dayananda evdəkilərlə sağollaşıb qapıdan çıxmaq istəyirdi ki, Simuzər xanım əlindəki içi zibillə dolu iki kağız torbanı ona uzadıb dedi:
– Bunu küçədə zibil qabına atarsan!
Bu hökm dolu tələb Talihəni sarsıtdı. Kim bilir, bu qara xanım ondan həlimcəsinə xahiş etsəydi, bəlkə də inciməzdi. Amma o, əmr edirdi, gösrəriş verirdi. Yəni ki, hünərin var, atma! Səni işə mən götürmüşəm, istəsəm qaravaş kimi işlədəcəyəm!
Talihəyə elə gəldi ki, indicə aldığı gözlənilməz zərbə boyunu balacalaşdırdı, səsini aldı, onu yazıq görkəmə saldı. Elə bil bu, o deyildi, başqa Talihə idi. Öz görkəmi, duruşu, yerişi, danışığı özünə miskin göründü.
Torbalan götürüb qapıdan çıxdı. Onları küçənin başındakı zibilliyə tullayıb ağır addımlarla, yorğun halda avtobus dayanacağına sarı getdi. İlk dəfə hiss elədi ki, yaşlaşıb.
Səkinin o üzündə dayanıb arvadının – neçə-neçə kitabın müəllifinin özgə evinin zibilini neçə atdığına tamaşa edən Taleh sinəsini dəlib çıxan hönkürtünü başqaları eşitməsin deyə yaxınlıqdakı bağa tələsdi. Adamsız, sakit bir güşədə oturub əlləri ilə başını tutdu. Onun vüqarlı Talihəsi bu gün elə yazıq, elə köməksiz, elə aciz, elə müti, elə miskin idi! Taleh dünyada hər şeyini qurban verməyə razı idi, təki bayaqkı anlar həqiqət olmasın, təki onlar yuxu olsun.
* * *
Üç aya yaxın idi ki, Taleh evə gec gəlirdi. Üç ay idi ki, onun eyni açılmırdı. Hər gün qaranlıq düşəndə evə dönür, adəti üzdə divanda yerini rahlayıb televizora tamaşa edirdi. Heç kəsdən heç nə xahiş etmir, qabağına yemək qoyulanda yeyir, elə oradaca yuxuya gedirdi.
Onun bu qəribə həyat tərzi Talihəni əsəbiləşdirirdi. O, zahirdə özünü təmkinli, səbrli, sakit aparsa da, daxilində qəzəbdən coşub-daşırdı. “Harada idin?” sualına Taleh həmişə eyni cavabı verirdi: “İşdə”. Eyni sual və eyni cavab demək olar ki, hər gün təkrar olunurdu. Talihə içinə yığılmış hikkəni güclə udur, təmkinini pozmamağa, qızlarının yanında artıq sözə, hərəkətə yol verməməyə çalışırdı. Taleh isə arvadının bu halına qətiyyən məhəl qoymurdu. Əslində Talihəni təbdən çıxaran da ərinin bu biganəliyi idi.